Saxta seçkinin psixoloji təsiri və ruhu oğurlanan xalq

Demokratik düşərgə və tənqidçi media dünən keçirilən təkrar bələdiyyə seçkilərinə heç bir əhəmiyyət vermədi. Düzdü, bu seçkilər nəyisə həll etmirdi və sədri, müavinləri, mühasibi, filan qədər üzvü ilə fəaliyyət göstərən hansısa bələdiyyənin müəyyən səbəbdən vokanta çevrilmiş bir yeri uğrunda mübarizə ciddi əhəmiyyət daşımırdı. Ancaq 80 dairəni, 1169 məntəqəni əhatə edən seçki bunca biganəliyə də layiq deyildi və ən azı sosial-psixoloji durumu müəyyənləşdirmək baxımından diqqətlə izlənilməliydi.

Həmkarlarımdan fərqli olaraq, seçkiləri ciddi şəkildə izlədim və bir neçə məntəqədə gün ərzində müşahidələr apardım, seçicilərlə, seçki keçirənlərlə söhbət etdim. Gəldiyim qənaət bunlardır:
1. Seçici aktivliyindən yox, seçicilərin ümumiyyətlə, seçkiyə gəlməməsindən danışmaq gərəkdir. Təsəvvür edin ki, 1000-dən artıq seçicisi olan məntəqədə saat 14:30-a qədər cəmi 9 adam səs vermişdi. Həmin 9 seçicinin 2-si MIS işçisi idi və “karusel” əməliyyatını həyata keçirirdi.
Söhbətlərindən belə məlum oldu ki, “karusel” üçün təhkim olunan digərləri “onsuz da kimi istəyirlər, seçəcəklər” məntiqi ilə heç “əməliyyata” çıxmağı belə, lazım bilməyiblər.
Digər 7 seçicinin 3-ü rus millətini təmsil edirdi, qalan 4-nü isə MIS işçiləri xahiş-minnətlə evlərindən çıxarıb gətirmişdilər. Ruslar seçki təbliğatının aparılmamasından və namizədləri tanımamalarından şikayətlənirdilər.
Bir rus qadınıyla söhbətləşdim, tanımadığı namizədlər arasında necə seçim edəcəyini soruşdum. Dedi ki, “mən bülleteni korlamağa gəlmişəm, qoy, mənə özlərini tanıtmayan bu namizədlərin heç biri səsimdən istifadə edə bilməsin!”
Ən savadlı, ən aktiv soydaşımızdan belə seçki dünyagörüşü görmüsünüzmü?
2. Təbliğat üçün ayrılan reklam lövhələri bom-boş idi, hansısa namizədin şəklinə, platformasına rast gəlmədim; kimsə təbliğat aparmağı ağlının ucundan da keçirməmişdi.
3. Az qala, bütün seçki dairələri üzrə bir boş yerə 4-5 (3 və ya 6 yox!) namizəd “irəli sürülmüşdü”. Sanki namizədlərin “alternativlik standartı” yaradılmışdı.
4. Əksəriyyət seçkinin mövcudluğundan xəbərsiz idi. Iradlar da deyirdilər: “Heç olmasa, televiziya vasitəsilə bir neçə gün geniş təbliğat aparmaq olmazdımı ki, seçkidən xəbər tutaq?”
5. Namizədlərin heç biri seçki məntəqələrində görünmürdü. Komissiya üzvlərinin rəyinə görə, hakimiyyətin siyahısında olmayan “seçilməyənlər” onsuz da seçilməyəcəklərini, hakimiyyətin razılıq verdiyi “seçilənlər” isə onsuz da seçiləcəklərini bildikləri üçün müşahidə aparmağı artıq hesab edirdilər.
6. Azad müşahidəçilər, demokratik KIV, beynəlxalq monitorinq qrupları, namizədlərin nümayəndələri yox idi və ölü bir səssizlik hökm sürürdü…
Bütün dediklərimiz seçkinin mənasızlığını və formallığını göstərən faktdır. Ancaq bu seçkinin psixoloji-sosial zərbəsi, təəssüf ki, nəzərə alınmır.
Məsələ ondadır ki, təbliğat aparmamaqla, formal və mənasız hesab olunan belə seçki keçirməklə hakimiyyət seçki saxtakarlığı yönündə növbəti addım atdı və seçicilərin psixologiyasında “gedib-getməməyimin fərqi yoxdur, onsuz da istədiklərini seçəcəklər” stereotipini bir az da gücləndirdi. Hakimiyyət bu cür “mənasız” seçki təşkil etməklə əhalinin seçici olmaq imkanlarına növbəti zərbə vurdu və bu zərbənin dəhşətini ölkə üçün əhəmiyyətli seçkilərdə görəcəyik…
Yaşlı bir xanımın verdiyi cavabı isə heç unuda bilmirəm. “Niyə taleyinizə biganəsiz, niyə seçkiyə gəlmirsiniz?” sualıma, “Elçibəyin vaxtında ruh var idi, bala, bunlar xalqın ruhunu əlindən alıblar” dedi.
Elə bilirdim, “bunlar” – hakimiyyəti ələ keçirmiş bir qrup insan – xalqın neft-qazını, təbii sərvətlərini, olan-olmazını əlindən alır. Ağbirçək ana haqlıdır: bunlar xalqın ruhunu əlindən alıblar.
Amma bir iş də var, axı: dini mistika ruhun arzular və həyata bağlılıq səbəbindən şeytanın əlinə keçdiyini izahlayır. Insanın qazanmaq ehtirası nə qədər artırsa, ruhunu iblisə təslim imkanları bir o qədər çoxalır.
Satmayın ruhunuzu, saxtakarlığa, oğurluğa, cinayətə şərik olmayın, şeytana qulluq etməyin, harama, ədalətsizliyə, allahsızlığa və Iblisə qarşı çıxın! Istedadla, savadla, qabiliyyətlə deyil, yaltaqlıq-yalaqlıqla, özünüzü qul-kölə yerinə qoymaqla karyera qurmaq istəyəcəksinizsə, əlbəttə ki, şeytan ruhunuzu əlinizdən alacaq və “ruhsuz” olacaqsınız.
Ruhsuz, “ölü canla” necə və niyə yaşayırsınız, axı?!