Neft niyə Azərbaycanı yaşamalı ölkəyə çevirmir?

Hüquqi, demokratik quruluş olmadığından ölkə yerində sayır

BMT insan inkişafına dair növbəti hesabatını təqdim edib. Məruzəyə əsasən, yaşayış üçün ən əlverişli ölkələr sırasında birinci yerdə Norveç qərarlaşıb. Azərbaycan isə insan inkişafı indeksilə 91-ci yerdə dayanıb. Norveçlə Azərbaycanı birləşdirən oxşar cəhətlər çoxdur. Bunlardan ən ümdəsi kimi onların hər ikisinin neft ölkəsi olmasını demək yetər. Maraqlıdır, neft ölkəsi Norveç yaşamalı diyarlar siyahısına liderlik etsə də, həmin neft Azərbaycanı yaşamalı ölkəyə çevirmir.
AXCP sədrinin müavini Gözəl Bayramlının qənaətincə, Norveç hakimiyyəti öz vətəndaşlarının hərtərəfli təminatçısı olduğunu birmənalı şəkildə bilir. Neft norveçlilərin sərvəti olsa da, Azərbaycanda bu məsələ tam əksinədir, yəni bu təbii sərvət xalqın deyil: “Bizim ölkəni idarə edənlər bu sərvəti öz övladlarının yaxşı, firavan yaşamasına xərcləməyi üstün tutur”.
Yazıçı-publisist Mehriban Vəzirin fikrincə, Norveçin uğurunun səbəbi öncə demokratiya, sonra isə neft gəlirləridir: “Bir ölkədə ki, xalq demokratiyaya sahib olub, sonra isə sərvətləri ortaya çıxıb, o zaman inkişaf təbiidir. Lakin Azərbaycanda sərvət olub demokratiya yoxdursa, həmin sərvət bir, ya iki nəfərin, yaxud bir ailənin əlində olur. Norveçdə şəffaf idaretmə var, hər bir vətəndaş yığım fondunun hər sentini hökumətin hara xərclədiyini yaxşı bilir. Eyni zamanda bu məsələ qanunlarla idarə olunur. Azərbaycanda Neft Fonduna yığılan bu sərvətin idarə edilməsi barədə qanun olmadığı üçün belə bir reallıqla üzləşmişik. Hüquqi, demokratik dövlət qurulmadığı üçün burda təbii sərvəti oğurlamaq, qarət etmək siyasəti yürüdülür. Ona görə də biz, təbii ki, 91-ci yerdə dayanacağıq”.

Nigar