Aslan Ismayılov: «Bütün ölkə bilir ki, Zülfüqarlı qardaşlarının əmlakını əlindən alan Ramiz Mehdiyev və onun oğludur»
“Birlik” MMC-yə məxsus “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodlarının zorakılıqla əllərindən alınması ilə əlaqədar Zülfüqarlı qardaşları məhkəmə müstəvisində mübarizəni davam etdirirlər. Qardaşların Gəray Məmmədov və Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) qarşı iddiası üzrə Xətai Rayon Məhkəməsində dünən növbəti məhkəmə iclası keçirilib. Bu iş üzrə məhkəmə prosesinə hakim Ilqar Qaralov sədrlik edir.
Bir daha yada salaq ki, Zülfüqarlı qardaşları həbs olunandan sonra onlara məxsus zavodlar Gəray Məmmədov adlı Lerik sakininin mülkiyyətinə keçib. Hətta bir müddət məlumatlar yayıldı ki, əslində, Gəray Məmmədov kənddə çobanlıqla məşğuldur, məmurlar, sadəcə, zavodları öz əllərinə keçirmək üçün formal şəkildə bu addan istifadə ediblər.
Gəray Məmmədov məhkəməyə gəlmir. Amma Zülfüqarlı qardaşlarının hüquqlarını müdafiə edən vəkil Aslan Ismayılov bu şəxsin prosesdə dindirilməsində israrlıdır. Buna baxmayaraq, Gəray Məmmədov dünənki məhkəmə iclasına da qatılmamışdı. Prosesdə onun nümayəndəsi kimi Ceyhun Yusifov iştirak edirdi. Əmlak Məsələləri Dövlət Komitəsinin maraqlarını isə Azər Tanrıverdi və Ülvi Nəsibli müdafiə edirdi.
Aslan Ismayılov yenə Gəray Məmmədovun məhkəmədə iştirakı məsələsini qaldıranda Ceyhun Yusifov onun gəlməməyini səhhətindəki problemlərlə əlaqələndirdi: “Gəray müəllim xəstədir. O bura gəlməli olsa, yolda ölər”.
Vəkil isə Gəray Məmmədova çoxsaylı suallarının olduğunu, bu suallara yalnız onun özünün cavab verməli olduğunu bildirdi: “Ədalətli məhkəmə araşdırmasının aparılması üçün Gəray Məmmədovun məhkəməyə gəlməsi vacibdir. O, böyük bir zavodun 80 faiz səhmlərinə sahiblənmiş biridir. Mətbuata açıqlama verərək adının çoban kimi hallanmasından narazılıq edib, gəlsin, burada öz sözünü desin. Məmmədovun zala girməsi kifayət edir. Onun ümumi görünüşü kimliyi barədə təsəvvür yaradacaq. Bu adam mətbuata deyib ki, yazıb-oxuya bilmir. Bizdə əsaslı şübhə yaranır ki, Məmmədov burada onu təmsil edən nümayəndəyə verdiyi etibarnaməni özü imzalayıb”.
Amma məhkəmə prosesin G.Məmmədovun iştirakı olmadan keçirilməsinə qərar verdi.
Daha sonra məhkəmədə şahid qismində 1 saylı istintaq təcridxanasının rəisi olmuş, hazırda isə Ədliyyə Akademiyasında baş məsləhətçi işləyən Misir Əliyev dindirildi. Lakin Əmlak Komitəsinin nümayəndələri onun dindirilməsinə etiraz etdi. Lakin onların nəzərinə çatdırıldı ki, məhkəmə Misir Əliyevin prosesdə iştirakı barədə ötən iclasda qərar qəbul edib.
Aslan Ismayılov da Misir Əliyevin dindirilməsini zəruri edən səbəbləri onların nəzərinə çatdırdı: “Bütün ölkə bilir ki, Zülfüqarlı qardaşları türməyə düşəndən sonra əmlaklarını verməyə məcbur ediliblər. Qardaşlar türməyə salınandan sonra 100 milyonlarla qiyməti olan əmlakı əllərindən alınıb. Misir Əliyev də o əmlaka dair bağlanan etibarnaməni təsdiqləyib. Qardaşların 100 milyonluq əmlakının niyə məhz türmədə satılmasına aydınlıq gətirilməlidir”.
Misir Əliyev də etiraf etdi ki, Nurəddin Zülfüqarlı təcridxanada saxlanılarkən onun qardaşı Baxışa verdiyi etibarnaməni təsdiqləyib.
Sonra keçmiş türmə rəisi vəkil Aslan Ismayılovun suallarını cavablandırdı:
– Etibarnamə imzalanandan sonra nə baş verdi?
– Böyük qardaşları türmədən azad edilib xəstəxanaya etap olundu.
– Ola bilər xatırlamırsınız, əslində, kiçik qardaş Loğman Zülfüqarlı xəstəxanaya köçürüldü.
– Ola bilər. Yadımda qalmayıb. Hətta köçürülmədən sonra böyük səs-küy də qalxdı.
– Loğman köçürüləndən sonra Nurəddin Zülfüqarlı türmədə nə qədər qaldı?
– Dəqiq yadımda qalmayıb.
Hakimin suallarına cavab olaraq, Misir Əliyev onu da bildirdi ki, qanunda məxfiliyin saxlanması üçün istintaq altındakı şəxslərlə görüşə yalnız müstəntiq icazə verir. O vaxt isə vəkilindən başqa Zülfüqarlılarla kimsənin görüşməsini xatırlamır.
Əmlak Komitəsinin sədri Kərəm Həsənovun nümayəndəsi Ülvi Nəsibli məhkəmədə özünü kobud apardığından vəkil Aslan Ismayılov bununla bağlı etirazını bildirdi: “Bu şəxs özünü sanki çayxanada hiss eləyir. Ona məhkəmədə özünü aparmaq qaydaları izah olunmaqla xəbərdarlıq elan olunmalıdır”.
Ceyhun Yusifov Ülvi Nəsiblinin ayağını-ayağının üstünə aşırıb yayğın oturuşunu “kübar davranış qaydası” kimi qələmə vermək istəyəndə Aslan Ismayılov onların hər ikisinə başqa bir tanınmış vəkil Adil Ismayılovun “Azadlıq”ın dünənki sayında dərc olunmuş müsahibəsini oxumağı məsləhət gördü.
Hakim də həm Kərəm Həsənovun, həm də Gəray Məmmədovun nümayəndələrinə xəbərdarlıq edərək, onlardan etikaya riayət etməyi tələb etdi. Əks halda, zaldan qovulacaqları barədə xəbərdarlıq da etdi.
Bundan sonra Misir Əliyevlə sual-cavab davam etdirildi.
Aslan Ismayılov:
– Hamı Zülfüqarlıların əmlakının əllərindən almaq üçün həbsə atılmasından danışırdı. Siz bu söz-söhbəti də eşitmisiniz yəqin.
– Uzun illər ədliyyə sistemində çalışmışam. Bu müddətdə çoxlu söz-söhbət eşitmişəm, amma bunlara əhəmiyyət verməyib işimlə məşğul olmuşam.
– Bütün ölkə bilir ki, Zülfüqarlıların əmlakını əlindən alan Ramiz Mehdiyev və onun oğludur.
Daha sonra hakim belə bir sualla Misir Əliyevə müraciət etdi:
– Iddiaçı tərəfin mülahizəsinə görə, Zülfüqarlılara etibarnamə vermək üçün vəzifəli şəxslər tərəfindən təzyiq olub…
– Bu haqda bir söz deyə bilmərəm. Kimsə təcridxananın çölündə kiməsə təzyiq göstərə bilər, amma təcridxanada belə şey olmayıb.
Dünənki məhkəmə iclasında Əmlak Komitəsinin nümayəndəsi Azər Tanrıverdi “Birlik” MMC-nin nizamnaməsinin məhkəmədə araşdırılmasını istədi. Aslan Ismayılov isə nizamnamənin Kərəm Həsənovda olduğunu nümayəndənin nəzərinə çatdırdı: “Zavoda basqın edib Zülfüqarlıları oradan zorla çıxaranda nizamnamə də götürülüb. Nizamnamə Kərəm Həsənovdadır, deyin məhkəməyə versin. Onda olmasa, Zülfüqarlılardan hər ay gəlirlərinin 80 faizini alan Kərəm Həsənovun müavini Rüstəm Şahbazovdan soruşun. Sahibkarlardan hər ay milyonları onun otağında alıb seyflərə yığıblar”.
Daha sonra Gəray Məmmədovun nümayəndəsi iddianın əsassız olduğunu bildirdi: “Biz nəğd pulumuzu verib Bakı Biznes Mərkəzində o əmlakı almışıq. Zülfüqarlılar da bu variantlardan istifadə etməklə Gəray müəllimin əmlaka və zavodlara yatırdığı pullara yenidən sahib olmaq istəyir. Iddia əsassızdır, rədd edilməlidir”.
A.Ismayılov bir daha Gəray Məmmədovun özünün prosesdə iştirakında israr etdi: “Zavodlar Zülfüqarlılardan 2006-cı il, martın 30-da alınıb. Gəray Məmmədovun nümayəndəsi isə bunu inkar edir və bu tarixin 31 mart olmasında israr edir. 1 gün fərq məsələsinin mübahisələndirilməsi onunla bağlıdır ki, Zülfüqarlıların iki böyük zavodu onlardan bir günün içində alınıb. Nurəddin Zülfüqarlı etibarnaməni martın 30-da imzalayıb. Sonra qardaşı Loğman xəstəxanaya köçürülüb. Amma həmin gün ”Birlik” MMC-nin yığıncağı keçirilib və orada Loğmanın da iştirak etdiyi göstərilib. O gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində alqı-satqı müqaviləsi bağlanıb. Bu sənədlərin hazırlanmasına sərf olunan vaxtı nəzərə alanda məlum olur ki, bu, fiziki cəhətdən mümkün deyil”.
Məhkəmə prosesi dekabrın 12-də davam etdiriləcək.
Aytən Məmmədova