Rusiya prezidenti Kalininqradda RLS-in açılışına qatılıb
Rusiya prezidenti Dmitri Medvedev ABŞ-ın Avropada raket əleyhinə müdafiə sisteminə cavab olaraq Kalininqradda işə salınacaq radiolokasiya sisteminin açılışında iştirak etmək üçün bu vilayətə səfər edib. Aviakosmik müdafiə qüvvələrinə qoşulacaq Kalininqrad RLS raket hücumu barədə xəbərdarlıq edəcək.
Özündə raket-əleyhinə, havadan müdafiə sistemlərini, həmçinin raket hücumu barədə xəbərdarlıq və kosmik məkanın idarə edilməsi sistemlərini birləşdirən aviakosmik müdafiə qüvvələri dekabrın 1-də döyüş növbəsinə başlayacaq. Bütün 2011-ci il ərzində Kalininqrad stansiyası hərbi-sınaq rejimində işləyib. Yeni radiolokasiya sistemi bütün Avropanı və Atlantik okeanı nəzarətdə saxlayacaq. Lakin Kalininqraddakı yeni RLS raket əleyhinə müdafiə təchizatlarının yalnız təlim və sınaq buraxılışlarını idarə edə biləcək. Xatırladaq ki, Kreml rəhbəri noyabrın 23-də ABŞ-ın Avropadakı raket əleyhinə müdafiə sistemi ilə bağlı bəyanatında Kalininqradın adını çəkmişdi. Medvedev bildirmişdi ki, onun göstərişinə əsasən, Rusiya Müdafiə Nazirliyi Kalininqrad şəhərində raket hücumuna dair xəbərdarlıq edən radiolokasiya sistemini döyüş tərkibinə daxil edəcək. Bundan başqa, Dmitri Medvedev demişdi ki, lazım gəldikdə raket əleyhinə müdafiə sisteminin informasiya və idarəetmə vasitələrinin məhvini təmin edən tədbirlər kompleksi hazırlanacaq.