AXCP Gənclər Komitəsi bəyanat verdi

«Cəmil Hacıyevin işdən azad edilməsi onun siyasi fəaliyyətilə bağlıdır»

Hakimiyyətin gənc ictimai fəallara qarşı təzyiqi davam edir. Xəbər verdiyimiz kimi, noyabrın 23-də Azərbaycan Demokrat Partiyasının (ADP) gənclər müşaviri Cəmil Hacıyev işlədiyi Bakı şəhər Mədəniyyət və Turizm Idarəsindən çıxarılıb. Idarə rəhbərliyi Əmək Məcəlləsinin 70-ci maddəsini əsas göstərib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsi (AXCP GK) baş verənlərlə əlaqədar bəyanat yayaraq, Cəmil Hacıyevə qarşı bu qanunsuzluğu Azərbaycan gəncliyinə edilən növbəti ədalətsizlik kimi qiymətləndirib. AXCP gəncləri vurğulayır ki, Cəmil Hacıyevin işdən azad edilməsi onun ictimai və siyasi fəaliyyətilə bağlıdır. Bu fikri əsaslandırmaq üçün yada salınır ki, Cəmil Hacıyev gənclərin və Ictimai Palatanın keçirdiyi aksiyalarda dəfələrlə qanunsuz olaraq həbs edilib.
“Gənc Fəalın işdən azad edilməsi ilk növbədə Konstitusiyanın 25-ci maddəsinin pozulmasıyla müşayiət olunub. Bu hal Azərbaycan gəncliyinə və hakimiyyətə əks mövqeyi olan insanlara qarşı təzyiqlərin davamıdır”, – deyə bəyanatda qeyd olunub. AXCP Gənclər Komitəsi siyasi mənsubiyyətinə görə gənclərə qarşı bu ayrı-seçkiliyi qətiyyətlə pisləyir, hakimiyyəti ictimai fəallara qarşı təzyiqlərə son qoymağa çağırır, həmçinin Cəmil Hacıyevin vəzifəsinə bərpa olunmasını tələb edir.