Get-gəldən bezən yazıçı-publisist redaksiyaya üz tutub
Yazıçı-publisist Oktay Şamil dövlət başçısından tutmuş sosial müdafiə fondunun sədri Səlim Müslümova qədər yazdığı ərizənin bir nüsxəsini də redaksiyamıza yollayıb. Şikayəti təqaüdlə bağlıdır.
“Cənab sədr! Iyun ayından bəri Binəqədi rayon Sosial-Müdafiə Fondunun yollarında təpik döyməkdəyəm. Dörd dəfə mənə sənəd toplatdırıb ”itiriblər”Ý. Işim labirintə salınıb.
Dəfələrlə Fondun rəhbəri Hüseyn Kərimovun qəbulunda olmuşam. Onun öz hesablamasına görə mənə təxmini 180 manata yaxın (daha dəqiqi, yüz yetmiş altı manat!) pensiya düşür. Sonradan məlum olur bu “üçlük”müş. Hüseyn bəy işi qəsdən fırladır. Təhrikçiliyə çəkir, görsün nə vəd olunur…
Mən 1967-dən 2008-dək fasiləsiz çalışmışam. 1960-67- ci illərdə isə əyani təhsil almışam. 48 il iş stajım var. Haqqımı bu idarədən ala bilmirəm.
Hüseyn bəy əvvəlcə təhsil illərimi iş stajı saymadı. Hər dəfə bir söz uydurdu. Gah dedi, “yuxarıdan” göstəriş var, əyani təhsil iş stajı sayılmır. Gah dedi, ölkədə pul qıtlığıdı, banklarda pul çatışmır. Gah da mənə “əsasnamə” göstərib annotasiya oxudu. Indi Rasim adlı özünə arxayın bir operatoru qabağa salıb arxasında gizlənir. O isə mənim iş stajımı az qala saat hesabına çevirib hesablayır. Yəni qəbul imtahanı verdiyim 30 günü iş stajımdan silir. Universiteti bitirəndən sonrakı iki ayı mənə “pəncərə” sayır.
Cənab sədr! Hüseyn Kərimovun bildirdiyinə görə, sosial müdafiədəki bu bərbad vəziyyəti guya elə Siz özünüz yaradırsınız. Guya “dovşana qaç” deyirsiniz, “tazıya tut”! Cənab sədr! Bunu bildirməyi də vacib sayıram, mən “iynə ilə gor qazan” bir ziyalıyam. Gözümün nurunu elmin, təhsilin və bu torpağın yolunda əritmişəm. O illərdə Qarabağda, düşmənlə üzbəüz təmas xəttində hadisə yerindən xüsusi reportaîjlar hazırlamışam. 8 kitabın və yüzlərlə ədəbi-bədii-elmi məqalənin müəllifiyəm. Xaricdə ədəbi bukletlərim çap olunub. Türkiyə Cümhuriyyətinin 1991-ci il ədəbi ödülçüsüyəm. Sözlərimə 70-ci illərdə yazılan mahnıları bolqar müğənnisi Lili Ivanovadan, türkiyəli Hayfı və Barış Mançodan tutmuş bizim Rəşid Behbudova, “Qaya” vokal kvartetinə, Ilhaməyə, Floraya, Azər Zeynalova qədər əksər müğənnilər oxuyur.
Cənab sədr!
Yerində həll oluna biləsi bu məsələ üçün yuxarı instansiyalara müraciəti özümə, öz şəxsiyyətimə və səviyyəmə sığışdırmasam da məcburiyyət qarşısındayam. Çünki 5 aydı bu idarənin yollarında əlil-zəlillərimizlə bərabər süründürülməkdə və çürüməkdəyəm. Mən Rayon Sosial Müdafiə Fondundan öz qanuni haqlarımı tələb edirəm. Xahişim budur ki, dolaşığa salınan pensiyamı xüsusi nəzarətə götürüb, yerdə qalan iş stajımı bərpa etdirib, mənə çatacaq əlavə məbləği ödətdirəsiniz. Məni incidib sadizmlə məşğul olanlarısa öz layiqli cəzalarına çatdırasınız. Qoy, başqaları da bu özbaşına, haqsız davranışdan ibrət götürsün. Qabaqcadan təşəkkürlərimi bildirirəm”.
Sosial şöbə