Bəşər Əsəd üçün kritik gün

Avropa Birliyindən Suriyaya müdaxilə planı

Ərəb Ölkələri Liqasının Suriya hakimiyyətinə yönəlik qadağalar haqda qərarından sonra Əsəd rejiminə növbəti ağır zərbəni Avropa ölkələri vurmağa hazırlaşır. Bu gün Brüsseldə keçiriləcək Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında Suriya ərazisində humanitar yardım dəhlizinin yaradılmasının əsas müzakirə mövsuzu olacağı gözlənilir. Beynəlxalq müdaxilənin ilk işarəsi kimi görünən humanitar yardım dəhlizinin yaradılması təklifinin müəllifi Fransadır.
Bu arada, Ərəb Ölkələri Liqasının Suriyaya qarşı sanksiyalarının tətbiqinə qoşulan Türkiyə ilk addımı atıb. Türkiyənin əsas neft şirkəti “Tüpraş” Suriyanın dövlət neft şirkəti “SYTROL”la 1995-ci ildə imzalanmış müqaviləni dondurub. “Tüpraş” Suriyada baş verən hadisələri əsas gətirərək bu ölkədən xam neft alışını dayandırıb.
Suriyanın daxilində isə vəziyyət daha da gərginləşib. Suriya ordusundan qaçaraq müxaliflərin tərəfinə keçmiş əsgərlərlə Əsəd rejiminin əmrindəki təhlükəsizlik qüvvələri arasında toqquşma olub. Yaranmış silahlı insident nəticəsində 7 təhlükəsizlik əməkdaşı öldürülüb.
Əsəd rejimi ölkədəki gərginliyi azaltmaq məqsədilə antihökumət aksiyaları zamanı tutulanlardan 912 nəfərini azad edib. Rəsmi “SANA” agentliyinin məlumatına görə, rəsmi açıqlamada bildirilir ki, sərbəst buraxılanlar “əlləri qana bulaşmayanlar”dır.
Lakin müxalifət liderləri aksiyalar zamanı tutulan minlərlə insanın hamısının həbsxanalardan buraxılmasını tələb edir, əks halda, sülh danışıqlarına başlamağın və böhranın aradan qaldırılmasının qeyri-mümkün olduğunu bildirirlər. Müxalifətin bu tələbini Ərəb Ölkələri Liqası da dəstəkləyir.
Bundan başqa, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyaya qarşı iqtisadi sanksiyaları açıqlayıb. Qeyd edək ki, qadağalar paketi bir neçə gün əvvəl mətbuata sızsa da, dünənə qədər bu haqda rəsmilər faktı təsdiqləməmişdilər. Nazir 9 maddədən ibarət sanksiyalar paketində səyahət qadağası, hesabların dondurulması, maliyyə-kredit sazişlərinin dayandırılması kimi tədbirlərin yer aldığını açıqlayıb.
Davudoğlu bildirib ki, bu sanksiyaların Suriya xalqına mənfi təsir etməməsi üçün həddindən artıq ehtiyatlı tədbirlər görülüb: “Suriya hökumətinə qarşı irəli sürdüyümüz tədbirlərlə əlaqədar Suriya xalqının incidilməsinə, hökumətin səhvlərinə görə xalqın əziyyət çəkməsinə yol verməmək əsas məqsədimiz olub”.

Elxan