İntellektualların etirazı

Dekabrın da soyuq sükutu pozuldu, gənclər hərəkətə gəldi. Indi gənclər ön sırada olmalıdır. Güman edirəm ki, bununla hamı razılaşar. Mən demirəm ki, nisbətən yaşlı nəsil ölkədə baş verənlərlə razılaşmalıdır. Əsla yox! Məşhur bir deyim var ki, ədalətsizliyə qarşı etiraz etməmək ona şərik olmaq kimi bir şeydir. Sadəcə, gənclərin missiyası başqadır. Mən 60-cı illərdə Avropada cərəyan edən gənc hərəkatları xatırlayıram. Lakin elə burada öz gəncliyimiz yadıma düşür. Bəli, 80-ci illərin sonu, 90-cı illərin əvvəli. Qeyri-adi dövr idi. Biz elə indi də arxa sıralarda deyilik – etiraz aksiyalarında iştirak etmək imkanımız məhdud olsa da yazırıq, danışırıq! Əsas odur ki, insan öz vicdanı qarşısında aciz qalmasın, “Mən nə etmişəm?” sualı önündə boynunu burub dayanmasın.

Ölkədə çox üzücü proseslər baş verir. Başqa vaxt kimlərinsə Ermənistana səfər etməsini böyük xəyanət hesab edən bu hakimiyyətin çox yüksək titullu şəxsləri həmin ölkəyə səfərlər edir! Irana qarşı bir təzyiq və təpki hiss edilən vaxt bizim hökumət adamları bu ölkəyə öz səmimi dostluq hisslərini izhar etmək üçün yollanırlar! Bütün bunların qarşısında nə etməli və bunlara münasibətdə hansı reaksiya nümayiş etdirməli? Sakitcə dözməli və susmalımı? Təbii, bu, yol deyil. Insan etiraz edəndə həm də, daxilən olsa belə, bir yüngüllük hiss edir. Əsas o deyil ki, bütün etirazların elə mütləq bir nəticəsi olmalıdır. Əsas nəticə budur ki, insanlar bunu görür və düşünür. O gün aksiyadan şəkillərə baxırdım. Adətən şəkillərdə şəhərimizin etinasız bir görkəmi olur, sanki bu şəhərin heç vecinə deyil ki, onun küçələrində kimlər gəzir, onun binalarında kimlər yaşayır, sakitcə özü üçün Xəzərin ləpələrinin nəvazişi altında mürgü döyür. Amma bu şəkillərdə şəhər də başqa cür – diri və canlı görünür. Burada bir az poetika məni apardı, hər halda, üzrlü sayın.
Amma bu da təsadüfi deyil, gənclərə yönəlik siyasət bir qədər romantik, elə bir qədər də poetik olmalıdır. Mən N.Hikmət kimi bir şair arzulayıram. Onun ilk oxucusu elə özüm olardım. Indi ölkədə yeni ədəbiyyat tendensiyası hiss olunur – yeni yazarlar, tərcümələr var… Amma bir qədər keçmiş qarşısında öhdəliyi yerinə yetirmək cəhdi hiss olunur. Mən nə demək istəyirəm? Tutaq, hansısa kitab bir vaxt bizim dilimizə də tərcümə olunmalı idi, o vaxt bunları etməyiblər, indi edirik! Yaxud bir vaxt bunlar bizim ədəbiyyatda da yazılmalı idi, o vaxt yazılmayıb, indi yazırıq! Bu, bir qədər keçmişə işləmək deməkdir. Hər şey öz vaxtında, məqamında olmalıdır. Ədəbi zövq və ədəbi moda azca qəliz məsələdir. Məsələn, bilmirəm, indilər gənclərə “Karamazov qardaşları” və yaxud “Hərb və sülh” necə təsir edər? Bəlkə tipik siyasi yazıda bunların söhbətini aparmağım bir qədər qəribə görünəcək. Amma məncə, burada bir qəribəlik yoxdur. Gənclərimizin ədəbi zövqü, siyasi-elmi savadı olmalıdır. Səmimi şəkildə etiraf edirəm ki, ədəbiyyata və elmə biganə insanların etirazı məni qorxudur. Belə etiraz son nəticə etibarilə də heç nə vermir. Intellektual insanlar etiraz edəndə cəmiyyət bundan qazanır, mədəniyyət də impuls alır. Mən əminəm ki, bizim indiki gənclik məhz belədir. Onlar yüksək mədəniyyət və elm sahibidirlər. Əks təqdirdə inkişaf ola bilməz və belə etirazın nəticəsi olmaz. Indi dünya dəyişir. Bunu adi insanlara qarşı həqarət tək qəbul etmək lazım deyil, bütün insanlar qiymətlidir, onların hər birinin hüququ qorunmalı və təmin edilməlidir. Sadəcə, dövrün nəbzi dəyişir, biz də bu nəbzi tutmağa cəhd etməliyik. Intellektualların etirazından həmişə yeni mədəniyyət yaranır.
Kiçik sözardı
Biz “altımışıncılar”, “səksənincilər” deyirik. Nədən “iki minincilər” olmasın və bu nəslin ictimai və mədəni həyatda izi qalmasın? Düşünürəm, əks halda bu, həm də bir ədalətsizlik olar. Burada əvvəlki illərin bir qüsurunu da qeyd etmək yerinə düşər. Təəssüf, bizim vaxtlarda gənclərdən “zərbə” amili kimi istifadə etmək, onları fanatlara çevirmək cəhdi də vardı. Bunu da etiraf edək və öz yaşlı silahdaşlarımızın belə günahlarının bağışlanmasını arzulayaq…