Bıçaqla ölkəni də parça- parça etmək olar…

Hamı gözəl bilir ki, “mafiya üslubunda müharibə” necə başlayır. Bir tərəfdən kimsə öldürülür, ehtiraslar qızışır və tərəflər bir-birinə dəyir. Bəzən də üçüncü əl bunu təşkil edir, çünki müharibənin başlanmasına istəkli olan odur.

Yazıçı Rafiq Tağının qətlə yetirilməsinə məhz bu tərəfdən də baxmaq lazımdır, çünki onsuz da zəif və dağınıq olan toplumu bu qətl daha parçalanmış hala gətirə bilər. Yazıçının köksünə tuşlanan bıçaqlar toplumun düşüncəsini qarışdıra və üz-üzə qoya bilər.
Bundan əvvəlki yazılarımda bu dəhşətli qətlin baş verməsinin mümkün versiyaları ilə bağlı qənaətlərimi yazmışdım. Versiyalar müxtəlifdir. Hər halda gözləyək görək, istintaq necə gedəcək və indi nə deyəcəklər…
Amma hələlik ən vacib olan məsələ cəmiyyəti din müstəvisində üz-üzə qoymaq planından qorumaqdır. Mən heç kimə düşüncələrindən imtina etməyi təklif etmirəm. Nə də Iranın bizim cəmiyyətin gələcəyinə qarşı təhlükə olan zehniyyəti qarşısında susmağın tərəfindəyəm. Sadəcə mən dindar və inanclı adamlarla ateist və liberal baxışlı adamlar arasında qarşıdurmanın çərçivələri aşmasını çox ziyanlı görürəm. Hədəfdən yayınmaqdır azı…
Bəli, Rafiq Tağını dindarlar da öldürə bilərdi. Bu cür hədələr hamıya aydındır. Hətta sabah bu hamımızın inandığımız dərəcədə təsdiq oluna bilər. Amma buna görə prinsipial olaraq dini hədəfə alan insanlar bir məqamı unutmasınlar, Elmar Hüseynovu dindarlar öldürməmişdi. Indi tarix dindarların, solçuların, sağların, millətçilərin, liberalların qurbanları ilə zəngindir, amma biz bütün dini, solu, sağı qatil elan etməmişik. Bunlar, sadəcə, çeynənmiş sözlər deyil, gerçəklərdir…
Irana gəldikdə isə, kim bilmir ki, onun Azərbaycanla bağlı planları məhz dini hədəflər deyil. Bəlkə bilmirsiniz bunu? Din libası altında nə istədikləri bəllidir. Bu libası xoşlamaya bilərsən, amma sən mahiyyəti qoyub libasla döyüşsən, düzmü edərsən? Bu səni güclü və haqlı edərmi?
Dindar da, ateist də bilməlidir: bir normal ölkədə nə dini, nə də ateist siyasi sistem qurula bilməz. Tarixin acı təcrübəsi bunun hər ikisini rədd edir. Doğru yol isə bizə çoxdan tanışdır. Azərbaycan qanunlara görə kübar bir ölkədir, dünyəvidir. Indi bu amil avtoritar hakimiyyətin ədalətsizlikləri, özbaşınalıqları, yanlış idarəçiliyi səbəbindən elə də bəhrə vermir, onun gözəlliyini nə dindarlar, nə də başqaları yaşaya bilir. Nəticə budur ki, qorxulu niyyətlərə köklənən dindarlar bizim həyatımıza, gələcəyimizə nə qədər təhlükəlidirsə, bizim azadlıqları qapayan dindar olmayanlar da o qədər təhlükəlidir. Onların hamısını bir cəhət birləşdirir: azadlıqlara düşmən olmaq.
Dünyəvi ölkə demokratik olduqda bütün haqlar qorunur. Elə qorunur ki, hamı razı qalır. Görürsünüzmü, insanlar müsəlman ölkələrindən belə ölkələrə necə axışıb gedir?! Eyni zamanda ölkələri inkişaf etdikcə, əvvəllər Avropaya axışan türklər geri dönməyə başlayıb – Türkiyəyə. Demokratiyanın, dünyəviliyin hesabına mövcud olan inkişaf sayəsində gediş-gəlişdə fərqli bir dinamika yaranır. Inkişafın isə dini və ateist siyasi sistemlərə aid nümunəsi yoxdur. Dinindən asılı olmayaraq, yalnız dünyəvi və demokratik ölkələr inkişaf magistralına çıxa bilirlər…
Dünyəvi demokratik ölkə modeli bizim istənilən qüvvəyə verdiyimiz cavabdır. Biz bu modeli heç kimə güzəştə getməyəcəyik, nə dindarlara, nə ateistlərə, nə iç qüvvələrə, nə də yağılara. Bu öz yerində. Amma bu güzəştsizlik bizi hədəfdən yayındırmamalı, yersiz və yanlış çəkişmələrə də aparmamalıdır.
Bizim yolumuz aydındır. Yolumuza davam edəcəyik, əngəllərə, qana-qadaya baxmadan. Azərbaycan isə dünyəvi ölkə olacaq. Hələ dünyəvi deyil. Çünki dünyəvi ölkə həm də demokratik olmalıdır…