Öcalan Suriya diktatoruna kömək üçün 1000 terrorçu göndərir
Elxan Şahinoğlu: «Türkiyə baş verənlərin fonunda aktivləşərək PKK problemini tam həll edə bilər»
Türkiyə mətbuatı PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın Bəşər Əsədə məktubunu ələ keçirib. Məktubda Öcalan Bəşər Əsədi dəstəklədiyini ifadə edir və ona öz yardımını təklif edir. Terrorçu Əsədə kömək üçün 1000-dək PKK yaraqlısı göndərdiyini də xəbər verib. Bu isə bir müddət əvvəl PKK-nın dəstəklənməsində Suriya hakimiyyətinin rolu olduğunu gündəmə gətirib. Ekspertlərin fikrincə, baş verən hadisələrin fonunda Türkiyənin daha da aktivləşəcəyi gözlənilir. Çünki Türkiyə hazırda dünyada Əsədə qarşı gedən proseslərdən öz maraqlarının doğrulması üçün istifadə edə bilər. Türkiyənin cərəyan edən proseslərdə birinci məqsədi isə Suriyadakı PKK bazalarının tam məhvinə nail olmaqdır.“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Suriya və Iranın PKK kartından istifadə edərək Türkiyəyə qarşı həmlələr həyata keçirəcəyi barədə dəfələrlə fikirlər söylənilib. Həm Suriya, həm Iran rejiminin PKK amilindən Türkiyəni zəiflətmək üçün istifadə etməyə çalışdığını deyən E.Şahinoğlu vurğuladı ki, 24 türk əsgər və zabitinin qətlə yetirilməsi əməliyyatına suriyalı komandirin rəhbərlik etməsi şübhələri artırır: “Suriya rejimi PKK komandirləri ilə də birbaşa əlaqəyə girərək Türkiyəyə qarşı bu cür qətliamların həyata keçirilməsini həvəsləndirə bilərdi. Öcalanın vəkilləri vasitəsilə Suriyaya mesaj yollaması ondan xəbər verir ki, PKK Əsəd rejiminin yanında dayanmağa qərarlıdır. Eyni zamanda Suriyada hadisələrin inkişafına da diqqət yetirmək lazımdır. Biz görürük ki, insanlar küçələrə axışır, hakimiyyətə qarşı mübarizə aparırlar. Amma kürdlər sükut içindədir. Halbuki Suriyadakı kürdlərin də haqları pozulur. Amma onlar etiraz etmirlər. Bu da görünür, PKK və digər radikal kürd qruplaşmalarından gələn təlimatla bağlıdır”.
E.Şahinoğlunun sözlərinə görə, PKK kartından Türkiyəyə qarşı istifadə olunduğuna dair daha bir məqam Bərzaninin Şimali Iraqda yaşayan kürdlərə ünvanladığı mesajla bağlıdır. Kürdlərə açıq şəkildə bildirilmişdi ki, sakit dayanın və hadisələri izləyin.
Artıq Əsəd rejiminin gündəmdə olduğunu nəzərə alsaq, Suriyada hakimiyyət dəyişikliyi PKK-nın fəaliyyətinə ciddi təsir edə bilər. Hətta bəzi ekspertlərin fikrincə, Türkiyə baş verənlərin fonunda aktivləşərək PKK problemini tam həll edə bilər. Çünki PKK-nın əsas dayaqları məhz Suriyada yerləşir. Bu məqamla bağlı E.Şahinoğlunun mövqeyinə gəlincə, o hesab edir ki, Suriyadakı hazırkı rejim dağılsa, regionda tam başqa situasiya formalaşa bilər. Iranın Suriya üzərindən Yaxın Şərqdəki hadisələrə dağıdıcı təsir edə bilməyəcəyini deyən E.Şahinoğlu vurğuladı ki, nəticədə Iran “Həmas” və “Hizbullah” kimi qruplaşmalara silah göndərə bilməyəcək. Nəticədə Qərb Iranın sərhədinə qədər irəliləyəcək. Çünki Suriyada hakimiyyətə gələn yeni qüvvələr Qərblə sıx əməkdaşlıq edəcəklər: “Suriyada hakimiyyətə gələn yeni qüvvələr Türkiyədən dəstək almaq üçün PKK ilə mübarizə aparacaqlar. Digər tərəfdən, Türkiyə boş oturmayıb və Suriya müxalifəti ilə ciddi əlaqələr quraraq Əsəd rejiminin bir növ devrilməsinə yardım edir. Suriya müxalifətinin hazırda mərkəzi Türkiyədir. Çünki Suriya müxalifəti məhz Istanbulda konfranslarını keçirir. Türkiyə gələcək Suriya hakimiyyətinin formalaşmasında önəmli rol oynayır. Burada da əsas səbəb Türkiyənin maraqlarıdır”.
Xəyal