Adı iki nəfəri girov saxlamaqda hallanan Dəyanət Ismayılov maraqlı faktlar açıqladı
Bakıda külli miqdarda borca görə 2 nəfərin 8 gün girovluqda saxlanıldığı barədə ötən sayımızda məlumat vermişdik. Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilirdi ki, noyabrın 28-də Mehman Ramiz oğlu Vahabzadənin və Samid Rasim oğlu Mikayılovun pul borcu ilə əlaqədar Nəsimi rayonu ərazisində – Dəyanət Əkbər oğlu Ismayılova məxsus ofisdə girov saxlanmaları barədə DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə əməliyyat məlumatı daxil olub. Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində onlar girovluqdan azad ediliblər. Ilkin araşdırmalarla müəyyən edilib ki, Dəyanət Ismayılov noyabrın 20-də M.Vahabzadəni və S.Mikayılovu aralarında olan 1,5 milyon dollarlıq borc məsələsini həll etmək adı ilə ofisinə dəvət edib və sonradan onların ofisdən çıxmalarına məhdudiyyət qoyub. D.Ismayılov borcu tam ödəyənə və mülkiyyətlərini onun adına keçirəcəklərinə qədər onları girov saxlayacağını bildirib. Araşdırmalar zamanı M.Vahabzadənin və S.Mikayılovun ayrı-ayrı şəxslərə ümumilikdə 3 milyon manat borclarının olduğu da müəyyən edilib.
Cinayətin bilinməyən tərəfləri
Adı adam girov götürməkdə hallanan Dəyanət Ismayılov dünən “milli.az”a açıqlamasında barəsində yayılmış məlumatları şərh edib. O, oxşar məzmunlu fikirlərini “Azadlıq”ın veb-saytının şərhlər bölümünə də yazıb: “Haqqımda yayılan informasiya tamamilə səhvdir. Hazırda Mehman Vahabzadə və Samid Mikayılov azadlıqdadırlar. Onların ata-anasına zəng edib, həqiqəti öyrənin. Məsələ belədir – Mehman və Samid məndən başqa, ən azı, 15 nəfər adama 3 milyon pul ”atıblar”. Aldadılan şəxslər Mehman və Samidi telefonda təhdid edirlər. Samidin atası yanıma gələrək katibəmin gözləri qarşısında yalvararaq, övladını ofisimdə saxlamağı xahiş edib. Deyib ki, oğlumu burada saxlamasan, gəlib evimin içində öldürəcəklər. Bundan sonra onlar mənim ofisimdə qalıblar. Telefonları açıq olub, hər gün yeyib-içmək, “odnaklasnik”də yazışmaları olub. Belə girov olur ki? Girov bir yerdə bağlanılır, telefonu əlindən alınır”.
D.Ismayılov deyib ki, məqsədi M.Vahabzadə və S.Mikayılovu qorumaq olub: “Mənə bu adamların nə ölməsi, nə də tutulması sərf edir. Onları mən bilərəkdən gizlətmişəm ki, öldürməsinlər. Məqsədim olub ki, onlar işlərini yoluna qoyub, pul qazansınlar və pullarımı qaytarsınlar. Mahir və Samidin borclu olduğu adamların onları mənim yanımdan almaq üçün başqa yolları olmayıb. Bu yol ancaq polis idi. Onları çıxarmaq üçün yalandan polisə dedilər ki, girovdurlar, polis vasitəsilə onları çıxardılar. Bayırdan onları Vüqar Şəmsiyev və Zülfüqar adlı şəxslər təhdid edirdilər. Mən o adamları qorumuşam, insanlıq etmişəm. Insanlıq qarşısında mənim adıma ziyan gəlib. Bu gün axşam, uzağı sabah həqiqət ortaya çıxacaq. Onların mənə 1 milyon yarım borcları var. Mehman və Samid çox ağıllı adamlardır. Onların girov saxlanılmasından çox, işləyib mənə pullarımı qaytarması daha maraqlıdır. Bu şəxslər telefon biznesini Bakıda, Azərbaycanda ən yaxşı bilən adamlardır. Mənim işimi quran da onlardır. Indi iş olub, pul yeyilib. Onlar özləri gəlib mənə bu barədə deyiblər”.
Dəyanət Ismayılov kimdir?
Internetdəki axtarışlarımız zamanı Dəyanət Ismayılovun rəhbərlik etdiyi “Extreme” Azərbaycan cəmiyyətinin aktiv istirahətin təşkil olunması ilə məşğul olduğunu öyrəndik. Bura paraşütdən tullanma, alpinizm, sualtı səyahətin təşkili, ovçuluq, Azərbaycan bölgələrinə ekoturun təşkili, atıcılıq, atlar ilə gəzinti, hava şarı ilə səyahət və bu kimi xidmətlər daxildir. Bundan başqa, şirkət Afrika, Asiya, Cənubi Amerikanın 30-dan çox ölkələrinə ekstremal turizm də təşkil edir. Peşəkar çəkilişlərin aparılması, montaj işləri, studiyanın icarəsi, müasir işıqlandırma və səs sistemi, səsyazma studiyası, kamera və mikrofonların icarəsi də şirkətin fəaliyyət dairəsinə daxildir. Cəmiyyətin veb-saytında D.Ismayılovun öz haqqında da bəzi məlumatlar yer alıb. Belə ki, D.Ismayılov 29 iyul 1976-cı ildə Ucar şəhərində anadan olub. Türk litseyini bitirəndən sonra Türkiyənin Konya şəhərində Səlcuq Universitetinin Sənaye Mühəndisləri fakültəsində təhsil alıb. 1994-1999-cu illərdə Ankarada Qazi Universitetinin Beynəlxalq əlaqələr fakültəsində təhsilini davam etdirib. Türkiyədə təhsil aldığı illərdə paralel olaraq həm də biznes fəaliyyəti ilə məşğul olub. Hazırda isə Dubayda “Smart Mobail” şəbəkəsinin rəhbəri və “Extreme” Azərbaycan cəmiyyətinin prezidentidir.