Kriminal rejim görsənişləri

Dünən Zabrata getmişdik. Söz çağına çəkər, deyiblər. Üç il qabaq, ilin bu çağı keçib getdiyimiz yollardan, küçələrdən keçib gedirdik. Yollar darmadağın, küçələr bir həftə qabaq yağmış yağışın yaratdığı gölməçələrdən keçilməz! Azərbaycan adamı uşaqlı-böyüklü, kişili-qadınlı bu dağılmış yollardan, bu keçilməz küçələrdən keçib dərsə, işə (iş varsa), ora-bura gedir. Getdiyimiz evin yiyəsini qanıqara görürük. “Tezdən poliklinikaya getmişdim, maşını saxlayıb içəri girməyimlə çıxmağım bir oldu. Gördüm maşını evakuatora mindirib aparırlar. Yalvar-yaxarın yararı olmadı, apardılar. Sonra da maşını qaytarmaq üçün məndən 40 manat aldılar. Müəllim adamam, aldığım maaş vur-tut 200 manatdır. Onun da 40 manatı bir saatın içində getdi. Evdən çıxdığını görürsən, hər yerdə səni soyurlar. Bu nə hökumət, bu nə dövlət, bu nə dövlətçilikdi  belə?!”. 
Canım-gözüm millət, bu, Azərbaycan xalqını yenməyə yönəlmiş Ilham Əliyev hökuməti, Ramiz Mehdiyev dövləti, Heydər Əliyev dövlətçiliyidir! Hər yerə maşın saxlama yasağı qoymaq – evakuator faktoru – bu da bir biznesdir, çox gəlirli biznes!
“Tez yardım”da işləyən həkim-yazıçı-publisist Rafiq Tağı gündüz “tez yardıma” xəstə gətirib. “Adamı yoxdur” deyə, xəstəyə yiyə duran olmayıb. Rafiq bəy bunun üstündə həkimlərlə dalaşıb. Gecə Rafiq bəyin özünü 7 bıçaq yarasıyla (bu rejimlə barışmayan Elmar Hüseynova 7 güllə vurulmuşdu!) “tez yardıma” gətirirlər. 6 saat çəkən operasiya boyunca tibb bacısı həkimin ayaqçısı olaraq dönə-dönə qapıya çıxıb Rafiq Tağının adamlarına üz tutur: – Xəstə çoxlu qan itirib, qan verin; bint; spirt; şpris… nələr, nələr… alın gətirin!? Qan vermək istəyənlər xəstənin qan qrupunu soruşurlar. “Qrupun fərqi yoxdu, kim qan vermək istəyir, gəlsin, – deyirlər”. Beləliklə, onlar ələ düşmüş girəvədən yararlanaraq başqalarına satmağa qan qazanırlar!
“O qədər yarası olan, qan itirən xəstə ən azı 4-5 gün reanimasiyada, ciddi nəzarət altında saxlanmalıydı, ancaq qardaşımı bircə gün saxlayıb, palataya köçürdülər. Həkimlər yaxşı baxmadılar ona, düzgün müalicə getmədi…”, – bacısı deyir. Ancaq… görəsən, bu bacı bilirmi “tez yardımda” bir günlük koykanın qiyməti neçəyədir? Bütün xəstəxanalarda koykanın ağır qiyməti var. “Tez yardım”da bu qiymət lap ağırdır. Indi xəstənin günü sayılmır, koykanın günü sayılır. Bu baxımdan həkim baş həkimi, baş həkim səhiyyə nazirini, nazir prezident administrasiyasını aldada bilməz. Bu ölkədə (bu rejimdə!) PUL çıxan nə var, hamısı dəmir kontrol altındadır.
Rejim sözçüsü Rafiq Tağıya TERROR faktını “kriminal” adlandırdı. Kriminal milyardlarla gəlir içində Bakıya bitişik Zabratın dağıntı içində olması, ölkə yurddaşlarının xəstəxanalarda, ölüm ayağında belə, əxlaqsızcasına soyulmasıdır! Kriminal Avropadakı hansısa Petka kilsəsinə 50 min avro, Belarus diktatoru Lukaşenkoya 300 milyon manat bağışlayan, özünün lobbiçiliyi üçün Avropada, Amerikada milyonlarla pulu sağa-sola səpələyən kimsənin Azərbaycan xəstəxanalarında, məktəblərində soyğunçuluq siyasəti yürütməyidir. Başqaları bir yana, ölümcül yaralarla “tez yardıma” gətirilmiş tanınmış həkim-yazıçı-publisistin qanını yumağa spirt, yarasını bağlamağa bint tapılmırsa, – REANIMASIYADA! – bu, hökumət-dövlət çapında CINAYƏT sayılmalı, ən aşağılardan ən yuxarılaradək kimlərsə kəsinliklə buna görə damlanmalıdır!
Ilin sonuna iki ay qalmış dövlət büdcəsində 4 milyard 500 min manat QALIQ ortaya çıxıb. Ən yüksək instansiya bu qalıqdan öz payını götürəndən sonra (ola bilsin, 4 milyard) qalanın tezliklə, özü də “legitim” olaraq mənimsənməsi üçün Bakı bir ayın içində barışmaz düşmənlərin döyüş meydanına çevrilib: hər yeri qazıb töküblər! Bir-iki il qabaq qoyulmuş bordürləri söküb yerinə Koreyadan alınıb gətirilmiş mərmər qoyurlar. Beləcə, xalqa gərəkli sosial siyasət yerinə xalqı aldatmağa yönəlmiş DEKORASIYA siyasəti yürüdülür.