Hökumət binası qarşısında qarşıdurma yaranıb
Ukraynanın paytaxtı Kiyevdə Çernobıl atom-elektrik stansiyasında qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, Əfqanıstan müharibəsinin veteranları, şaxtaçıların hüquqlarının müdafiəsilə məşğul olan təşkilatların üzvləri və müxalifət partiyalarının nümayəndələri etiraz aksiyası keçiriblər. Ölkənin müxtəlif regionlarından gəlmiş mindən çox etirazçı hökumət binasının qarşısına toplaşaraq, təqaüd və sosial müavinətlərin tam ödənilməsini tələb ediblər. Onlar, həmçinin baş nazir Nikolay Azarovun istefasına dair şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları ilə milis əməkdaşları arasında qarşıdurma yaranıb. Milis əməkdaşları etirazçıları hökumət binası qarşısından uzaqlaşdırmağa cəhd ediblər. Qarşıdurma zamanı 1 aksiya iştirakçısının xəsarət aldığı bildirilir. Ukraynanın Donetsk vilayətində Çernobıl iştirakçıları təqaüdlərinin kəskin azaldılmasına etiraz əlaməti olaraq, noyabrın ortalarından aclıq aksiyası keçirirlər. Pensiya Fondunun Donetsk vilayəti şöbəsinin qarşısında baş nazir Nikolay Azarovla görüşmək tələbilə çadır şəhərciyi salınmışdı. Donetsk dairə inzibati məhkəməsinin noyabrın 23-də çıxardığı qərara əsasən, noyabrın 27-də həmin çadır şəhərciyi dağıdılıb. Aksiya iştirakçıları ilə toqquşma qeydə alınıb. Donetsk sakinləri etiraz aksiyasını açıq havada davam etdirməyi qərara alıblar.