Anar Mahmudoğlu səfirliyin mətbuat katibi ilə görüşüb
Özü və ailəsi ölümlə təhdid edilən «ASİ» qəzetinin baş redaktoru və «Azadlıq» qəzetinin köşə yazarı Anar Mahmudoğlu dekabrın 7-də ABŞ səfirliyinə dəvət edilib və səfirliyin mətbuat katibi Kis Binlə görüşüb.
Kis Bin jurnalistə qarşı son hədələr və təzyiqlərlə maraqlanıb. A.Mahmudoğlu «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının şərlənərək həbs edilməsi, qəzet kollektivinə qarşı müxtəlif təzyiqlər, özünün və övladlarının ölümlə hədələnməsi ilə bağlı ətraflı məlumat verib. «Xural» qəzetinin çapına qadağa qoyulduqdan sonra «ASİ» qəzetini nəşr etdiklərini diqqətə çatdıran A.Mahmudoğlu bildirib ki, artıq «ASİ»nin çapına da imkan verilmir. Qəzetin nəşr olunduğu E.Q mətbəəsi cəmi bir nömrədən sonra «ASİ»nin çapından imtina edib.
Kis Bin jurnalistə və onun ailəsinə qarşı ölüm hədəsi üzrə başlanan təhqiqat işi ilə maraqlanıb. A.Mahmudoğlu Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsində aparılan təhqiqatdan narazı olmadığını, işin aidiyyəti üzrə 17-ci polis bölməsinə göndərildiyini diqqətə çatdırıb və qeyd edib ki, əgər hakimiyyətin yuxarı təbəqəsindən heç bir təzyiq olmasa, cinayətkarın qısa müddətdə tapılacağına ümid edir.
Əvəz Zeynallının həbsi və «Xural» qəzetinin ətrafında baş verən hadisələri diqqətlə izlədiklərini bildirən Kis Bin qeyd edib ki, ABŞ söz və mətbuat azadlığını demokratik cəmiyyətin fundamental əsasları sayır. Jurnalistlərin peşə fəaliyyətinə görə təzyiq və təhdidə məruz qalması yolverilməzdir. Səfirlik ümid edir ki, hüquq-mühafizə orqanları qısa müddətdə cinayətkarı tapıb onun layiqli cəzasını verəcək.
HƏMÇİNİN BAX: