Əli Nağıyevin partiya yaratmaq istəyinin gizlinləri «Azadlıq»da
YAP-ın qurucusu, Azərbaycanın Belarusdakı sabiq səfiri, hazırda işsiz olan Əli Nağıyevin partiya yaratması barədə məlumatların ardı-arası kəsilmir. Dünən bununla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
Məlumatlarda bildirilir ki, Əli Nağıyevin partiya yaratması hakimiyyətdəki Bakı-Şirvan klanının hazırladığı xüsusi plandır. Bu plan iqtidardakı başqa bir klanı – Naxçıvan klanını parçalamaq məqsədilə həyata keçirilir. Bakı-Şirvan klanı düşünür ki, Əli Nağıyevin vasitəsilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarətində olan YAP-dakı naxçıvanlıları o cümlədən hakim partiyanın “köhnə qvardiyası”nı öz tərəfinə çəkə biləcək.
Məlumatlarda deyilir ki, Bakı-Şirvan klanı təşkilatlanma işində Əli Nağıyevə hər cür dəstək verəcəyini vəd edib. Plana görə onun yaratdığı təşkilat ikinci iqtidar partiyasına çevrilməlidir. Yeri gəlmişkən, Bakı-Şirvan klanı bir dəfə YAP-a alternativ iqtidar partiyası yaratmağa cəhd edib. Lakin Ramiz Mehdiyevin çevikliyi bu plan baş tutmaması ilə nəticələnib.
Məlumatlara görə, yeni iqtidar partiyası ilə bağlı proyektdə paytaxt polisinin keçmiş rəisi Məhərrəm Əliyev də yer alır. Məhərrəm Əliyev rəis vəzifəsindən azad edildikdən sonra Tacikistana səfir edilib. Onun səlahiyyət müddəti bir neçə vaxtdır ki, başa çatıb və hazırda keçmiş rəis də işsizdir.
Lakin bir məsələ var ki, “köhnə qvardiya”nın tam olaraq Əli Nağıyevin partiyasına keçəcəyi inandırıcı görünmür. Çünki onların arasında vaxtilə Əli Nağıyevi qəbul etməyənlər də kifayət qədərdir.
Informasiya şöbəsi