Qərbi Azərbaycanlılar Əli Ömərova səs verdi
Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin iki gün əvvəl keçirdiyi tədbir bir sıra məqamlarla yadda qalıb. Məsələn, bunlardan biri əslən Qərbi Azərbaycandan olan şəxslərin şəxsiyyət vəsiqəsi alarkən yaşadığı mənəvi sarsıntıdır.
Yeri gəlmişkən, Ermənistanda anadan olmuş şəxslərə şəxsiyyət vəsiqəsi verilərkən onların anadan olduqları kəndlərin adının da sənədə yazılması üçün cəmiyyət daxili işlər nazirinə müraciət qəbul edib.
Keçmiş baş prokuror Əli Ömərov tədbirdəki çıxışında bildirib ki, Ermənistanda anadan olan şəxslərə şəxsiyyət vəsiqəsi verilərkən doğulduqları tarixi türk adlı kəndlərin adları qeyd edilmir: “Amma sonradan dəyişdirilərək erməni adıyla əvəz edilən rayonun adı qeyd edilir. Bu, məkrli addımdır. Biz tələb edirik ki, Ermənistanda anadan olmuş insanlara verilmiş şəxsiyyət vəsiqələri dəyişdirilsin və orada anadan olduğu rayonun və kəndin tarixi adı qeyd edilsin”.
Əslən Qərbi Azərbaycandan olan digər şəxslər də sənədə tarixi türk adının yazılması təklifini müsbət qarşılayaraq, bunun çoxdan zamanı gəldiyini bildirdi. Məsələn, deputat Fəzail Ağamalı deyir ki, indiki Ermənistan inzibati ərazisinin qədim Azərbaycan torpağı olduğunu tarix sübut edib: “Oradakı dağ, təpə, yaşayış məskənlərinin adının necə olduğu eramızdan əvvəlki əsrlərə söykənir. Ermənistan Rusiya imperiyası tərəfindən yaradılandan sonra tarixi torpaqlarımızda tarixi adlarımız erməniləşdirilərək, erməni adı qoymaqla oradan izimizi silməyə çalışdılar. Sonra da Azərbaycan türklərini ordan zaman-zaman qovmaq siyasətini həyata keçirərək buna nail oldular. Bütün tarixi faktlar birmənalı şəkildə sübut edir ki, ermənilər özləri üçün yad olan bir torpaqda dövlət qurub. Sonra isə aborigen xalqı, onun bütün izini ordan silməyə çalışıb. Gələcək nəsillər, həmçinin gələcəkdə bizim ora qayıdışımız üçün ən azı, bu gün şəxsiyyət vəsiqələrində, Azərbaycanın tarixi sənədlərində həmin tarixi adlar qorunub saxlanmalıdır”.
Fəzail Ağamalı tarixi türk adlarının şəxsiyyət vəsiqələrində qeyd edilməsinə tərəfdar çıxaraq bunu vacib məqam kimi vurğuladı. Deputat sözügedən məqamla bağlı parlamentdə məsələ qaldırmağı da münasib sayaraq, bunun milli maraqlarımıza cavab verdiyini söylədi.
Qərbi Azərbaycan Icmasının təmsilçisi Köçəri Nağıyev də şəxsiyyət vəsiqələrində rayonların adları yazılsa da, kəndlərin adlarının yazılmadığını təsdiqlədi və bildirdi ki, bu tendensiya Qərbi Azərbaycandakı kəndlərin yaddaşlardan silinib getməsinə şərait yaradır: “Ona görə də təşkilat adından müraciət etdik ki, unudulmaması üçün şəxsiyyət vəsiqələrimizə anadan olduğumuz kəndin adı da yazılsın. Azərbaycanın bütün vətəndaşlarına verilən bütün şəxsiyyət vəsiqəsi kimi, eyni zamanda, deportasiya olunmuş insanların da anadan olduğu kəndlərin adı yazılsın”.
Köçəri bəy vəsiqədə kəndlərin adının yazılmamasının hansı məqsədə xidmət etdiyinin anlaşılmaz olduğunu da söylədi. Yəni, vəsiqələrdə belə bir vacib məqamın unudulmasının səhlənkarlıq, yoxsa qərəzdən baş verməsi aydın deyil.
Nigar