İP imzatoplama kampaniyasına başlayacaqmı?

Aqil Səmədbəyli: «Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ümumrespublika imzatoplama kampaniyası maraqlı təklifdir»

Mehriban Vəzir: «Bu, məqsədimizə nail olmaq üçün vasitələrdən biri ola bilər»

Ictimai Palata yaradılarkən elan etdiyi məqsədlərindən biri də ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı idi. Daha sonra IP-nin “Demokratiyaya yumşaq keçidin yol xəritəsi”ndə bu təkliflə yanaşı, ölkənin demokratikləşməsi üçün digər təkliflər də yer aldı.
Amma hakimiyyətin yenidən parlament seçkilərinin keçirilməsi tələbinə bir qayda olaraq cavabı bundan ibarət olur ki, Milli Məclis xalqın iradəsinə uyğun formalaşdırılır. IP-nin son sessiyasında hakimiyyətin əlindən bu arqumenti almaq üçün maraqlı təklif səslənib. IP üzvü Imamverdi Cəfərov təklif edib ki, respublika üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün imzatoplama kampaniyası keçirilsin. Bununla IP parlament seçkilərinin qaçılmaz zərurət olduğunu hakimiyyətə bir daha sübut edə bilər. Bəs görəsən, bu təklifə IP Koordinasiya Şurasının üzvlərinin mövqeyi necədir?
IP KŞ üzvü Aqil Səmədbəyli bildirdi ki, sessiyada səslənən bütün təkliflər KŞ-nin bu həftə keçiriləcək toplantısında müzakirəyə çıxarılacaq və daha sonra onlara rəsmi münasibət bildiriləcək. Ümumrespublika imzatoplama kampaniyasının keçirilməsinin özü-özlüyündə maraqlı təklif olduğunu deyən A.Səmədbəyli bildirdi ki, IP-nin rəsmi qərarı məlum olduqdan sonra konkret təkliflə bağlı rəy söyləmək olar.

IP KŞ-nın üzvü Mehriban Vəzir isə bildirdi ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ümumrespublika imzatoplama kampaniyasının keçirilməsi bu niyyətə nail olmaq üçün vasitələrdən biridir. Bu cür addımların dünya təcrübəsində bir neçə dəfə sınaqdan çıxarıldığını deyən M.Vəzir bildirdi ki, parlamentin buraxılmasının zəruri olduğunu reallaşdırmaq üçün bu, yetərli deyil: “Imzatoplama kampaniyası, düşünürəm ki, Ictimai Palatanın parlamentin yenidən formalaşdırılması üçün nəzərdə tutduğu tədbirlərdən biri ola bilər. Amma bununla yanaşı digər işlər də görülməlidir. Cəmiyyət parlamentin yenidən formalaşdırılmasının nə dərəcədə vacib olduğunu anlamalıdır. Parlamentin buraxılması və yenidən formalaşdırılması sabitlik üçün bir qarantiya olardı. Müxalifətin bir məqsədi də cəmiyyəti və hakimiyyəti Milli Məclisin yenidən qurulmasının vacib olduğuna razı salmaqdır”.

Xəyal