Bakıda Aşura izdihamla keçirildi

Gəncədə isə dindarlar həbs olundu, məscidlərə gedən yol bağlandı

 

 

“Payızın bu çağı günün belə istisinə, havanın sakit olmasına, camaata soyuq olmamaq üçün Allahın böyük möcüzəsinə hamımız şükür etməliyik”- Nardaranda dindarlar Aşura mərasiminə bu sözlərlə başladılar. Ötən gün Nardaran Pirinə yığılan minlərlə dindar oxunan ayələrə qulaq asır, zəncir vurur və deyilən şüarları təkrarlayırdılar. Nardaran axundları həm də Liviya, Misir, Iraqın keçmiş dövlət başçılarına lənət oxuyublar. Onların sözlərinə görə, budəfəki mərasimdə keçən ilkindən daha çox dindar iştirak edib: “Bunun qabağını nə qədər alsalar, bir o qədər də izdiham böyüyəcək. Dünyanın bütün dövlətlərində Aşura təntənəli surətdə keçirilir. Allahdan başqa heç kimin buna cürəti çatmaz”.
Dünən həmçinin Bakının müxtəlif ərazilərini, məscidlərin ətrafını polis post-patrul xidmətləri nəzarətə götürmüşdü.
Aşura günündə bir qrup dindar “Həzi Aslanov” metrostansiyası yaxınlığında bir obyektdə toplaşıb. Mərasim başladıqdan təxminən 2 saat sonra bitib. Tədbirdən çıxanlar “Azadlıq” radiosuna danışmaqdan imtina etsələr də, şifahi bildiriblər ki, polis müdaxilə etdiyindən mərasimi yarımçıq bitiriblər. Metrostansiyanın qarşısından tutmuş ta dindarların yığışdığı obyektə qədər ərazi polisin nəzarətində idi. Müəssisənin içində çəkilişə imkan yaradılmayıb. Mərasimə qatılan DEVAMM sədri Hacı Ilqar Ibrahimoğlu məsələni şərh etməkdən imtina edib.

Gəncədə də “Imamzadə” ziyarətgahına minlərlə insan toplaşıb. Dindarlar Məhərrəmlik ayına bir neçə gün əvvəldən hazırlaşıb. Hər il “Imamzadə” Türbəsinə piyada kütləvi yürüş edib, “Allahu Əkbər!”, “Ya Allah!” şüarları səsləndirən insanlara bu il əvvəlki illərdən fərqli olaraq icazə verilməyib. Gəncə sakinləri bildirirlər ki, şəhər Polis Idarəsinin rəisi Rasim Musayev dindarları toplayaraq onlara kütləvi yürüşün qadağan olunduğunu deyib.
Ancaq dindarlar “Imamzadə” Türbəsinə yürüş etmək istəyiblər və demələrinə görə, polislə qarşıdurma yaranıb və onlarla dindar polis şöbəsinə aparılıb.
“Bütün məscidlərin yolunu bağlamışdılar. Birinci bizi avtobusa mindirdilər ki, ”sizi yola salırıq. “Imamzadə”yə piyada heç kim getməyəcək, yürüş olmayacaq”. Bir neçə cavan uşağın “Allahu-Əkbər!” sözündən ötrü dubinka çəkdilər. Biz olan avtobusun şüşəsini dubinka ilə sındırdılar. Mənim özüm zərbə aldım. Polis bölməsinə aparıldıq. “Siz hələ bizim ələyimizdən çox keçəcəksiniz” son sözləri belə oldu” – deyir, adının çəkilməsini istəməyən dindar.
Polisin dəyənəklə onu döydüyünü deyən başqa bir dindarın sözlərinə görə, onun və yoldaşlarının heç də siyasi maraqları yoxdur: “Polis məmurları mömin qardaşlarla çox pis və vəhşicəsinə rəftar elədilər. Zorakılıq elədilər. 16 saylı məktəbin qarşısında Aşura günü ilə bağlı yürüş eləmək istəyirdik. Şüar səsləndirmirdik, sakitcə yolumuzla gedirdik. 100 nəfər olardı. Şöbəyə 1 avtobus adam apardılar, bir də adamları 20 polis maşınına doldurub apardılar şöbəyə. Bizim çevriliş niyyətimiz yoxdur, sırf Imam Hüseynin xatirəsinə əzadarlıq edirik. Bunlar çox güman qorxdular ki, artıq xalq bunlardan bezib, hamının bir yerə cəm olmağından istifadə edər. Heç də asayişə, camaata görə yox, özlərini qorumaq üçün belə elədilər”.
Bu il dekabrın 6-sı – Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü – Aşuradır. 1367 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin nəvəsi, Imam Əlinin oğlu Imam Hüseyn Iraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə həlak olub.
Onlar Yezid ibn Müaviyyənin 30 minlik ordusu ilə döyüşdə qətlə yetirilib.

Gəncədə Aşura günündən bir görüntü, 6 dekabr 2011

Bakıda Aşura günündən görüntülər, 6 dekabr 2011


Ramin DEKO