Əsəd rejimi bir gündə 30-a yaxın etirazçını öldürdü
Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı etirazlar davam edir. Ötən gün cümə namazından sonra küçələrə axışan yüz minlərlə suriyalı Əsəd rejimi əleyhinə aksiya keçirib. Ölkənin müxtəlif şəhərlərində baş tutmuş ənənəvi cümə etirazlarında “Tələbimiz bufer zona!” şüarı səsləndirilib. Nümayişçilər Bəşər Əsədin istefası və beynəlxalq birliyin iştirakıyla bufer zonanın yaradılmasını tələb ediblər.
Hökumət qüvvələri yenə də etirazların dağıdılması üçün odlu silahdan istifadə edib. Yayılan məlumatlara görə, müxaliflərlə hökumət qüvvələri arasında yaranmış qarşıdurma nəticəsində 8-i hərbçi olmaqla, 35 etirazçı həyatını itirib. Bu arada, Bəşər Əsədin istefasını tələb edən siyasi və hərbi müxalifət birləşib. Razılaşma Türkiyənin paytaxtı Ankarada əldə olunub. Ankarada bir araya gələn Suriya Milli Şurası və Azad Suriya Ordusu təmsilçiləri fəaliyyətlərini əlaqələndirmək barədə qərar qəbul ediblər.
Qeyd edək ki, Azad Suriya Ordusu müxalifət tərəfə keçmiş zabit və əsgərlərdən təşkil olunub. Silahlı mübarizə aparan quruma Türkiyədə sığınacaq almış polkovnik Riyad Musa Əsəd rəhbərlik edir.
Əsəd rejimi isə Türkiyənin addımlarına etiraz əlaməti olaraq, Ankara ilə azad ticarətlə bağlı müqaviləni dondurub. Bu qərarın Türkiyənin baş naziri Əhməd Davudoğlunun bir gün əvvəl elan etdiyi addımlara cavab olduğu bildirilir. Suriya hökuməti Türkiyəyə qarşı başqa addımları da nəzərdən keçirir.
Bundan başqa, 2005-ci ildən Türkiyənin Qaziantep şəhərində fəaliyyətə başlayan Suriya konsulluğu da fəaliyyətini dayandırıb. Konsulluğun qapısına Türk və ərəb dillərində “Qaziantep Suriya Ərəb Respublikası Başkonsulluğu yeni bir məlumata qədər bağlı olacaq” elanı vurulub.
ABŞ isə Bəşər Əsədin tərəfdarlarına qarşı sanksiyaları genişləndirib. Obama administrasiyası siyahıya Bəşər Əsədin dayısı Məhəmməd Məxlufu və 4-cü zirehli tank diviziyasının komandanı general Aus Aslanı daxil edib. Suriyanın “Military Housing Establishment” şirkəti və “Real Estate” Bankı da sanksiyalarla üzləşəcək.
Bu şəxs və şirkətlərin ABŞ-da hesabı aşkarlanarsa, dondurulacaq. ABŞ vətəndaşlarına bu fiziki və hüquqi şəxslərlə işgüzar əlaqələr qurmaq qadağan olunub.