Sionizmə dua eləyən ayətullah

Suçsuz, təpədən dırnağa Allah adamı olan bir ziyalının qanlı, xəbis qətli ilə bağlı “haqqyolu.com” adlı saytın xəbəri belə başlayır:

“Müsəlmanları sevindirmiş şəxsin Allah tərəfindən böyük mükafatı olacaq. Cənab Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Lənkəraninin, Rafiq Tağının mürtədliyi barədə hökmün icrası ilə bağlı bəyanatı…”.
Bundan bir neçə gün qabaq isə, Rafiq Tağı bıçaqlanandan sonra Iranın Azərbaycandakı səfirliyi iyrənc, allahsız olayla bağlı açıqlama yaymışdı. Deyilirdi ki: “(…) bu əməlləri Iran Islam Respublikası və Azərbaycan Respublikası arasındakı strateji münasibətlərə xələl vurmaq istiqamətində sionizm-Amerika təxribatları kimi qiymətləndiririk”.
Gəlin, hesab eləyək ki, Iran səfirliyi yüzdə yüz haqlıdı. Rafiq Tağıya qəsd eləyən, əməliyyatdan uğurla çıxandan sonra isə onu xəstəxanada qətlə yetirən sionistlər olub. Lənkərani isə yazıçının qətli ilə bağlı deyir: “Onun intiqam əli qeyrətli müsəlmanlar arasından aşkar oldu”, “Müsəlmanları sevindirmiş şəxsin Allah tərəfindən böyük mükafatı olacaq”. Belə çıxır ki, Onun müsəlmanlar arasında aşkar olan intiqam əli sionizm imiş və bu əməli ilə müsəlmanları sevindirdiyinə görə həmin sionistin, ümumilikdə sionizmin Allah tərəfindən böyük mükafatı olacaq. Sanki sionistlərlə iş birliyi var – həm onları lənətləyir, həm yardımlarından yararlanır, həm də onların Allah tərəfindən böyük mükafat alacaqları barədə yəhudi xalqına müjdə verilir.
Bir yandan Iran səfirliyi, yəni Iran dövləti qəsdi özünün törətmədiyini deməsə də, fitnəkarın sionizm olduğunu bildirir. Oğul Lənkərani isə sanki səfirliyi təkzib eləyir, yəni yazarın Iran ayətullahının fitvası ilə öldürüldüyünü açıqlayır (“qeyrətli gənclər dinini satanları rüsvayçı əməllərinin cəzasına çatdıracaqlar…”), ya da sionistlərin bu əməlinə dualarla cavab verir. Indi biz necə başa düşək? Iran işi törədib sionizmin üstünə atır, ya onların fitvası ilə üst-üstə düşən əməli törətmiş sionist killerə dua eləyir, Allahdan böyük mükafat vəd eləyir?
Bu, Azərbaycanın, Azərbaycan xalqının ən rüsvayçı günüdü. Onun böyük bir oğlunu alçaqcasına aradan götürüblər. Bütün düşünən beyinlər, duyan ürəklər matəm içindədi. Lənkərani adlı bir ayətullah isə bu matəmli xalqı təbrik eləyir: “Mən dünya müsəlmanları, xüsusilə qeyrətli Azərbaycan xalqını təbrik etməklə…”. Elə bil, Azərbaycan Iranın da yardımı ilə Qarabağı geri qaytarıb. Belə bir hadisə 1990-cı ildə olmuşdu. 20 Yanvar qırğınıyla bağlı ermənilər xalqımızı təbrik eləmişdilər.
Rafiq rəhmətlik Iranın çinli məmurlarından Azərbaycan iqtidarına yönələn hədələrə sərt təpki vermişdi, indi isə Ilham Əliyev bir ayətullah adlanan şəxsin bu xalqı masqaraya qoymasının qarşılığında susmaqla öz vicdani borcunu yerinə yetirir, adicə müşahidə kameralarının qeydə aldıqlarını gizləməklə, Rafiqin palatasını əvvəldən su yoluna çevirməklə sanki bu ayətullahları sudan quru çıxarmağa, izi itirməyə çalışır. Indi bu izitirmələri hakimiyyətin Iran sevgisi kimi, qorxusu kimi, ya onun daş altdan öz əlinin çıxacağının əlaməti kimi yozaq, bilmirəm. Hər bir halda bu ayətullah adlanan şəxsin bəyanatı şübhələri Azərbaycan hakimiyyətinin üzərindən götürür. Barı bundan yararlansalar. Nə olub görəsən, niyə ağızlarını bıçaq açmır?.. Artıq Iran dövləti də öz ayətullahının dili ilə qətldə birbaşa suçlu sayılır. Görək, ayətullahın fikrinə münasibət bildirəcəkmi?..
Ayətullahlığa gələndə isə, maraqlıdı, bunlara Allahın yerinə hökm çıxarmaq hüququnu, bəşər hakimliyi vəzifəsini kim, hansı təşkilat, hansı din verib? Islam dinimi? Inanmıram ki, Allahla bəndəsinin arasına girə biləcək səlahiyyətdə biri olsun. “Sizinlə Onun arasında asılı pərdə və bağlı qapı yoxdur” (Nəhcül-bəlağə. 186-cı xütbə). Ən azı dünya Iranın şəriət qanunları ilə yaşamır ki. Bu qandan sevincək olan, Islamı gözdən salan ayətullah fitvalarına dur deyən tapılmayacaqmı, Tanrım?