İnqilab dalğası Rusiyanı da vuracaq

Bəşər Əsəd növbəti inqilab dayanacağının postsovet ölkələri olacağını deyib

Rahim Hacıyev: «Demokratikləşmə sunamisi Rusiyaya da gəlib çatacaq və bu ölkədə də dəyişiklik olacaq»

Ərəb ölkələrində xalq üsyanları baş qaldıranda inqilabların növbəti dayanacağının postsovet ölkələri olacağı barədə proqnozlar səsləndirilirdi. Artıq bu fikirlər beynəlxalq aləmin sanksiyaları ilə üz-üzə qalan Suriya diktatoru Bəşər Əsədin dilindən də eşidilib. Əsəd Kremlə xəbərdarlıq edərək Şimali Afrika və Yaxın Şərqdən sonra növbəti gərginlik nöqtəsinin postsovet məkanı olacağını deyib.
Rəsmi Dəməşq əmindir ki, Suriyadan sonra Qərbin nəzərləri keçmiş SSRI məkanına yönələcək. Yekun nəticədə isə inqilab dalğası Rusiyaya qədər gedib çıxacaq. Bəzi ekspertlərə görə, sona qədər Moskvanın ona dəstək verməsini istəyən Əsəd bu yolla Rusiyanı şantaj etmək niyyətindədir. Bəs, əslində Bəşər Əsədin postsovet məkanı ilə bağlı bu kimi fikirlər səsləndirməsi nə məqsəd daşıyır?
Siyasi ekspert Rahim Hacıyevin fikrincə, demokratikləşmə prosesinin dünyanın müxtəlif regionlarını əhatə edəcəyinə artıq heç bir şübhə yoxdur. Eyni zamanda Bəşər Əsəd hansı dəhşətli avantüraya baş vurduğunu da yaxşı anlayır: “Suriyanın demokratik dünya qarşısında duruş gətirəcəyinə, totalitar, qaniçən bir rejimi qoruyub saxlayacağına onun özünün də ümidi azdı. Bəşər Əsəd bununla Moskvanı şantaja cəhd edib ki, Rusiya sona qədər ona yardımçı olsun”.
Ekspertin sözlərinə görə, Rusiyanın demokratik dünyaya, dünyadakı proseslərə təsir imkanı olduqca məhduddur. Artıq Moskvada da anlayırlar ki, demokratikləşmə sunamisi Rusiyaya da gəlib çatacaq və bu ölkədə dəyişiklik olacaq.
Bununla belə ekspert Rusiyaya inqilab dalğasının digər postsovet ölkələrindən keçəcəyini də vurğuladı: “Bilavasitə keçmiş sovetlər ölkəsində demokratikləşmə mərhələsinin başlaması Rusiyaya çox ciddi təsir göstərəcək. Bu, Rusiyadakı demokratik, azadlıq istəyən qüvvələrin ölkədə mövcud olan qatı avtoritar rejimə qarşı çıxması ilə nəticələnəcək. Bu baxımdan biz Bəşər Əsədin fikri ilə razılaşmaya bilmərik”.

Fizzə