Novruz Məmmədov: “ABŞ azərbaycanlı qaçqınların hüquqlarının pozulması məsələsində niyə susur?”
Fuad Qəhrəmanlı: «Azərbaycan qaçqınların problemindən bir şantaj vasitəsi kimi istifadə edir»
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycanla bağlı tənqidi bəyanatını özünəxas şəkildə cavablandırıb. R.Məmmədov hakimiyyətin bir qayda olaraq gətirdiyi arqumentləri yenidən təkrarlayıb:
«İnsan haqları mövzusunda diskussiyalar, heç şübhəsiz, müasir aləmdə çox böyük əhəmiyyət kəsb edir və bu hüquqları müdafiə etməyə çalışmaq tamamilə normal haldır. Lakin məgər insan haqları öz əhəmiyyətinə görə müxtəlif kateqoriyalara bölünürmü?.
Əgər bu, Birləşmiş Ştatlar üçün həqiqətən vacib məsələdirsə, onda elə həmin Dövlət Departamentinin erməni tərəfin qanunazidd silahlı təcavüzü nəticəsində doğma torpaqlarından qovulmuş 1 milyon azərbaycanlı qaçqının və məcburi köçkünün hüquqlarının pozulması məsələsində susmasını nə ilə izah etmək olar?
Yəqin ki, dövlət katibi üçün bu çıxışı hazırlamış şəxslər Zimbabve ilə yanaşı Azərbaycan haqqında danışanda ingilis əlifbasının məntiqinə əsaslanmışlar. Lakin ya onlar bu əlifbanı pis öyrənmişlər, ya da biz ABŞ-ın xarici siyasətində yenə ikili standartların təzahürü ilə üzləşirik. İndiki halda bütün arqumentlər göz qabağındadır. Belə təəssürat yaranır ki, Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var”.
AXCP sədrinin müavni Fuad Qəhrəmanlının fikrincə, əslində Novruz Məmmədovun açıqlaması və Klintona bu “arqumentlə” cavab verməsi ironiya doğurur. Uzun illərdir qaçqınlar üçün ayrılan humanitar yardımların, tikinti xərclərinin məhz bu hakimiyyət tərəfindən talandığını deyən F.Qəhrəmanlı qeyd etdi ki, ölkədə qaçqının olması o demək deyil ki, digər hüquqların pozulmasına göz yumulmalıdır: «Azərbaycan insan haqları, demokratiya beynəlxalq təşkilatlar tərəfindən gündəmə gətirilən kimi hakimiyyət qaçqın məsələsini qabardır. Artıq beynəlxalq təşkilatlar da etiraf edirlər ki, Azərbaycan qaçqınların problemindən bir şantaj vasitəsi kimi istifadə edir. Əslində Azərbaycanda qaçqınların bu vəziyyətdə olmasının əsas baiskarı iyirmi il ərzində Qarabağ problemini həll etməyən Azərbaycan hakimiyyətidir. Digər tərəfdən əgər ölkədə korrupsiya tüğyan edirsə, insan haqları kobud şəkildə pozulursa, bu, qaçqınların da hüquqlarının pozulması demək deyilmi?».
Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətlə Azərbaycanı dünyanın ən geridə qalmış ölkələri ilə bir sıraya qoyduğunu deyən Fuad Qəhrəmanlı bildirdi ki, proseslərə keçmiş sovet ritorikası ilə cavab verməyin zamanı çoxdan keçib.
H.Klintonun bəyanatının sıradan bir açıqlama olmadığını düşünən F.Qəhrəmanlı hesab edir ki, bu Azərbaycan iqtidarı ətrafında da halaqının daraldığına işarədir: «Rusiyada, ərəb dünyasında baş verən proseslər mühüm əhəmiyyət kəsb edir. Artıq biz onların təsirini ölkəmizdə də müşahidə edirik. Azərbaycan hakimiyyəti yürütdüyü siyasətlə ölkəni fəlakətə doğru sürükləyir. Sərbəst toplaşmaq azadlığının və digər hüquqların təmin olunmamasına necə bəraət qazandırmaq olar? Hakimiyyətin addımları Azərbaycanı beynəlxalq aləmlə qarşıdurmaya aparır. Bu siyasətin heç bir perspektivi yoxdur».
Hikmət