Silahlı erməni Naxçıvanın kəndinə hücum edib

Ov tüfəngi və qumbara ilə silahlanmış düşmən cəbhə xəttində yerləşən Gərməçataq sakininin evinə soxulub

Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi qüvvədə olsa da, demək olar ki, hər gün düşmən ağır və yüngül texnika vasitəsilə cəbhə xəttindəki mövqelərimizi atəşə tutur. Cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrimiz də mütəmadi olaraq, ermənilərin silahlı hücumuna məruz qalır. Bir neçə gün əvvəl Ermənistanla sərhəddə yerləşən, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Gərməçataq kəndinin sakinləri dəhşətli hadisəylə üzləşiblər.
Kənd sakinlərinin “Azadlıq”a verdiyi məlumata görə, dekabrın 8-də ov tüfəngi ilə silahlanmış bir erməni gecə saat 5 radələrində kənddəki evlərdən birinə soxularaq, əlindəki silahı otaqdakı gəlinin başına dirəyib və ondan qızıl-zinət əşyalarını, pul tələb edib. Qorxuya düşən gəlinin qışqırmasından sonra səs-küyə qonşu otaqdakı yaşlı qadın yuxudan oyanaraq, evdəki həyat yoldaşını və oğlunu köməyə çağırıb. Silahlı erməni, qadınların səs-küy saldığını görəndə onları ölümlə hədələyib və sakit durmalarını tələb edib. Qadınların qışqırığına qonşu otaqlarda yatan digər kişilər də oyanıblar. Onlar silahlı erməni ilə əlbəyaxa olaraq, onun əlindən silahını alıblar.
Vəziyyətin çətinləşdiyini görən erməni cibindəki qumbaranı çıxararaq, özünü və evdəkiləri partladacağıyla hədələyib. Qorxuya düşən sakinlər evin pəncərələrindən tullanıb qaçıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb. Silahlı erməni isə evdə bir neçə dəqiqə gözlədikdən sonra ərazidən uzaqlaşaraq, naməlum istiqamətə gedib.
Hadisə barədə dərhal Muxtar Respublikanın təhlükəsizlik qüvvələri məlumatlandırılıb. Ərazidə axtarış tədbirləri keçirilməsinə baxmayaraq, hələ ki, həmin ermənini tapmaq mümkün olmayıb.
Kənd sakinlərinin sözlərinə görə, hadisədən sonra hər kəs qorxu içindədir. Ələ keçməyən erməninin yenidən hansısa evə hücum etməsi, yaxud kiməsə xəsarət yetirməsi istisna olunmadığından insanlar narahatdır.
Dünən istirahət günü olduğundan hadisə ilə əlaqədar müvafiq dövlət strukturlarından münasibət öyrənə bilmədik. Odur ki, mövzuya qayıdacağıq.

Tural