“Lider ölkə”də uşaqlara dilənçi payı

Uşaq müavinətlərinin həcminə görə, Azərbaycan axırıncı yerdədir

Azərbaycanın regionda lider dövlət olduğunu bəyan edən hakimiyyət əhalinin sosial rifahının durmadan yüksəldiyini desə də, reallıq bunun əksini göstərir. Kiçik araşdırma əhalinin yaşayış səviyyəsinin hökumətin təqdim etdiyindən xeyli aşağı olduğunu ortaya çıxarır. Hakimiyyətdə təmsil olunanlardan fərqli olaraq əhalinin böyük qismi neft ölkəsinə və ən əsası regiona yaraşmayan səviyyədə yaşayır. Ən acınacaqlısı isə odur ki, hökumətin uşaqların, gənclərin rifahına yönələn addımlar atması ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil. Neft ölkəsində doğulan uşaqlar üçün müəyyən edilən müavinət isə biabırçı səviyyədədir. Hər dünyaya gələn uşağa görə ailəyə 75 manat müavinət verilir. Eyni zamanda işləyən ana analıq məzuniyyəti dövründə hər ay üçün 20 manat müavinət alır. Əgər ana uşağı 1 yaş yarıma çatanadək evdə oturarsa, eyni müavinət, 3 yaşadək isə 15 manat ödənilir. Işləməyən analar isə bundan da məhrumdur.  Onlar yalnız birdəfəlik 75 manatlıq yardım alır. Bu göstəriciyə görə Azərbaycan dünyada ən acınacaqlı sıralardan birini tutur.

Azərbaycanda 75 manat, Ukraynada 1800 dollar

Rəsmilər Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayandığını desə də, araşdırmalar bunun da yalan olduğunu üzə çıxarır. Çünki uşaq pulunun səviyyəsinə görə ölkəmiz nəinki inkişaf etmiş dövlətlərlə müqayisə oluna bilməz, hətta MDB ölkələrindən də geri qalır. Məsələn, Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir. Belarusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.
Iqtisadiyyatı “batan” Ermənistanda müavinət 135 dollardır
Hakimiyyət bir qayda olaraq Azərbaycandakı durumu Ermənistanla müqayisə etməyi xoşlayır. Bu ölkədə əgər birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 95 dollar alır. Qeyd edək ki, bu ölkədə yaşayış minimumu 70 dollar təşkil edir. Azərbaycanda isə bu göstərici xeyli artıqdır. Digər MDB ölkələrində də bu sahədə vəziyyət Azərbaycanla müqayisədə xeyli fərqlidir.

Fransada uşaq doğulmamış anaya müavinət verilir

Azərbaycanın inkişaf etmiş ölkələrlə müqayisəsi isə, ümumiyyətlə, yersizdi. Misal üçün, Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir. Avstriyada birinci uşağa 10 yaşına qədər ailə 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaran 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda, müavinət 27 yaşa qədər ödənir.
Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür.
Fransada, hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. Iki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir.
ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollardır. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər. 
Böyük Britaniyada isə uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır.
Isveç hökuməti isə hər uşağa görə 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub.
Israil dövləti isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir. 
Finlandiyada isə hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir.
Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir. Isveçrədə isə bu göstərici 345 dollar təşkil edir. Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.
Neft ölkəsi olan Birləşmiş Ərəb Əmirliyində müavinət 20 min dollardır
Azərbaycandan fərqli olaraq neft ölkələrində uşaqlara verilən müavinət olduqca yüksəkdir. Hətta son bir ildə üsyanların baş verdiyi ölkələrdə də bu sahədə vəziyyət xeyli yaxşıdı. Məsələn, Tunisdə 400 dollardan aşağı müavinət yoxdur. Liviyada isə hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyir. Birləşmiş Ərəb Əmirliyi isə bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur.
Bu siyahını bir qədər də uzatmaq olar. Ancaq bu rəqəmlər YAP hakimiyyətinin növbəti yalanını üzə çıxarmaq üçün kifayət edir. “Uğurla inkişaf edən” neft ölkəsində yeni doğulan uşaqlara verilən müavinət onların ən kiçik xərclərini belə, ödəmək gücündə deyil. Azərbaycanda doğulan hər uşaq dünyaya gəldiyi andan hakimiyyətin “qayğısını” öz üzərində məhz belə hiss edir.

Fizzə