Amerikalı “biznes-ledi” Azərbaycan mətbəxinə valeh olub

Uşaq evində boyümüş Alisiya Morqa biznes ugurlarının sirrini bizim xanımlarla bölüşüb

Alisiya Morqa… Dünyada biznes sahələsində baş verənləri yaxından izləyənlərə bu ad yaxşı tanışdır. Təkcə onu qeyd eləmək yetərlidir ki, bu gənc xanım bu il Dünya İqtisadiyyat Forumu tərəfindən “Gənc Qolobal Lider” adına layiq görülüb…

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyilə Alisiya Morqa ölkəmizə səfər edib. Xüsusən, internet marketinqi sahəsində uğur qazanmış xanım Morqa təkcə Bakını gəzməklə kifayətlənməyib, regionlara gedib, öz həmkarları olan sahibkar xanımlarla görüşlər keçirib, təcrübəsini onlarla bölüşüb. Təsadüfi deyil ki, Azərbaycana səfəri ərəfəsində Alisiya Morqanın bloqunda belə bir mesajı olub: “Azərbaycana gedirəm… Onlara danışacağam ki, növbəti Stiv Cobs (“Apple”in yaradıcısı) qadın olacaq!”

Vaxtilə qardaşı aclıqdan tələf olub…

Alisiya Morqanın biznes sahəsində əldə etdiyi nailiyyətlərlə yanaşı, onun keçdiyi yol da son dərəcə maraqlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, bu “biznes-ledi” uşaq evində böyüyüb, vaxtilə onun kiçik qardaşı aclıqdan tələf olub…

Xanım Morqa ölkəmizə səfərinin son günlərində imkan tapıb “Azadlıq”la da söhbətləşdi. Bizimlə söhbətində uğurunun sirrindən tutmuş, Azərbaycan mətbəxinə qədər çox şeydən danışdı.

Alisiyanin sözlərinə görə, biznes sahəsində əldə etdiyi nailiyyətlərin əsas səbəbi xarakterindəki inadkarlıqdır: “Hesab edirəm ki, bugünkü uğurum yaxşı hazırlıqla imkanların vəhdətidinin nəticəsidir. Mən çox çalışdım, məqsədə doğru qətiyyətlə irəlilədim, heç vaxt inamımı itirmədim. Əlbəttə ki, səbr də mühüm rol oynadı. Çünki həyatda heç nə bir günə baş vermir. Amma uğurumun açar elementini xarakterimdəki inadkarlığı hesab edirəm.

Əvvəlcə internetdə onlayn reklam kampaniyası ilə bağlı fəaliyyətgöstərmişəm. Bu da əsasən, ABŞ-da ispandilli auditoriyaya hesablanmışdı. Yəni, böyük şirkətlərə ispan dilində reklam hazırlayıb yaymağa kömək edirdim. Sonra yaratdığım həmin şirkəti satdım. Bir qədər fasilə eləyəndən sonra hazırda ikinci şirkət üzərində işləyirəm”.

Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, Alisiya Morqanın uşaqlığı çox ağır keçib. Atası iş yerini itirəndən sonra ailənin dolanışığı son dərəcə çətinləşib. 11 uşaqdan biri aclıqdan tələf olub. Vəziyyətin kritik olduğunu görən səlahiyyətlilər müdaxilə edərək ailənin azyaşlı üzvlərini uşaq evlərinə yerləşdirib. İndi isə bacı-qardaşlar birlikdədir.

“Mənim uşaqlığım çox ağır keçib. Həmişə həyatımı yaxşılığa doğru dəyişmək istəmişəm. Amma bizsnesmen olmağı ağlıma belə gətirmirdim. Bu arzu sonralar yarandı. Əvvəllər ən böyük arzum yaxşı təhsil almaq idi. Uşaqlıqda gördüyüm çətinlikləri nəzərə alaraq, bu gün mənimlə eyni şəraitdə böyüyən uşaqlara əlimdən gələn köməyi eləməyə çalışıram. ABŞ-da uşaqlarla bağlı müxtəlif layihələrdə iştirak edirəm”, – deyə “biznes-ledi” bildirdi.

Ev alanda ağladım…

Xanım Morqa bizimlə söhbətində həyatında baş vermiş bir hadisənin onu necə ağlatdığından da danışdı: “Pul qazanmağa başlayanda ilk imkanda ev aldım. Hazırda San-Fransiskoda balaca bir evim var. Çünkimən yaşadığım yerdə evlərin hamısı balacadır. Ən əsası budur ki, öz evimdir. Alqı-satqı prosesi başa çatandan sonra maşına oturub ağladım. Mən heç vaxt ağlıma gətirməzdim ki, belə bir işi həyata keçirə bilərəm”.

Piti, plov, düşbərə…

Azərbaycan barədə kifayət qədər məlumatı olmadığına görə təəssüflənən Alisiya Morqa ölkəmizlə bağlı səfər təəssüratlarını da bölüşdü: “Bura gəlməmişdən internetdən bəzi materiallar, kitablar oxudum. Azərbaycanı çox sevdim. İnsanları çox qonaqpərvərdir. Burada xeyli istedadlı xanımlarla tanış oldum. Onlar məni müsbət mənada heyrətləndirdilər. Amma bura gəlməmişdən oxuduğum materiallarda Azərbaycanda yeməklərin nə qədər dadlı olduğu yazılmamışdı. Xüsusilə, piti, plov, düşbərə, Şəki halvasını cox bəyəndim…”

Aytən Məmmədova