Mollaların da danışmaq vaxtı gəlib çatdı. Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyası Idarə Heyətinin üzvü Bahar Muradova mediaforum.az saytının suallına çox açıq bir cavab verib. Müxbir soruşub ki, Rafiq Tağının ölümünə fitva vermiş iranlı ayətullah Məhəmməd Fazil Lənkəraninin oğlu axund Məhəmməd Cavad Lənkərani Azərbaycan Respublikası əhalisinə müraciət edərək Rafiq Tağının qətlə yetirilməsinə görə müsəlmanları təbrik edib, hadisəni alqışlayıb. Azərbaycanın rəsmi qurumları buna heç bir reaksiya vermir. Nə üçün?
Bahar Muradova da deyib ki, əgər Iran rəsmiləri hansısa fikir səsləndirmiş olsaydı, onda Azərbaycan dövlətindən belə bir cavab, reaksiya verilməsini tələb etmək olardı: “Deyirsiniz ki, bu şəxs Iran mollasıdır. Molla belə bir fikir səsləndirib. Iran mollasının səsləndirdiyi fikirlərə, qoy, Azərbaycandakı mollalar cavab versin də. Niyə cavab vermirlər? Azərbaycan mollaları cavab versin və desinlər ki, öz ölkəndəki dini işlərlə məşğul ol, bizim dövlətin dini işlərinə qarışma. Azərbaycan dövləti hər hansı bir şəxsin sayıqlamasına reaksiya verməməlidir. ”
Çox maraqlı məqamdır və çox maraqlı suallar doğurur:
1. Sənin vətəndaşına qətl fərmanı oxuyan adam Iran xalçaçısı olsa, onda buna bizim xalça toxuyanlarımız, Iran sürücüsü olsa, onda da sürücülərimiz cavab verməlidir?
2. Dövlətin dini işlərinə qarışanlara niyə dövlət yox, mollalar cavab verməlidir?
3. Deyirsiniz ki, Azərbaycan dövləti hər hansı bir şəxsin sayıqlamasına reaksiya verməməlidir. Məgər Azərbaycan dövləti yalnız ağıllı fikirlərə münasibət bildirir?
4. Rəsmilər yalnız rəsmi çıxışlara cavab verirsə, niyə onda ölkədəki durumla bağlı beynəlxalq nüfuza sahib QHT-lər hesabat verəndə bizim rəsmilər dərhal təkzib verir, bu hesabatı hazırlayan qeyri-rəsmiləri ittiham edirlər?
5. Ölkədə vətəndaşların haqlarını və təhlükəsizliyini qorumaq üçün bizim mollalar Konstitusiyaya and içibmi, Qurana əl basıbmı? Onlar hər hansı cavabı vermək üçün maaş alırmı?
Mollalardan prezidenti tərifləmək tələbi…
Yuxarıdakı sualların ortaya çıxardığı həqiqətlər bir yanadır, reallıq da bir ayrıdır. Bu ölkədə kimə indiyədək danışmaq azadlığı verilib ki, mollalar da bu hüquqa sahib olsun. Hakimiyyət uzun illərdir Şeyx də başda olmaqla bir qrup molladan “dini aristokratiya”“ düzəldib” YAP-a işlədir, onlardan yalnız siyasi məddahlıq tələb edir. Onlar da prezidentin mədhini göylərə qaldırır, əslində ikrah yaradacaq işlərlə məşğul olurlar. Hətta bir dəfə Allahşükür Paşazadə belə fikir söyləmişdi: “Heydər Əliyevə qarşı çıxan Allaha qarşı çıxır”“.
Mollalardan illərdir bunu tələb etmisiniz. Indi isə başınızı qaldırırsınız ki, məscidlər Iran yuvasına dönüb, talesiz, işsiz, zülm çəkən müsəlmanların bir xeylisi də Iranın isti sözlərinə qulaq asır. Bizim olan mollaya artıq qulaq asanmı var?! Ölkənin din adamlarını YAP-ın təbliğatçıları edəndə bilməli idiniz ki, onların yerinə başqası danışacaq…
YAP-ın vaxtı
Mollalara danışmaq vaxtı müəyyən edən YAP-çılar bilməlidir ki, Türkiyə və Avropa olmasaydı, Iranın molla rejimi çoxdan Azərbaycanı alt-üst etmişdi. Məhz bu rejimin yanlış və məhvedici siyasəti nəticəsində. Türkiyə şahinlərini xatırlayın. Onlar Bakı səmasında süzməmişdən öncə Iran uçaqları iki gündən bir hava sərhədimizi pozurdu. Odur ki, ağlı başında olan hər kəs anlayır ki, indi mollaların danışmaq vaxtı deyil, YAP-çıların getmək vaxtıdır. Demokratiya vaxtıdır.