Oqtay Şirəliyev Rövnəq Abdullayevə qalib gəldi

ARDNŞ-in tabeliyində olan tibb ocaqlarının qurumun balansından çıxarılacağı ilə bağlı yazdıqlarımız təsdiqini tapdı

Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan, lakin neft sahəsinə aid olmayan təsərrüfatların qurumun balansından çıxarılacağı barədə yazdıqlarımız təsdiqini tapır. Artıq 2012-ci il yanvar ayının 1-dən Mərkəzi Neftçilər Xəstəxanası Dövlət Neft Şirkətinin balansından rəsmi olaraq çıxacaq. Xəstəxana Səhiyyə Nazirliyinin(SN) nəzdində fəaliyyət göstərəcək. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli mətbuata açıqlamasında belə deyib.
O, həmçinin bildirib ki, Mərkəzi Neftçilər Xəstəxanasında çalışan səhiyyə mütəxəssislərinin maaşları, neftçilərə edilən güzəştlər, həmçinin xəstəxananın tərkibində təsərrüfat hesablı laboratoriya ilə bağlı məsələlərin tənzimlənməsi üçün xüsusi mexanizm hazırlanır. “Bununla bağlı konkret bir söz deyə bilməsəm də, biz bu mexanizm üzərində işləyəcəyik və gələn həftə bununla bağlı dəqiq məlumat açıqlanacaq”,- deyə mətbuat xidmətinin rəhbəri əlavə edib. Xatırladaq ki, “Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, qeyri-neft təsərrüfatlarının müvafiq nazirliklər və dövlət qurumlarına verilməsi barədə Rövnəq Abdullayevin qarşısında konkret şərt qoyulub. Xüsusilə Diaqnostika Mərkəzləri və xəstəxanaların tezliklə Səhiyyə Nazirliyinin balansına verilməsi bildirilib. Rövnəq Abdullayev kifayət qədər gəlir gətirən bu təsərrüfatları əldən vermək istəmir. O, hətta bu məqsədlə neftçiləri də ayağa qaldırmağa çalışır. Lakin görünür, ARDNŞ prezidentinin bütün cəhdləri boşa çıxıb və səhiyyə naziri Oqtay Şirəliyevə uduzmalı olub.

Informasiya şöbəsi