Dünya əhalisini yer üzündən silə biləcək virus

Hollandiyalı alimlərin son dərəcə yoluxucu və ölümcül bir qrip virusu törəməsini inkişaf etdirməsi böyük qalmaqala yol açıb. Hollandiyalı alimlər 2009-cu ildə dünyada təxminən 9 min insanın ölümü ilə nəticələnən quş qripi virusunun daha təhlükəli bir növünü inkişaf etdirdiklərini açıqlayıblar. Quş qripinə gətirib çıxaran H5N1 virusunun geni üzərində işləyən Ron Fouşierin rəhbərlik etdiyi qrup, yalnız beş mutasiyanın virusu dünya əhalisini yer üzündən siləcək qədər yoluxucu hala gətirə biləcəyini kəşf edib.

Araşdırma elm dünyasında böyük mübahisələr yaradıb. Çünki geni dəyişdirilmiş virusun “səhv əllərə düşməsi” nəticəsində “bioloji müharibənin” yaranmaq ehtimalı var. Araşdırmanı H5N1 virusunu daha dərindən incələmək məqsədilə apardığını deyən Fouşier kəşf edilən təhlükəli virusla bağlı məlumatı yayımlamaqda qərarlıdır. Yaranmış situasiya söz azadlığı mövzusunda da müzakirələrə yol açıb. Hollandiya Milli Biotəhlükəsizlik Məsləhətləşmə Təşkilatı isə məqalənin yayımlanmasına qanun baxımından mane ola bilməsə də, araşdırmanın nəticələrinin mətbuatda dərc olunmamasını xahiş edib.