Əliyevçi diktaturanın Iran təranələri

Adına “ərəb yazı” deyilən o sevgili görsəniş Rusiyada da özünü göstərməyə başladı: Putin Dumaya seçkidə gözlənilməz sonucla qarşılaşdı. Putinin sevimli lideri Stalin ona belə bir seçki texnologiyası aşılamışdı: başlıcası kimin necə səs verməsi deyil, başlıcası kimin saymasıdıdr. Putinin sayanları Çurovdan Azərbaycana – R.Mehdiyevə, M.Pənahova, gənc (başqalarına görə gənc) heydərizm yolçusu Ziyafət Əsgərovadək uzanırdı. Di gəl, bir iş var: bunların saydığını sayan yoxdur! Məzahir-Ziyafət komandası çox axtarsa da, seçkidə qanun pozuntusu tapa bilməyib. Putin Rusiyası ilə əliyevçi rejim arasında çoxdan belə uzlaşma var: “Siz bizim seçkiləri legitim sayın, biz sizin seçkiləri”. Illərdir beləcə, o buna, bu ona kriminal yardımda bulunur.
Çox ilginc bir dönəmə gəlib çıxmışıq: Yer üzündə əliyevçi rejimin iki dayağı qalıb – Rusiyada Putin rejimi, Iranda Molla rejimi. Belə yerdə deyiblər: su axar, çuxurun tapar. Burası da xeyli ilginc bir görsənişdir: bu arada əliyevçi rejimin iki başlıca ideoloji sütunu – R.Mehdiyevlə Ə.Həsənov dayaqlara üz tutdu. Birinci Rusiyaya, ikinci Irana. Birinci daha güclü olduğundan Rusiyaya, ikinci öz sanbalına uyğun olana – Irana getdi. Birinci professional aparat oyunçusu olaraq səssiz gedib, səssiz qayıtdı. Dediyini qulağa dedi (sözsüz, Putinin qulağına), deyilən qulağına deyildi. Ikinci, demək olar, dünyaya car çəkdi: diktatura rejimləri olaraq, əliyevçi rejimlə molla rejimi qardaşdır, strateji ortaqlardır.
Əli Həsənov illərdən bəri Azərbaycanın demokratikləşməyindən qorxan, belə bir qorxu içində üzülən molla rejiminə iki qarantiya verib. Onun birinci qarantiyasına görə, Azərbaycanın mass-mediasında Irana qarşı çıxışlara qadağa qoyulacaq. Burada televiziyalar da bəllidir, rejimə bağlı qəzetlər də – Ə.Həsənov bunlara buyruq verə bilər. Televiziyalar ayrı; kimsənin oxumadığı o qəzetlərin nə yazdığı onsuz da önəmli deyil. Tehrandakı Əhmədinejad da, Bakıdakı Ocaqnecat da o qəzetlərin gərəksizliyini, etkisizliyini gözəl bilir. Onlar üçün başlıcası Prezident Administrasiyasından tutmuş, ölkənin ucqarlarınadək hamının oxuduğu bir qəzetdir – “Azadlıq” qəzeti. Ə.Həsənov bu qəzetə necə qadağa qoyacaq? Qoya bilməz. Demək, onun bu qarantiyası bəri başdan boşa çıxır. Qalır ikinci qarantiyası.
Onun ikinci qarantiyası belədir: “Azərbaycan heç zaman kənardan ölkə həyatına süni şəkildə demokratiya… idxal olunmasına yol verməyəcək”. “Tarix elmləri doktoru, professor, Dövlət Idarəçiliyi Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri” (indilikdə bunlar hamısı ada uyğun gerçək anlam daşımadığından dırnaqda yazmaq gərəyi yaranır), eləcə də MM-in başqan yardımçısı – onun “ərəb yazı” içində demokratiyaya baxışına baxın. Işin başlanğıcında Qəzzafi oğlu Seyfülislam necə danışırdısa, bizim rejim professoru da eləcə danışır, demokratiyanın Azərbaycana girişinə qadağa qoyur. Soruşan gərək: sənə bu statusu kim verib? Demokratiya xalqın hakimiyyəti deməkdirsə, sənin hakimiyyətin xalqa düşmən hakimiyyətdirsə, nə danışırsan?
Ə.Həsənovun qarantiyasız qarantiyasında xeyli maraqlı bir anlayış var: “idxal etmək”. “Idxal” ərəb sözüdür, Azərbaycan dilinin açıqlama sözlüyünə görə, “idxal etmək” bir ölkəyə başqa ölkədən mal gətirilməsinə deyilir. Bütün ölçüləri pula-mala bağlı bu adamlar, sən demə, demokratiyaya da mal kimi baxırmışlar. Demək, belə: istəsələr “idxal” eləyərlər, istəməsələr yox. Sözsüz, bu gün özləri YOX olan Bin Əli, Mübarək, Qəzzafi də demokratiyaya alınıb-satılası MAL kimi baxırmışlar. Sözsüz, bunlar sayağı onlar da demokratiya “malının” ölkəyə gətirilməyini gərəksiz sayırmışlar. Dövlət Idarəçiliyi Akademiyasının doktor-professoru Iranda söz verib: Azərbaycana demokratiya “malı” buraxılmayacaq. Gürcüstandan Azərbaycana ucuz mal-qara buraxılmayan kimi!