Ali Hərbi Şura yeni konstitusiyaya müdaxilə etmək fikrindən daşındı
Misirdə Hüsnü Mübarək rejiminin devrilməsindən sonra ölkənin müvəqqəti idarəçiliyini ələ alan Ali Hərbi Şuranın Misirin yeni konstitusiyasının hazırlanmasına müdaxilə edəcəyinə dair iddialara cəmiyyətin sərt reaksiyası nəticəsini verib. Hərbi hakimiyyət yeni konstitusiyanın hazırlanmasıyla məşğul olacaq Qurucu Məclis üzvlərinin Ali Hərbi Şura tərəfindən deyil, yeni seçilmiş parlament tərəfindən seçiləcəyini açıqlayıb.
Ötən həftə keçirilən parlament seçkilərinin ilk turunda liberal-islamçı “Müsəlman Qardaşları” partiyasının qalib gəlməsindən sonra yeni konstitusiyanın hazırlanmasına təsir göstərmək məqsədilə planını açıqlayan Ali Hərbi Şura etirazlar qarşısında geri addım ataraq, həmin planından imtina edib. Ali Hərbi Şuranın üzvü, general Memduh Şahin parlamentin konstitusiyanı hazırlayacaq Qurucu Məclis üzvlərini seçəcəyini və onlara görə məsuliyyət daşıyacağını da bildirib.