Əhmədinejadın adı 2,8 milyardlıq bank qalmaqalında

İran Ali Məhkəməsinin sədri ölkə prezidentinə mesaj göndərdi

Iran Ali Məhkəməsinin sədri, ayətullah Sadiq Amoli Laricani ölkə tarixində ən böyük bank oğurluğu ilə bağlı aparılan həbslərə etiraz edənlərə xəbərdarlıq ünvanlayıb. APA-nın məlumatına görə, Laricani deyib ki, hökumətdə təmsil olunan bəzi şəxslər bu qalmaqalla əlaqədar şübhəli qismində bir sıra adamların saxlanılmasından və adlarının hallandırılmasından narazıdır: “Ancaq onlar bilməlidirlər ki, Iran Ali Məhkəməsi müstəqil fəaliyyət göstərir və heç bir fərdin basqısı altında hərəkət etməyəcək.
Görünür, etiraz edənlərin özlərinin bank oğurluğunda əlləri olduğu üçün məsələnin üstünün açılmasını istəmirlər. Ona görə də mətbuatda hay-küy salmaqla işin şəffaflıqla araşdırılmasının qarşısını almağa çalışırlar”.
Qeyd edək ki, son günlər Iran prezidenti Mahmud Əhmədinejad Iran Mərkəzi Bankının sədr müavini Seyid Həmid Purməhəmmədinin həbsinə etirazını bildirib. Seyid Həmid Purməhəmmədiyə bank oğurluğunda Əhmədinejadın qudası, Iran Prezident Administrasiyasının sabiq rəhbəri Isfəndiyar Rəhim Məşayinin əlinin olduğunu etiraf etməsi üçün təzyiqlər göstərilib. Isfəndiyar Rəhim Məşayi son aylarda Iranın ali dini lideri, ayətullah Əli Xamneyinin tərəfdarı olan saytlarda tez-tez “yolunu azmış cərəyan”a başçılıqda günahlandırılır. 2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, Iran Milli Bankından və daha bir neçə bankdan 2,8 milyard dollara yaxın pul mənimsənib. Bu il sentyabrın 27-də Iran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri istefaya gedib. Bu istefa bank oğurluğunun üstü açılandan sonra baş verib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir.