Keçidlərdəki obyektlərdən, reklam və yayımdan illik gəlirin izi-tozu yoxdur
2009-cu ilə qədər Azərbaycanda metropolitendə gediş haqqı 5 qəpik idi. 2009-cu ilin oktyabrında Tarif Şurasının qərarı ilə gediş haqqı 3 dəfə artırılaraq 15 qəpiyə qaldırıldı. Həmin vaxt bu qərar insanlar arasında böyük narazılığa səbəb oldu. Bu ilin dekabr ayından isə Tarif Şurası Azərbaycanda metro tariflərini MDB ölkələrindəki tariflərlə müqayisə edib – Moskvada metroda bir gediş 71 qəpik, Sankt-Peterburqda 63 qəpik, Kazanda 38 qəpik, İstanbulda 74 qəpik, Kiyev və Tiflisdə 20 qəpikdir. Bunu əsas gətirən Tarif Şurası Azərbaycanda metro ilə gediş haqqının aşağı olduğunu hesab edib və gediş haqqını 15 qəpikdən 20 qəpiyə qaldırıb.
İndiyə qədər ən ucuz nəqliyyat növü olan metrodan daimi istifadə edənlər gündə bir dəfə gediş-gəliş üçün aya 9 manat əvəzinə bundan sonra 12 manat ödəməli olacaqlar. Kənardan hər birimizə 3 manat kiçik məbləğ görünə bilər. Ancaq hesablayanda böyük rəqəmlər üzə çıxır və bu pulların hara xərcləndiyi məlum deyil. Məsələnin başqa tərəfi də var. Əgər qiymət qaldırılıbsa, keyfiyyət və xidmət də yaxşılaşdırılmalıdır. Bu oldumu? Bakı Metropoliteni insanlara qiymət artımından sonra daha yaxşımı xidmət edəcək? İki il öncə qiymətlər 3 dəfə qaldırılanda xidmət və keyfiyyətdə heç bir irəliləyiş olmadı. Necə deyərlər, köhnə hamam, köhnə tas…
Hökumətin dotasiya siyasəti
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakı Metropolitenində gediş haqqının artması ilə bağlı “Trend” informasiya agentliyinə açıqlamasında dünyada metronun ən aşağı qiymətin Azərbaycanda olduğunu deyib: “Əlbəttə, biz anlayırıq, başa düşürük ki, metro da, avtobus da sosial nəqliyyatdır və əhalinin daha çox yoxsul təbəqəsi bu nəqliyyat vasitələrindən istifadə edir. Amma buna baxmayaraq, dövlət bu sahəyə nə qədər dotasiya yönəltsə belə, metro əgər öz xərclərinin bir qismini ödəmirsə, o zaman indiki dünya bazar iqtisadiyyatı şəraitində metro saxlamağın heç bir əhəmiyyəti yoxdur və bu metronu saxlamaq da qeyri-mümkündür”.
Əli Həsənovun sözlərinə görə, dövlət burada yenə dotasiya siyasətini saxlayır: “Amma müəyyən mərhələyə qədər hesab edirik ki, 20 qəpik ədalətli qiymətdir və bu, metroda həm xidmətin yaxşılaşmasına təsir edəcək, həm də onun dotasiyasını müəyyən qədər yüngülləşdirəcək”.
33 milyon 44 milyona qədər qaldırıldı
Bakı Metropolitenin rəisi Tağı Əhmədovun sözlərinə görə, bir sərnişin daşınmasının xərci 55 qəpikdir. Onun sözlərinə görə, hər gün orta hesabla metrodan 600 min nəfər sərnişin istifadə edir (halbuki ekspertlər bu rəqəmin daha böyük olduğu iddiasındadırlar – R.D.). Bu isə təxminən ildə 220 milyon sərnişin deməkdir. Alınan rəqəmi 15 qəpikə vursaq ortaya 33 milyon manat çıxacaq. Gəlin, indi Tağı Əhmədovun dediyi kimi hesablayaq. Tutaq ki, bir nəfərin daşınma xərci realda 55 qəpikdir, onda metropolitenin saxlanması üçün ildə 121 milyon manat gərəkdir. Gediş haqqı 15 qəpik olan zamanda bir ilə 33 milyon qazanc əldə edilirdi. 20 qəpik olandan bu rəqəm 44 milyon manat olacaq. Deməli, 121 milyon manatın 44 milyonu sərnişinlərdən əldə ediləcək. Bəs qalan 77 milyon necə olur? O pulu kim verir? Axı 2011-ci il üzrə büdcədən metropolitenə 16 milyon manat ayrılıb? Deməli, metropoliten 49 milyonla yaşamaq iqtidarındadır. Bir sərnişinin daşınması üçün 22 qəpik lazım imiş. 20 qəpik gediş haqqıdan gəlir, yerdə qaldı 2 qəpik. Onu bəs necə əldə etmək mümkündür?
İndi başqa bir məqama da toxunmağa ehtiyac var. Belə ki, Metropolitenin gəlirləri təkcə sərnişin daşınmasından ibarət deyil. Ortada ağlagəlməz dərəcədə böyük pullar dövr edir. Metro keçidlərindəki ticarət obyektlərindən və reklam gəlirlərindən gələn gəlirləri də bura daxil etmək lazımdır. Metropoliten şefi bu gəlirlər barədə açıqlama vermir. Bu barədə soruşanlar isə “şəxsi işə” qarışdığı üçün hədələnir.
Ekspertlərin fikrincə, metroda qiymətlərin qaldırılmasına ehtiyac yox idi. Çünki reklam və obyektlərin icarəsindən illik gəlir gediş haqqının beş qəpiyə endirilməsinə də şərait yaradır. Görəsən, Tağı Əhmədov reklam və obyektlərin icarəsindən nə qədər gəlir götürür? Bu suala cavab tapmaq üçün Bakı Metropoliteninin bütün stansiyalarını gəzib, barmaqla obyektləri saydıq və verilən kirayə haqqını satıcılardan soruşub hesablama apardıq.
Obyektlərin illik icarə haqqı – 11 milyon 408 min 404 manat
Öncədən bildirək ki, Bakı Metropoliteninin 21 stansiyası var. “Məşədi Əzizbəyov”da təmir getdiyi üçün işləmir. “İçərişəhər”də yoxdur, “Sahil”də isə bir-iki obyekt var. “Ulduz” və “Dərnəgül”də də vəziyyət ürəkaçan olmadığı üçün bunları da hesaba almırıq. Yerdə qaldı 16 stansiya. Biz ən minimal hesablama aparacağıq…
Başlayaq ən gur “20 Yanvar” stansiyasından. Burada 224 dükan var. Satıcıların dediyinə görə, yerdən asılı olaraq kirayə haqqı 600 manatdan başlayıb 1000 manatda bitir. 800 manat orta qiymətdir. 224 obyektin hər birindən 800 manat alanda 179200 manat gəlir əldə edilir.
“İnşaatçılar”da 160, “Nəriman Nərimanov”da 146, “Neftçilər”də 110, “Əhmədli”də 98, “Xalqlar dostluğu”nda 115, “Qara Qarayev”də 108, “Gənclik”də 22, “Xətai”də 34, “Nizami”də 8, “Elmlər Akademiyası”nda 15, “Əcəmi”də 132 obyekt icarəyə verilib. Bütün obyektlərin sayı 948 edir. Adları çəkilən metro stansiyalarında obyektlərin kirayə haqqı gündəlik və aylıqdır. Gündəlik haqq 10-30 manat arasındadır. Aylıq icarə haqqı 700-1000 manat civarında dəyişir. Gündəlik yer haqqı ödəyən satıcıların dükanları çox kiçikdir. Bu cür obyektlər metropolitenin ərazisində çox az saydadır. Ən uyğun qiymət 750 manatdır. Bu məbləği 948 obyekt üçün hesablasaq 11 stansiyadan hər ay 711000 manat qazanc götürülmüş olduğunu görünür.
“28 may” stansiyasında 12 dükan metronun içində, 11 obyekt isə giriş və çıxışdadır. Burada yer haqqı 750-1200 manat arasındadır. 33 dükan orta hesabla 900 manat ödəyirsə, aya 29700 manat edir.
Digər 3 stansiyada – “Həzi Aslanov”da 36, “Nəsimi”də 24 və “Azadlıq prospekti”ndə 17 obyekt (hələlik) icarəyə götürülüb. Burada alver zəif olduğu üçün dükanlardan 300-500 manat arasında yer haqqı alınır. 77 obyektdən orta hesabla 400 manat alınsa, 30800 manat əldə etmək mümkündür. Ümumilikdə Bakı Metropolitenində 1282 obyekt icarəyə verilib ki, bundan da ay ərzində ən azı 950700 manat gəlir əldə edilir. Bu da bir il üçün 11 milyon 408 min 404 manat deməkdir.
Reklamlardan gələn illik gəlir – 1 milyon 320 min manat
Metroda reklam işləri ilə “Kommet” Reklam Agentliyi məşğuldur. Metro stansiyalarında reklam lövhələrinin bir ədədinin aylıq icarə haqqı 70 manatdır. Vaqonların içindəki reklamların dəyəri isə yerindən asılı olaraq 2-10 manat aralığındadır. 16 metrostansiyanın hər birində 30 reklam lövhəsi var. 480 lövhənin orta hesabla 6 manatdan hasili 2880 manat edir.
Monitorlarda reklam yerləşdirməyin qiyməti heç də aşağı deyil. Belə ki, bir reklam çarxı səhər 06:00-dan axşam saat 24:00-a kimi gündə 360 dəfə göstərilir. Bir çarx hər 3 dəqiqədən bir təkrarlanır. Reklam çarxı isə yalnız bir qatarda, yəni 5 vaqonda quraşdırılır. Hər vaqonda da 2 monitor var. Reklamın qiyməti vaxta görə dəyişir. 5 saniyəlik reklam 68 manat, 10 saniyəlik çarx 128 manat, 15 saniyəlik çarx 180 manat, 20 saniyəlik çarx 224 manat, 30 saniyəlik çarx 306 manatdır. Bu qiymətlər bir ay üçün nəzərdə tutulub. Eskalatorun üstündə reklam 100 manat, yerləşdirmə üçün 20 manat icarə haqqı, üstəlik də vergi ödəməlisən. Stansiyaların divarlarında icarə haqqı 150 manatdır. Metroda ən baha reklam yeri isə tunelin üstüdür – 200 manat. Kassa ətrafında reklam yerləşdirməyin icarə haqqı 25 manat, balans əməliyyatları aparılan yerin icarə haqqı isə 30 manatdır. Bu qiymətlər bir ay üçün nəzərdə tutulub.
Eskalatordan düşən yerdə və platformada səsləndirilən reklamlar da vaxtdan asılı olaraq dəyişir. Bir reklam lentinin bir dəfə səsləndirmə qiyməti 1 manat, istirahət və bayram günləri, pik saatlarında isə 2-10 manat arasında dəyişir.
Bizi bilgiləndirən qaynağın məlumatlarına görə, ay ərzində reklamlardan və monitorları yerləşdirən şirkətlərin verdiyi icarə haqqından ayda 110 min manat metropolitenə qazanc gəlir. Bu isə ildə 1 milyon 320 min manat edir.
Yayımdan gələn illik gəlir – 270 min manat
Metropolitenə tabe olan “Metroservis” MMC yayım firmasını da hesablayaq. Sözügedən qurumda çalışan işçilərdən biri deyir ki, “Metroservis” aylıq dövriyyəsi 25 min manatdan yuxarıdır (burada təkcə qəzet satılmır. Kitablar və başqa dərs ləvazimatları da satılır – R.D.). Qazanılan pulun cəmi 10 faizi sənədlərdə olan şəxsə çatır. Qalan məbləğ yəni, aya 22500 manat rəhbərliyə gedir. Bu da ilə 270000 edir.
Biz hələ metronun qarşısında olan kontur yükləyən, siqaret satan piştaxtaları hesablamırıq. Onlardan gələn illik gəlir də böyük məbləğdir.
Stansiyalarda olan obyektlər satılır. Yəni, sahibkar dükanı alır və bundan sonra icarə haqqı ödəyir. Yerindən asılı olaraq dükanlar satışa çıxarılır. Gediş-gəiş az olan yerlərdə adətən dükanlar satışa çıxarılsa da, alan tapılmır. “28 may”, “İnşaatçılar”, “20 Yanvar” stansiyalarında əksər dükanlar alınır. Bu həm də sahibkarın özünü sığortalamaq cəhdidir. Çünki istənilən halda metropoliten icarədarı obyektdən çıxara bilər. Satılan dükanlar 4-8 min manat civarındadır.
İllik gəlirin cəmi
Tağı Əhmədov bir müddət öncə mətbuata açıqlama verərək metropolitenin balansında 2 minə qədər ticarət obyektinin olduğunu söyləmişdi. O, eyni zamanda, metro ticarətindən əldə olunan aylıq gəlirin 70 min manat və həmin məbləğin yalnız metroya sərf olunduğunu iddia edib: “Bəziləri düşünür ki, guya metroda qaz vurub-qazan doldururlar. Xeyir, qazanc qəpiklə olan şeydir və onları bağlamaq bizə daha sərfəlidir. 70 min metropolitenə heç nə etmir. Bu, ildə cəmi 840 min manat pul edir. Azərbaycanın bu pulu verməyə imkanı var. Amma söhbət iki min adamın işsiz qalmasından gedir”.
İndi ümumi məbləği hesablayaq. Obyektlərdən, reklamlardan və yayımdan ildə 12 milyon 998 min 404 manat (11 milyon 408 min 404 manat, üstəgəl 1 milyon 320 min, üstəgəl 270 min) gəlir əldə edilir. Bu məbləğin üstünə sərnişinlərdən qazanılan 44 milyon manatı əlavə edəndə 56 milyon 728 min 404 manat meydana çıxır. İllik dotasiyanı nəzərə alsaq (indiyə qədər 16 milyondan az olmayıb –R.D.) ortalıqda 80 milyon manata yaxın bir məbləğin olduğunu görə bilərik.
Bu pullar hara gedir, necə istifadə olunur? Təmir işinə belə dövlət büdcəsindən pul ayrılır.
Qurumun saytına göz gəzdiririk (http://metro.gov.az).Heç bir məlumat əldə etmək mümkün deyil. Saytda sonuncu məlumat 2002-ci ildə Tağı Əhmədovun keçirdiyi mətbuat konfransından olan xəbərdir. Hətta stansiyaların fotosessiyası belə o zamanın şəkilləridir. Saytın əlaqə bölməsində isə yalnız elektron poçt ünvanları qeyd edilib. Əgər şəkillər və xəbərlər veb səhifəyə 2002-ci ildə yüklənibsə, deməli, açılan elektron ünvanlar da o dövrdə fəaliyyət göstərib. İstifadə edilməyən elektron poçt 10 il ərzində açıq qala bilməz.
Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva bu məsələylə bağlı heç nə danışa bilməyəcəyini dedi. O, bildirdi ki, dükanlarla bağlı Zakir müəllimlə söhbət etməliyik. Onun verdiyi nömrəyə zəng etdik, oradan bizə bildirdilər ki, mətbuatın suallarını mətbuat xidməti cavablandırır. Təkrar Nəzakət Tanrıverdiyevlə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri fikrində qaldı, bu məsələ ilə bağlı danışa bilməyəcəyini dedi: “Mənlik deyil. Bu barədə heç nə danışa bilmərəm”.
Maliyyə və Vergilər Nazirliyinin saytlarında isə metroplitendən gələn gəlirlər bağlı heç bir məlumat tapmaq mümkün deyil.
“Şəffaf maliyyə hesabatlılığının olmaması xərcləri əhalinin hesabına edir”
İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı deyir ki, hər bir ailədə orta hesabla 4 nəfərin metrodan istifadə etdiyini götürsək, onda 1 ailənin ayda azı 12 manat itirəcəyini söyləmək olar: “Azərbaycanın maliyyə imkanları hər il neft faktorunun hesabına artır. Büdcədən ayrılan xərclərin də həcmi artır. Amma bu artımlarda investisiya xərclərinin həcmi toplam xərclərin 34,1 faizini təşkil edir ki, bu da 5,79 milyard manat deməkdir. Bundan başqa, bu istiqamət üçün əlavə olaraq xaricdəki beynəlxalq maliyyə qurumlarından 1,47 milyard manat kredit alınacaq. Yeddi milyard manatlıq vəsaitin iki milyardının nəqliyyat sektoruna xərclənməsi nəzərdə tutulub. Həmin vəsaitdən 100-200 milyon manatı metropoliten üçün qatarların alınmasına sərf etməklə əhalini əlavə xərclərdən azad etmək olardı. Belə addım çoxsaylı əhali xərclərini hökumətin öz üzərinə götürməsi demək olardı. Amma investisiya xərcləri içərisində elə əhəmiyyətsiz və ya 100-cü dərəcəli layihələr maliyyələşir və ya həmin obyektlər yenidən təmir edilir ki, buna heç inanmaq olmur. Əslində, vaciblik dərəcəsinə görə, investisiya obyektlərinin belə irrasional seçimi hökumətin investisiya strategiyasının olmadığını göstərir. Büdcədən əmək haqlarının və sosial ödənişlərin artması baş vermədən belə qiymət artımı əhali maraqlarının ayaqlar altında qalması deməkdir. Növbəti 2012-ci ilin büdcəsində əmək haqlarının artımına cəmi 8 milyon manat, sosial və təqaüdlərin artırılmasına isə 1,714 milyard manat nəzərdə tutulur. Bu isə büdcə xərclərinin cəmi 10 faizi deməkdir”.
Metropolitenin gəlir mənbələrinin kifayət qədər olduğunu deyən ekspertin fikrincə, ticarət köşklərinin hər birinin qiyməti 1000 manatlarla ölçülür: “Metropolitenin kommersiya fəaliyyətindən əldə etdiyi gəlirlər kifayət qədərdir. Amma şəffaf maliyyə hesabatlılığının olmaması xərclərin əhalinin hesabına qarşılanmasına gətirib çıxarıb. Hansı dövlət qurumunun maliyyə sahəsində şəffaflıq və hesabatlılığı aşağı səviyyədədirsə, orada heç bir yaxşı idarəetmədən danışmaq mümkün deyil”.
Əhalinin böyük qismi aya 100-150 manat qazanırsa…
“Bakı metropolitenində gediş haqqının 15 qəpikdən 20 qəpiyə qədər artırılması bu yaxınlarda yaşayış minimumunun 108 manata çatdırılması ilə bağlıdır” – bu sözlərin müəllifi iqtisadçı, millət vəkili Əli Məsimlidir. O, hesab edir ki, 108 manat yaşayış minimumu istehlak mallarının qiymətinin artması və nəqliyyat tariflərinin qaldırılması fonunda çox azdır: “Əgər əhalinin böyük qismi ay ərzində 100-150 manat gəlir əldə edirsə, bilmir bu pulla bir aylıq ərzaq tələbatını ödəsin, yoxsa özünün pal-paltarını alsın. Bu vəziyyətdən çıxışın ən optimal yolu xüsusən aztəminatlı təbəqənin maaşlarının, pensiyalarının və onlara verilən müavinətlərin artırılmasıdır. Məhz bu artımla onların ailə büdcəsinə son qiymət artımı mənfi təsir göstərməyəcək”.
Son söz əvəzi
13 milyon manat ortalıqda yoxdur. Tağı Əhmədov isə deyir ki, obyektlərdən qazanılan məbləğ aya 70 min, bir ilə 840 min manat edir. Ortaya çıxardığımız məbləğə isə konkert cavab verən yoxdur. Nə Maliyyə Nazirliyi, nə Vergilər nazirliyi, nə də Bakı Metropoliteni bir cavab verir.
Hər şey göz önündədir…
Araşdırma
Ramin DEKO
www.freespace.az