Türmədəki qanlı olay araşdırılacaq

Eynulla Fətullayev: «Məhkumların valideynləri penitensiar xidmətə müraciət edib, onların yenidən cəzaçəkmə müəssisəsinə qaytarılmasını istəyib»

Elçin Behbudov: «Ola bilsin bu məhkumlar onlardan tələbə olunan pulu verməyib, ona görə «karser»ə salınıblar»

Iki gün əvvəl Qaradağ rayon ərazisində yerləşən 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində baş verən qanlı insidentlə bağlı müxtəlif versiyalar ortaya çıxıb. Xatırladaq ki, rəsmi açıqlamaya görə, dekabrın 8-də saat 19.45-də müəssisədə cəza çəkən və daxili rejim qaydalarını pozan iki məhkum nəzarətçilərə hücum edərək onlara bədən xəsarət yetirib və qaçmağa cəhd edib.
Müəssisə əməkdaşları tərəfindən saxlanılaraq “karser”ə salınan məhkumlardan biri orada intihar edib. Qaçmağa nail olan digər məhkum isə sonradan həbs edilərək geri qaytarılıb. Lakin “Azadlıq”ın dünənki sayında qanlı insidentin pul üstündə baş verdiyinə dair məlumat yer almışdı. Çünki, adətən, məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar müəyyən məbləğ müqabilində cəzalarını evdə çəkirlər. Pul vaxtında çatdırılmayanda məntəqə rəhbərliyi ilə məhbuslar arasında mübahisələr baş verir. Intihar edən şəxsə gəldikdə isə, onun öldürüldüyü barədə məlumatlar da yayılıb. Çünki məhkumların məntəqə tipli cəzaçəkmə müəssisəsindən qaçmasına nadir hallarda rast gəlinir. Üstəlik, nəzərə almaq lazımdır ki, hər iki məhkumun həbs müddəti gələn il başa çatırdı.
Bəs hüquq müdafiçiləri bu müəmmalı olayı araşdıracaqmı?

Baş verənləri araşdıracaqlarını deyən “Insan Haqları Uğrunda” Ictimai Birliyinin rəhbəri Eynulla Fətullayev olayla bağlı müəyyən məlumatları olduğunu bildirdi: “Məndə olan məlumatlara görə, məhkumların valideynləri penitensiar xidmətə müraciət edib, onların yenidən cəzaçəkmə müəssisəsinə qaytarılmasını istəyib. Çünki bu şəxslərdən biri narkomandı. Məhkumları cəzaçəkmə müəssisəsinə qaytarmaq istəyərkən onlar nəzarətçilərə müqavimət göstərib”.
Bununla belə E.Fətullayev araşdırmaları davam etdirəcəklərini də vurğuladı.
Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da baş verənləri araşdıracaqlarını bildirdi. Hüquq müdafiəçisi eyni zamanda məntəqə tipli cəzaçəkmə müəssisələrinin ləğv edilməsinin vacibliyini də qeyd etdi. Çünki bu müəssisələr yalnız pul tələsi rolunu oynayır: “Dəfələrlə həmin məntəqə tipli müəssisədə olmuşam. Oranın mühafizəsi olmur, yalnız nəzarətçilər var. Cəzaçəkmə müəssisəsində özlərini yaxşı aparan nümunəvi məhkumlar ya vaxtından əvvəl azadlığa buraxılır, ya da məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilirlər. Ümumiyyətlə, məntəqə tipli cəzaçəkmə müəssisələri heç nəyə yaramır. Çünki ora pul tələsidi. Bunlar ləğv olunmalıdır. Əgər məhkum özünü nümunəvi aparırsa, o, vaxtından əvvəl azad olunmalıdı”.
Konkret baş verənlərə gəldikdə, hüquq müdafiəçisi ortada pul söhbətinin ola biləcəyini istisna etmədi: “Ola bilsin bu məhkumlar onlardan tələbə olunan pulu verməyib, ona görə ”karser”ə salınıblar. Istənilən halda məsuliyyəti nəzarətçilərdə görürəm. Nəyə görə nəzarətçilər cərimə otağına nəzarət etməyiblər və bu insan özünü asıb. Onların azad olunmalarına 6-7 ay qalmışdı. Onun özünü asmasına nə lüzum var idi? Həbsxanada insan o halda intihar edə bilər ki, ya günahı yoxdu, nahaqdan həbs olunub, ya da mütəmadi olaraq onunla pis rəftar edirlər. Deməli, ortada ciddi problemlər olub”.
Hüquq müdafiəçisi qəzet vasitəsilə mərhum məhkumun ailəsinə də müraciət etdi: “Mərhumun ailəsindən xahiş edirəm, əgər onun meyitinin üzərində hər hansı zorakılıq, qançır izləri olubsa, onlar bizim komitəyə müraciət etsinlər”.

Fizzə