Ölkədə taxıl istehsalı ilbəil «artır» – rəqəmlərdə…
Vahid Məhərrəmov: «Rəsmi statistika şişirdilib, bu gün buğda istehsalı 90-cı illərin statistik göstəricilərindən də aşağıdır»
Belə görünür ki, Azərbaycanda taxıl istehsalı ötənilkinə nisbətən artıb. Bu barədə açıqlama yayan Statistika Komitəsi Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirib ki, 2011-ci ilin yanvar-oktyabr ayı ərzində taxıl istehsalı yüksək kəmiyyətilə seçilib. Bu isə ötən ilin eyni dövrüylə müqayisədə taxıl istehsalının 23 faiz artması deməkdir. Rəsmi statistika ölkədə 2 milyon 300 min ton taxıl istehsal edildiyini bildirib.
Maraqlıdır, istehsalın artmasıyla bahəm, Gömrük Komitəsinin hesabatlarında da Azərbaycana hər il taxıl idxalının artdığı bildirilir. Istehsal artırsa, görəsən, nədən idxal da artmaqda davam edir?!
Hər iki qurumun statistikasını nəzərdən keçirərkən KTN-nin, yoxsa Gömrük Komitəsinin doğru dediyini dəqiqləşdirmək üçün müstəqil ekspertlərə üz tutduq.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun söylədiyinə görə, Statistika Komitəsi adambaşına 183 kiloqram ərzaq buğdasının istehlak edildiyini bildirir. Buna isə təkcə çörək məhsulu deyil, buğdadan alınan bütün ərzaq məhsulu aiddir: “Bu isə bizim hesablamamıza görə, 1 milyon 600-700 min ton buğda deməkdir. Halbuki, hər il 1 milyon 400 min tona yaxın buğda, o cümlədən un idxal edilir. Bu buğda və unun hamısı çörək-ərzaq məhsullarının istehsalında istifadə olunur. KTN hər il şişirdilmiş rəqəmlər açıqlayır və bunu da Statistika Komitəsi qəbul edir. Misal üçün, keçən və inişilə diqqət edək – burda 3 milyon 700 min tona qədər istehlak buğdasından söhbət gedir. Bu rəqəm bizim istehlak normamızdan dəfələrlə artıqdır. Bu isə mümkün deyil”. V.Məhərrəmov qeyd etdi ki, statistik rəqəmlərin özündə ziddiyyətli məqamlar var. Vahid bəyin qənaətincə, Gömrük Komitəsi ilə KTN-in sərhəddə olan nümayəndəsinin təqdim etdiyi məlumat bir-birinə uyğun gəlmir: “Əvvəl Gömrük Komitəsinin məlumatını verirlər, heç demə komitənin məlumatı azdır, bunu artırırlar. Son nəticədə eybəcər bir statistika ortaya qoyulur. Araşdırma aparan mütəxəssisləri çaşdırmaq üçün atılan bu addım düzgün deyil. Reallıqda isə bu gün buğda istehsalı 90-cı illərin statistik göstəricilərindən də aşağıdır. Yəni biz hələ 2 milyon tona çatan məhsul istehsal etməmişik. 1 milyon 700 min tona yaxın taxıl istehsal edilib ki, bunun da 800 min tonu buğdadır. Yəni təqdim edilən rəqəm reallığı əks etdirmir və şişirdilib”.
Nigar