b.esed2

Bəşər Əsədə verilən vaxt bitdi

Suriya rejiminə qarşı daha sərt addımlar işə düşür

Müxalif əsgərlər Əsəd qüvvələrinə növbəti dəfə hücum etdi

 

Suriyada daha bir qanlı gün geridə qalıb. Noyabrın 24-ü və 25-i aralığında baş vermiş toqquşmalarda 50-dən çox adamın öldürüldüyünə dair məlumat yayılıb. “France Press” agentliyinin xəbərinə görə, ölənlərdən 23-ü təhlükəsizlik qüvvələrinin əməkdaşı, 15-i Əsəd rejiminə etiraz edən nümayişçi, 13 nəfər isə dinc sakindir. Onların əksəriyyəti Humus və Həma şəhərlərində öldürülüblər.

Ötən gün isə Suriyanın müxtəlif bölgələrində Əsəd rejiminə qarşı ənənəvi cümə etirazları keçirilib. Cümə namazından sonra meydanılara axışan etirazçılar Bəşər Əsədin istefasını tələb ediblər. Suriyalı fəallar ötən gün Dəra, Humus, Həma, Deyr əz Zor, Qamışlı şəhərlərində və paytaxt Dəməşqin bəzi bölgələrində keçirilən aksiylara hökumət qüvvələrinin müdaxilə etdiyini bildirib. Əsgərlərin açıdğı atəş nəticəsində ən azı 18 nəfər dünyasını dəyişib. Ölənlərdən bir azyaşı uşaqdır.

Həma şəhərində də hökumət qüvvələriylə müxaliflərin tərəfinə keçmiş əsgərlər arasında silhalı toqquşma yaşanıb. Şahidlərin sözlərinə görə, Həmanın Teavuniyyə, Bab Qiblə və Kərəm əl Horani məhəllələrində yaşanan qarşıdurma nəticəsində hər iki tərəf itkilər verib. Müxaliflərin tərəfinə keçən hərbçilərin yaratdığı “Azad Suriya Ordusu” növbəti dəfər Əsəd rejiminin qilahlı qüvvələrinə hücum edib. “Reuters” agentliyinin xəbərinə görə, Suriya ordusuna aid pilotlara hücum zamanı 10 nəfər əsgər həlak olub. Ölənlərdən 6-sı pilot olub.

Sərhədlərini xarici müşahidəçilərə açması üçün Suriyaya təzyiq göstərən Ərəb Birliyinin Dəməşqə qoyduğu müddət ötən gün saat 15:00-da bitdi. Əsəd rejiminin çağırışlara məhəl qoymasına baxmayaraq birlik ölkələri Suriyaya qoyduğu vaxtın müddətinin günün sonuna qədər uzadıb. Bu müddət ərzində də Suriya Ərəb Birliyinin şərtlərini qəbul etməsə birlik ölkələrinin Əsəd rejiminə qarşı sərt sanksiyalar qəbul edəcəyi gözlənilir.

Əlavə edək ki, Ərəb Birliyi xarici işlər nazirlərinin srağagün Qahirədə keçirilən toplantısından sonra Suriyaya mülki uçuşların qadağan edilməsi, Suriya Mərkəzi Bankı ilə əlaqələrin təxirə alınması və əməliyyatların dayandırılması, Suriya xalqının ehtiyacı olan qida maddələri və strateji mallar istinsa olmaqla Suriya ilə ticarətin dayandırılması və Suriya hökuməti üzvlərinin xaricdəki mal varlıqlarının dondurulması kimi sanksiyalar nəzərdən keçirilib. Sanksiyaların müzkakirəsi və qərbuluyla bağlı iclas isə noyabrın 26-da keçiriləcək. Bununla yanaşı indiyə qədər beynəlxalq təşkilatların Suriyadakı böhrana müdaxiləsinə qarşı çıxan Ərəb Birliyinin xarici işlər nazirləri ilk dəfə BMT-nin də prosesə qoşulmasına dair çağırış ediblər.

Bu arada Rusiyanın Suriyaya “S-300” zenit raket kompleksləri göndərdiyi haqda xəbərlər ortaya çıxıb. Dolaşan iddialara görə, Suriyaya göndərilən Rusiya hərbi gəmilərinin göyərtəsində hərbi müşavirlər də olub. Onlar
Bəşər Əsəd rejiminə göndərilən “S-300” zenit raket əleyhinə komplekslərin işlədilməsində suriyalılara yardım etməlidirlər. Onların hərəkət zonalarına NATO-nun İncirlik (Türkiyə) və Neqevadakı (İsrail) Amerika radar sistemləri də daxildir.

İnformasiya şöbəsi