Bəzən bizim yüksək vəzifələrdə çalışan adamları, nazirləri, deputatları dinlədikcə adam başını götürüb 1-2 il susuz səhralarda gəzmək istəyir. Təhsil Problemləri Institutuna rəhbərlik edən professor (adını unutmuşam) bir dəfə qəzetdə belə söyləmişdi: “Hissi olan insana şəxsiyyət deyilir.”
Bu günlərdə akademik Budaq Budaqovun “Bizim yol”“ qəzetinə verdiyi müsahibəni oxuyanda isə vəziyyətin nə dərəcədə əcaib olduğunu yenidən düşündüm…
Dünən isə həmkarım Zamin Hacının yazısından oxuyuram ki, hörmətli deputat Hadı Rəcəbli kasıblığı tərifləyib: “Kasıb ailələr daha mehriban olur, kasıbçılıqda insanlar bir-birinə dayaq olurlar və ailə daha da möhkəmlənir. Boşananların əksəriyyəti imkanlı ailələrin övladları, imkanlı ailələrdir. Qız deyir mənim atam pulu belə gətirdi, oğlan deyir mənim atamın varı belə oldu, filan məsələni pulla belə həll etdik. Bu da mübahisələrə, dava-dalaşa, sonda isə boşanmaya səbəb olur”“.”
Bu da bizə ailə haqqında yeni bir nəzəriyyənin təqdim edilməsidir… Şəxsən mən sadəcə ali təhsil biliklərimə əsaslanıb hər yanda sübut edə bilərəm ki, bu fikirlərin elmi əsası yoxdur. Kasıblıq və varlılıq, peşənin növü, dünyagörüşü yuxarıdakı məsələdə qanunauyğunluq yaratmır. Sosial stratifikasiya haqda elm var, sosiologiyanın bir bölümüdür, məhz empirik tədqiqatlarla belə fikirləri çoxdan təkzib edib.
Kim bilmir ki, kasıblıq ağır sınaqdır, ağır sınaqdan isə hamı çıxmır. Kimsə kefindən, yeni arzularından, yeni eşqlərdən boşanırsa, bu, artıq problem deyil. Problem odur ki, məhz sosial çətinliklər ailələri dağıdır, taleləri qırır, ömürləri bitirir.
Kasıblığın xoşbəxtlik gətirməsi haqda fikir isə hələ kiminsə ağlına gəlməyib. “Kasıblıq eyib deyil”“” didaktikası ilə bunu qarışdırmaq və bundan siyasət, yaxud elm düzəltmək sadəcə anlaşılmazlıqdır. Kasıbların da xoşbəxt olması halları var, amma bu o demək deyil ki, onlar varlı olsaydı, xoşbəxt olmazdılar…
Gərək onda parlamentin sosial siyasət komitəsinin rəhbəri olan Hadı Rəcəbli ölkədə sosial vəziyyətin yaxşılaşmasına yox, pisləşməsinə çalışsın, hətta Ilham Əliyevin yoxsulluğun səviyyəsini azalması ilə bağlı iddialarına qarşı çıxsın. Axı onun təbirincə kasıblıq mehribanlıq, xoşbəxtlikdir, var-dövlət isə həyatı pozur. Deməli, yoxsullar azalmamalı, artmalıdır. Sən demə xoşbəxtliyin Azərbaycan modeli tapılıb, həm də analoqu olmayan. Biz isə pulsuzluq içində dünyanın ən xoşbəxti sayılırıq…
Əziz oxucular, kasıblıq bəzi hallarda doğrudan da ailəni qoruyur. Amma necə? Qadın ailədə hər zülmə dözür, çünki evsiz qalacaq, işsiz qalacaq, həyatını qurmaq, uşaqlara baxmaq ona o dərəcədə şanssız görünür ki, ailə zülmünə qatlaşmalı olur. Allah kəssin ailənin bu cür qorunmasını. Əslində bizdə ağır sosial problemlər bəzən boşanma azadlığını əldən alır və bu zülmlərə, intiharlara, hətta dəhşətli qətllərə səbəb olur. Onun gətirdiyi xeyir də bir şey deyil. Tərəflərin bu yolu tutmadığı hallarda isə kasıblıq ailənin dağılmasına təsir edən səbəblərdən biri kimi çıxış edir. Təbii ki, səbəblərdən yalnız biri kimi…
Təsadüfə bax ki, Insan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi bu günlərdə “Qadın hüquqlarının məhkəmələrdə monitorinqi”“” adlı bir hesabat yayıb. Bu təşkilat mötəbər bir qurumdur, ona hörmət bəslədiyimiz hüquqşünas Akif Əlizadə rəhbərlik edir. Sözügedən hesabatın ətraflı təhlilinə ehtiyac var, amma hələlik ondan bəzi məqamları çatdırmaq istəyindəyəm.
Nikahın pozulmasına aid 153 məhkəmə prosesinin monitorinqi göstərib ki, bu halların yarısından çoxunda (təxminən 53%) nikahın pozulmasının əsas səbəbi kimi ailə daxili zorakılıqdır.
Araşdırmalarla müəyyən olunub ki, ailə daxili zorakılıq hallarının baş verməsinə rəvac verən amillər arasında yaxın qohumların ailələrə (əsasən gənc ailəyə) müdaxiləsi, ərin işləməməsi, ərin zərərli vərdişlərə (alkoqolizm və ya narkomaniya) malik olması, sosial çətinliklər və s. olmuşdur.
Bundan əlavə, ayrıca işsizlik birbaşa səbəb kimi bir çox ailələrin boşanmasına səbəb olub (təxminən 2 faiz). Yəni kimsə yeni eşqə düşdüyü üçün ailəsindən ayrılmayıb. Sadəcə işsizliyə görə canını qurtarıb… ailə yükündən.

Xoşbəxtliyin Azərbaycan modeli tapılıb
•