Türkiyə Bəşər Əsədin pullarına həbs qoydu

Ankara Suriya hakimiyətinə qarşı tətbiq edəcəyi qadağaları açıqladı

Ərəb Ölkələri Liqasının Suriya hakimiyyətinə qarşı sanksiyalara başlamaq qərarından sonra Türkiyə hökuməti də Əsəd rejiminə tətbiq edəcək qadağaları açıqlayıb. Baş nazirin müavini Əli Babacan və xarici işlər naziri Əhməd Davudoğlunun sədriliyi ilə Ankarada keçirilən qapalı Suriya toplantısı zamanı Ərəb Ölkələri Liqasının qərarı müzakirə olunub. Ədliyyə naziri Sadullah Ergin, daxili işlər naziri İdris Naim Şahin, gömrük və ticarət naziri Həyati Yazıcı, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, iqtisadiyyat naziri Zəfər Çağlayan, nəqliyyat və dənizçilik naziri Binəli Yıldırım, Milli İstihbarat Təşkilatının rəsmisi Hakan Fidan və başqa yüksək çinli rəsmilərin qatıldığı toplantı gecə saatlarına qədər davam edib.

Toplantıda qərarların Türkiyə iqtisadiyyatına və Suriya xalqına təsir etməyəcək şəkildə tətbiq olunması qərarlaşdırılıb. Beləliklə, Türkiyənin Suriyaya yönəlik sanksiyaları aşağıdakılardır:

İki ölkənin mərkəzi bankları arasındakı əlaqə Suriyaya pul transferi edilməməsi üçün təxirə salınacaq. Ancaq bu mərhələdə səfirlik hesablarına toxunulmayacaq.

Əsəd hakimiyyətinin Türk banklarındakı hesabları dondurulacaq.
Suriya hökumətində təmsil olunan rəsmilərin mülk və maliyyə varlıqlarına həbs qoyulacaq.

Suriyaya mülki üçüşlar davam etdiriləcək. Türk Hava Yollarının Dəməşqə uçan sərnişinləri azaldıqca uçuşların sayı da azaldılacaq.

Suriya dövlətinə rəsmi ticarət və yardım dayandırılacaq.

Əsəd və ailəsinin Türkiyəyə səyahətinə qadağa qoyulacaq.

Türkiyə və Ərəb dünyası arasındakı ticarətin əsas tranzit ölkələrindən olan Suriyadan keçən 46 min yük maşınının ticarəti davam etdirməsi üçün nəqliyyat sahəsində addımlar atılmayacaq.

Su və elektrik enerjisiylə bağlı sanksiyalar tətbiq edilməyəcək.

***

Bəşər Əsəd Qəzzafinin aqibətinə doğru gedir

Ərəb Liqası sanksiyalara başladı; Fransa Əsədin sayılı günlərinin qaldığını bəyan etdi

 

 

Ərəb Ölkələri Liqası uzun müddət davam edən xəbərdarlıqlardan sonra Suriyaya qarşı sanksiyalar tətbiq edib. Liqaya üzv ölkələrin xarici işlər nazirlərinin Misirin paytaxtı Qahirədə keçirilən fövqəladə toplantısından sonra Qətərin baş naziri Şeyx Həmid bin Cəssim əl Səni jurnalistlərə bildirib ki, təşkilata üzv 22 ölkədən 19-u Suriya hakimiyyətinə qarşı sanksiyaların qəbuluna səs verib. Iraq və Livan səsvermədə bitərəf qalıblar.
Baş nazir bildirib ki, Suriya hakimiyyətinin zülmə son qoyacağına, dinc etirazçılara qarşı zorakılığı dayandıracağına, xalqın ədalətli tələblərini yerinə yetirəcəyinə hələ də ümid edirlər: “Bu gün mənim üçün kədərli gündür. Çünki biz hələ də ümid edirik ki, suriyalı qardaşlarımız sülh protokoluna imza atacaq və qan tökülməsinin qarşısını alacaqlar. Biz, eyni zamanda, Suriyaya qarşı xarici müdaxilələrin də qarşısını almağa çalışırıq”.
Ərəb Ölkələri Liqasının baş katibi Nəbil Ələrəbi isə bildirib ki, Suriya tələblərə əməl edərsə, sanksiyalar yenidən nəzərdən keçirilə bilər. Qəbul olunmuş 14 maddəlik sanksiyalara Suriya Milli Bankı ilə əlaqələrin kəsilməsi, bu ölkədə həyata keçirilən lahiyələrə maliyyə dəstəyinin dayandırılması, Suriyadan gələn təyyarələrin ölkəyə buraxılmaması, əhalinin ərzaq tələbatı istisna olmaqla, hökumətlə ticarət əlaqələrinə son qoyulması daxildir. Bununla yanaşı, sanksiyalarda Suriya və Əsəd rejiminin Ərəb ölkələrində olan bütün bank hesablarının dondurulması da nəzərdə tutulur.

Livan Əsədə qarşı cəbhədə yer almadı

Sanksiyaların qəbulundan sonra Livanın xarici işlər naziri Adnan Mansur Ərəb Ölkələri Liqasının qərarına baxmayaraq, Suriyaya qarşı qadağalara qoşulmayacaqlarını bildirib: “Suriyaya yönəlik sanksiyaları dəstəkləmirik. Qadağaları qəbul etmirik”.
Nazir sanksiyaların Livana da zərər verəcəyini əsas gətirərək, belə bir qərar verdiklərini söyləyib.

Ankarada qapalı Suriya toplantısı

Fövqəladə toplantıda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da iştirak edib. Suriyada davam edən zülmə qarşı Türkiyənin Ərəb Ölkələri Liqası ilə birgə çalışdığını deyən Davudoğlu qəbul olunan sanksiyaların rəsmi Ankaranın nəzərdə tutduğu tədbirlərlə oxşar olduğunu qeyd edib. Ərəb Ölkələri Liqası Suriyaya qarşı iqtisadi sanksiyaların tətbiqinə dair qərar verdikdən sonra, Türkiyədə də Suriyaya qarşı sanksiyalar mövzusunda iclas keçirilib. Xarici işlər nazirinin iqamətgahında baş tutan iclasda Türkiyə baş nazirinin müavini Əli Babacan, xarici işlər naziri Əhməd Davudoğlu, iqtisadiyyat naziri Zəfər Çağlayan, nəqliyyat, dənizçilik və informasiya naziri, gömrük və ticarət, daxili işlər, enerji və təbii sərvətlər nazirləri iştirak ediblər. Iclas qapalı keçirilib.

Əsəd rejimi qonşularını “xain” adlandırdı

Suriya hakimiyyəti Ərəb Ölkələri Liqasının bu addımını “xəyanət” adlandırıb. Əsəd rejiminin xarici işlər naziri Valid Müəllim ölkəsinə qarşı iqtisadi savaşa start verildiyini bildirib: “Ərəb Birliyinin Suriya Mərkəzi Bankına yönəlik qadağaları Suriyaya qarşı həyata keçirilən iqtisadi müharibədir”.
Qeyd edək ki, sanksiyalar haqda qərarın qəbulundan dərhal sonra Suriyanın Homs şəhərində hökumət qüvvələri ilə silahlı qruplar arasında qanlı toqquşmalar baş verib. “Əl-Cəzirə” kanalının verdiyi məlumata görə, toqquşmalarda azı 26 nəfər öldürülüb.

Alen Jüpe: “Əsədin vaxtı daralır”

Ərəb Ölkələri Liqasının Suriyada nümayişlər zamanı yol verilən zorakılığa qarşılıq olaraq bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməsindən sonra Fransa da prezident Bəşər Əsədin sonuna az qaldığını bəyan edib. Xarici işlər naziri Alen Jüpe bildirib ki, tamamilə təcrid olunduğuna görə Suriya hökumətinin sayılı günləri qalıb: “Təəssüf ki, hadisələr ləng inkişaf edir, lakin kifayət qədər siyasi çəkiyə malik olan Ərəb Ölkələri Liqasının qərar verdiyi sanksiyalar Suriya hökumətini bir az da təcrid edəcək”.

Rusiyadan Suriyaya hərbi donanma dəstəyi

Bu arada, Suriyada Əsəd rejimini dəstəkləyən Rusiyanın bu ölkədə yerləşdirilmiş hərbi bazasına döyüş gəmilərindən ibarət donanma göndərəcəyi haqda xəbərlər yayılıb. Ərəb Ölkələri Liqasının Suriyaya yönəlik sanksiyalarına və Fransanın humanitar yardım üçün etibarlı zona yaradılması planına qarşı çıxan rəsmi Moskva Suriyaya hərbi donanma göndərəcəyini açıqlayıb.

Türkiyə Suriyaya müdaxiləyə hazırlaşır?

Israil kəşfiyyatına yaxın olduğu bildirilən “Debka” saytı Türkiyənin Suriyada hakimiyyətə qarşı vuruşmaq məqsədilə bu ölkəyə Liviyadan silahlı qruplar göndərdiyini yazıb: “Ərəb qonşuları tərəfindən küncə sıxışdırılan Əsəd rejiminə növbəti həmlə Türkiyədən gələcək. Ankara Suriyada mümkün hərbi müdaxiləyə qoşulmaq üçün 3 zirehli briqada, hava qüvvələri və donanmasını hazır vəziyyətə gətirib”.

Daha bir zərbə BMT-dən gəldi

Bu arada, BMT Suriya təhlükəsizlik qüvvələrinin insanlığa qarşı cinayət törətdiyini açıqlayıb. BMT-nin araşdırma komissiyasının hazırladığı hesabatda vurğulanıb ki, Əsəd rejiminin əmrindəki qüvvələr Suriyanın müxtəlif bölgələrində mart ayından bu yana insanlığa qarşı cinayət törədir.

Elxan