Ruslar Putini cəzalandırdılar

Hakimiyyət partiyası dəlixanada verilən səslərin hesabına irəli çıxdı…

Vladimir Putin erasının başa çatmasına tamamilə az qalıb

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası növbəti parlamentin təxmini görkəmini elan etdi. Ilkin nəticələrə görə, RF siyasi partiyaları dekabrın 4-də keçirilən seçkilərdə aşağıdakı nəticələri əldə edib:

“Vahid Rusiya” Partiyası (hakimiyyət partiyası) – 49,54;
Kommunist Partiyası – 19,6;
“Ədalətli Rusiya” Partiyası – 13,22;
Rusiya Liberal-Demokrat Partiyası (V.Jirinovski) – 11,66.

Bu partiyalar seçki barajını aşaraq, parlamentdə təmsil olunmaq hüququ əldə ediblər.
Parlamentə düşə biləcək qədər səs yığa bilməyən önəmli müxalifət partiyalarından biri “Yabloko” blokudur – 3,30 faiz.
Parlament seçkilərində seçicilərin 60,2 faizi iştirak edib. (66,2 milyon nəfər). Bu, 2007-ci il seçkilərindən 3 faiz aşağıdır.
Beləliklə, bu nəticələrə görə, Rusiya Dumasında partiyalar aşağıdakı qaydada mandat böləcəklər:

“Vahid Rusiya” – 238 deputat;
Kommunist Partiyası- 92 deputat;
“Ədalətli Rusiya” – 64 deputat;
Jirinovski – 56 deputat.

Bu isə o deməkdir ki, hakim “Vahid Rusiya” partiyası (Vladimir Putin) konstitusion çoxluğu qazana bilmədi.

Məzahir Pənahovdan başqa…

Bütün müşahidəçilər (Məzahir Pənahovun qrupundan başqa) belə hesab edirlər ki, Rusiyada seçkilər ciddi saxtakarlıqlarla müşahidə olunub. Amma bütün müşahidəçilər, eyni zamanda, belə hesab edirlər ki, seçkilərin hətta kütləvi şəkildə saxtalaşdırılan nəticələri belə, Putin hakimiyyətinin lehinə deyil və Rusiyada avtoritarizm ciddi zərbə alıb.

Kiberxuliqanlıq

Seçki günü səhər saatlarında seçkini müşahidə edən “Qolos” adlı müstəqil təşkilat elan etdi ki, qurumun saytını dağıdıblar. Bundan sonra isə seçkinin monitorinqini aparan çoxlu sayda təşkilatların saytları güclü haker hücumuna məruz qaldı.

Əlbəyaxa dava və polis zorakılığı

Bilavasitə seçki məntəqələrində kütləvi saxtakarlıq bütün elementlərilə müşahidə olunmağa başladı. Blogerlər öz saytlarında dəstə-dəstə bülletenlərin seçki qutularına atılmasını əks etdirən videoçəkilişlər yerləşdiriblər. Sankt-Peterburq kimi iri şəhərdə belə, günorta saatlarında seçki bülletenlərinin qurtardığı elan edilib və bu, kütləvi “karusel əməliyyatı”nın mövcudluğundan xəbər verir. Bomjlara və qoca “babusya”lara hazır bülletenlərin verilməsi kütləvi hal alıb.
Saxtakarlıqlar bülletenlərin sayılması mərhələsində də eyni kütləviliklə davam edib. Təkcə “Qolos” assosiasiyası səssayma prosesi ilə bağlı 1300-dən artıq şikayət qəbul edib. Hətta paytaxt Moskvanın səsvermə məntəqələrində belə, səslərin sayılması zamanı bülleten atılmasının qarşısını almaq üçün əməlli-başlı əlbəyaxa davalar baş verib. Polis müxalifətdən olan müşahidəçiləri bir çox yerlərdə məntəqələrdən zorla uzaqlaşdırıb.
Qısaca, onu demək mümkündür ki, saxtakarlıq naminə Azərbaycan seçicisinə bəlli olan və olmayan bütün zorakılıqlardan və vəhşilik metodlarından istifadə edilib. Bütün bunlara baxmayaraq, hakim “Vahid Rusiya” partiyasının səslərini 50 faizdən artıq qaldırmaq mümkün olmayıb.

Ucqarlar və dəlixanalar

Bu partiyanın taleyini seçkilərin maksimum saxtalaşdırılmasının mümkün olduğu yerlərin hesabına xilas etmək mümkün olub. “Vahid Rusiya”ya, məsələn, Dağıstanda 91,3, Çeçenistanda 99,4, Cənubi Osetiyada 80,1 faiz səs yazmaq mümkün olub.
Rusiyanın mərkəzində isə bu rekordu psixiatriya xəstəxanalarının pasientləri təzələyiblər- 90 faizdən artıq. Ən yüksək göstəricini Qilyarevski psixodispanseri göstərib – 93 faiz.

Saxtakarlıq olmayan yerlərdə

Rusiyanın xaricində saxtakarlığın olmadığı məntəqələrdə isə heyrətamiz dərəcədə fərqli nəticələr qeydə alınıb. Məsələn, Almaniyada “Yabloko” 30,4 faiz səs alıb. Sudanda və Tailandda kommunistlər qələbə çalıb.

Rusiyada yeni təbəqə yaranıb

Ekspertlər bildirirlər ki, seçkinin nəticələri Rusiyada orta təbəqənin formalaşdığını göstərir. Bu təbəqə siyasi proseslərdə uğurla iştirak etməyə başlayıb. Bu fikrin əsas müəlliflərindən biri Rusiyada Demokratiya Problemləri Fondunun prezidenti Maksim Qriqoryevdir: “Əlbəttə, bu seçkilərdə tamamilə yeni məsələlər meydana çıxdı. Birincisi, müxalifət ciddi səs artımı əldə edib… Az qala, unudulmuş kimi görünən ”Yabloko” bloku parlamentə düşməsə belə, ciddi səs ala bildi… Orta təbəqə, nəhayət, formalaşıb və siyasətdə ciddi rol almağa başlayıb. Xüsusilə, çoxmilyonluq şəhərlərdə bu təbəqə seçkilərin taleyini həll etdi…”

Avropa saxtakarlıq faktlarını ifşa etdi

Avropa müşahidə missiyasının rəhbəri, ATƏT-in prezidenti Petros Eftimiu bəyan edib ki, seçki hakimiyyət orqanlarının çoxlu sayda qanunsuz müdaxiləsilə baş tutub, müşahidəçilərin işinə maneçilik törədilib: “Səslərin sayılması zamanı çoxlu sayda qanun pozuntularına, seçki qutularına bülleten atılması hallarına yol verilib”.
AŞ PA müşahidə missiyasının rəhbəri Tini Koks da təsdiq edib ki, seçki prosesi zamanı ciddi qanun pozuntularına yol verilib.
Yalnız MDB müşahidə missiyası seçkilərin ədalətli və demokratik keçirildiyini bəyan edib. Görünür, TürkPa-dan və Mərmərə qrupundan müşahidəçilərin olmaması onları tərif siyahısında tənha qoyub.

Dumaya seçkilərin nəticələri dünya mətbuatında da geniş təhlil olunur.

“The Wall Street Journal” (ABŞ) yazır ki, Vladimir Putinin hakimiyyətdə olduğu 11 il ərzində bu seçkilərin nəticələrini onun ən böyük uğursuzluğu adlandırmaq olar: “Bu nəticələrÿ onun icad etdiyi və ”suveren demokratiya” adlandırdığı idarəetmə sisteminin yararsızlığını göstərir. Seçkilər zamanı çoxlu sayda saxtalaşdırma faktları baş verib ki, bunlar yaxın günlərdə Qərb mətbuatında müzakirə ediləcək. Bir çox şərhçilər isə bu nəticələri hakimiyyət partiyası üçün “katastrofik” adlandırır”.

“The New York Times” (ABŞ) qəzetində Rusiyadakı seçkilərə həsr olunan məqalədə vurğulanır ki, bu seçki təkcə referendum forması yox, həm də Putinin planlarına uyğun olaraq onun hakimiyyət başında qalması üçün test idi: “Nəticədə, seçicilərin artıq 11 ildir ki, hakimiyyətdə olan elitadan bezdiyi üzə çıxdı.ÿ Siqnal açıq-aşkar göründü, üstəlik, seçkidən dərhal sonra cənab Putinin prezident seçkilərinə qatılacağı barədə bəyanatını yaddan çıxarmaq olmaz… Seçicilərin əksəriyyətiÿ məyusluqla bildirirlər ki, onlar hakimiyyətdən narazı olduqlarını bildirmək üçün ”Vahid Rusiya”dan başqa bütün partiyalara səs vermək yolunu tutublar, bülletenləri xarab ediblər və seçkini boykot ediblər”.

“The Guardian” (Ingiltərə) da Rusiyadakı seçki ilə bağlı yazılara yer verib: “Vladimir Putin yeni parlamentdən gözləntisini açıq şəkildə bəyan etmişdi: milli sədaqət görsənişi.ÿ Parlament müxalifətin yeri deyil… Putin həqiqətən də, güman edirdi ki, gözlədiyi nəticəni əldə edəcək. Duma seçkilərini boykotdan xilas etmək üçün, o, seçkidə iştirak faizinin ən yüksək səviyyədə olması üçün əlindən gələni etdi… Putinin yorulmuş xalqdan və onun özünün yaratdığı yarımavtoritar rejimdən başqa güclü rəqibiÿ yoxdur. Hətta ilk iki müddətdə ona dəstək verənlərin böyük əksəriyyəti də, martda nəzərdə tutulan prezident seçkilərindən sonra onun hakimiyyətdə qalacağı ehtimalından pərişan olurlar”.

Ingiltərənin başqa bir nəşri “The Times” yazır ki, bu seçkinin nəticələri Putinə xalqın ondan bezdiyini göstərən daha bir tutqun siqnal oldu: “Onun avtoritar hakimiyyəti cəmi bir neçə ay əvvəl məğlubedilməz sayılırdı. Indi isə ”Vahid Rusiya” başqa partiyalarla əməkdaşlıq etmədən, hətta parlamentə nəzarət də edə bilməz. Ruslar bir daha göstərdilər ki, onların iradəsini heç kim qulaqardına vura bilməz”.

“Der Spiegel” (Almaniya) isə sözügedən məqalədə seçki prosesində yol verilən saxtakarlıqlara diqqət çəkib: “Hər cür saxtakarlıqlara, rəqiblərinə qarşı kiberhücumlara baxmayaraq, ”Vahid Rusiya” parlament seçkilərində nəticələrini pisləşdirdi… Milyonlarla insan daha Kremlə inanmır. Rusiya seçiciləri Putini cəzalandırdı.
Qərb standartlarına görə “Vahid Rusiya”nın nəticələri qələbə hesab edilə bilər. Amma Putinin “idarəolunan demokratiya”ÿ sistemi üçün bu rəqəmlər “katastrof” deməkdir. 2007-ci ildə Putin 45 milyon səs almışdı. Bu seçkilərdə isə 12 milyon az səs aldı…”.

Informasiya şöbəsi