Jurnalistə qarşı təhdidlə bağlı yeni təfərrüatlar

“ASI” qəzetinin baş redaktoru və “Azadlıq”ın köşə yazarı Anar Mahmudoğlunun ailəsinin naməlum şəxslərin təhdidinə məruz qalmasıyla bağlı məsələ Nərimanov Rayon Polis Idarəsində araşdırılır. Bu barədə “Azadlıq”a “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı yaradılmış Ictimai Təhqiqat Qrupunun rəhbəri Əfqan Muxtarlı məlumat verib. Onun sözlərinə görə, işin araşdırılması idarənin baş təhqiqatçısı Şəhriyar Əliyevə həvalə edilib: “Təhqiqatçıya təklif etdik ki, jurnalist araşdırma qrupu ilə birgə Anar Mahmudoğluya təhdid zəngi edilən taksafonun yerləşdiyi əraziyə və müşahidə kameralarının yaddaşına birgə baxış keçirilməsi təmin edilsin. Əvvəlcə Şəhriyar Əliyev təklifimizlə razılaşdı. Lakin o, idarə rəisinin qəbulundan çıxandan sonra əraziyə birgə baxışın keçirilməsindən imtina etdi”. Ərazidəki müşahidə kameralarındakı qeydlərin əldə edilməsinə gəlincə, təhqiqatçı bunun üçün müəyyən müddət lazım olduğunu bildirib. Daha sonra jurnalistlərdən ibarət Təhqiqat Qrupu taksafonun yerləşdiyi əraziyə baxış keçirib. Bu zaman məlum olub ki, taksofonun yerləşdiyi “Nərimanov” kinoteatrının  üstündə müşahidə kamerası var. Taksafondan istifadə etmək istəyən şəxslər həmin kameranın müşahidə ərazisinə düşür. Bundan əlavə, “Nərimanov” parkında quraşdırılan kameranın müşahidə ərazisi də qismən taksofonun yerləşdiyi ərazini əhatə edir. Həmçinin metronun qarşısında quraşdırılan bankomatın kamerası vasitəsilə də Anar Mahmudoğluya zəng edən naməlum şəxsin kimliyinimüəyyən etmək olar.