Rafiq Əliyev dağı və…

Təpəyə dağ göz dağıdır, çünki dağdan aşağıdır

Bu seriyadan ötən yazımda AMEA- nın 2 müxbir üzvü və 2 həqiqi üzvünün öz həmkarları Rafiq Əliyevə ünvanladıqları keçən əsrin 37-ci ilinin qo(r)xusu gələn məktuba da epizodik toxunmuşdum. Bildirmişdim ki, məktubu imzalayanlardan birini mətbuatdan yaxşı tanıyıram. Xatırladıram ki, bu alimimiz də Təhsil Problemləri Institutunun direktoru Abdulla Mehrabov kimi, bioqrafiyasını Amerika Bioqrafiya Institutunun (ABI) əldəqayırma titulları ilə “bəzəyənlərdən” biridir.

O kimdir?

Oxucuları intizarda qoymamaq üçün bəri başdan bildirirəm ki, bu şəxs tez-tez telekanallarda mübarək çıxışlarını izlədiyimiz professor Rasim Əliquliyevdir. Ayrı-ayrı qaynaqlardan əldə etdiyim məlumatlara görə, onun da vəzifə və titullarının say-hesabı yoxdur: AMEA Informasiya Texnologiyaları Institutunun direktoru və “Informasiya Cəmiyyəti problemləri” şöbəsinin müdiri, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü, Respublika elmi tədqiqatların təşkili və əlaqələndirilməsi şurası nəzdində “Kibernetika, informasiya texnologiyaları və texnika” problem şurasının sədr müavini, Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin elmi-texniki şurasının sədr müavini, Azərbaycan Milli Aviasiya Akademiyası nəzdində fəaliyyət göstərən dissertasiya şurasının üzvü, Azərbaycan elmi-tədqiqat və təhsil kompüter şəbəkələri assosiasiyasının vitse-prezidenti, “AMEA-nın xəbərləri” jurnalının (fizika-texnika və riyaziyyat elmləri seriyası) redaksiya heyətinin üzvü, “Applied and Computational Mathematics” jurnalının redaksiya heyətinin üzvü, Beynəlxalq Informasiyalaşdırma Akademiyasının həqiqi üzvü, IEEE və ACM beynəlxalq qurumlarının üzvü, AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan Dövlət Neft Akademiyasının professoru və s. Bundan başqa, o, “Ilin nüfuzlu ziyalısı”, “Tərəqqi”, “American Medal of Honor” kimi fəxri adlar və medallarla təltif olunub…

Əliquliyev də ABI-nin müştərisi imiş

Ötən yazımda Amerika Bioqrafiya Institutu (ABI) haqqında da danışmışdım və məşhur “Wikipedia” ensiklopediyasına istinadən bildirmişdim ki, bu qurumun əsas fəaliyyət istiqamətlərindən biri “fəxri ad” ticarətidir. Oxucuların diqqətinə onu da çatdırmışdım ki, ABI-nin “fəxri ad” alverini dünyanın bir çox aparıcı siyasətçiləri və jurnalistləri dələduzluq kimi qiymətləndirir, ona görə də bəzi ölkələr öz vətəndaşlarını bu qurumla ilişki qurarkən ehtiyatlı olmağa çağırır. Araşdırmalar nəticəsində üzə çıxdı ki, ABI-nin müştərisi təkcə professor Abdulla Mehrabov deyilmiş. Ölkəmizdən və qonşu ölkələrdən bu qurumla “fəxri ad” ticarəti yapan xeyli adam varmış…
“Fəxri ad” alış-verişində meyar və sərhəd “tanımayan” ABI-dən, sən demə, Rasim Əliquliyev də iki medal alıbmış: “American Medal of Honor” (2003) və “The World Medal of Freedom” (2006) medalları. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı Abdulla müəllim haqqında dediklərimi eyni zamanda R.Əliquliyevə də aid etmək olar…

Əliquliyevin BIA-sı

Tədqiqat zamanı bir məqam diqqətimi daha çox çəkdi. Bəlli oldu ki, vəzifə, titul və fəxri adlar məsələsində Rasim müəllim əvvəlki yazılarımın qəhrəmanları Vaqif Abbasovu və Abdulla Mehrabovu xeyli ötüb keçib. Ona “verilən” titullardan biri üzərində xüsusi dayanmaq istərdim. Siyahıdan göründüyü kimi, Rasim Əliquliyev həm də Beynəlxalq Informasiyalaşdırma Akademiyasının (BIA) həqiqi üzvüdür. Bu qurumun fəaliyyəti nədən ibarətdir və onun həqiqi üzvləri kimlərdir? Yəqin ki, bu sual hamı üçün maraqlıdır. Bəri başdan deyim ki, BIA elm aləmində mənfi imici olan bir qurum kimi tanınır. Onun haqqında indiyədək elektron və yazılı mətbuatda saysız-hesabsız yazılar dərc olunub və bu yazıların əksəriyyəti tənqidi xarakterlidir. Bu qurum da, ABI kimi, əsas “işini” dünyada yalançı titullar satmaq üzərində qurub. Mənə elə gəlir ki, BIA-nı yaxşı tanımaq üçün “Wikipedia” və “Frikopedia” ensiklopediyalarından götürülmüş aşağıdakı məlumatları oxumaq yetərlidir.
“Frikopedia” ensiklopediyasında BIA. Bu təşkilat akademiya illüziyası yaradan “populyar” antiictimai təşkilat sayılır. Qurumun “populyarlığı” onunla izah olunur ki, bu “akademiyaya” üzv olmaq çox sadədir, yəni bunun üçün hər hansı tələb yoxdur və çox ucuzdur.
BIA-nın oyunlarının bir başında onun BMT-nin Iqtisadi və Sosial Şurası yanında məsləhətçi statusu alması dayanır. Belə ki, bu, “akademiyaya” özünü məşhur təşkilata – BMT-yə “yaxmaq” imkanı yaradır. “BMT yanında Beynəlxalq Informasiyalaşdırma Akademiyasının akademiki” – razılaşın ki, bu ifadə heç də pis səslənmir.
Əgər Rusiya Təbiət Elmləri Akademiyası işlərində elmi fəaliyyət görüntüsü yaradırsa, BIA-da bu da yoxdur, yəni “müştəri” pulunu verir və möhürlü kağızını (diplomunu) alır. 
BIA-nın həqiqi üzvləri kimlərdir? Onlardan bir neçəsini oxuculara təqdim edək:
Bronnikov Vyaçeslav Mixayloviç – məşhur şarlatan;
Qrabovoy Qriqori Petroviç – dələduzluğa görə mühakimə olunub;
Votinov Viktor Afanasyeviç – Bronnikovun silahdaşı;
Kladova Larisa Nikolayevna – cadugər, falabaxan, ruha şəfa verir, dağılmış ailələri bərpa edir, gözdəyməni və qarğışı aradan götürür, sonsuzluğu, qadın xəstəliklərini və impotensiyanı müalicə edir;
Plıkin Viktor Dmitriyeviç – Bronnikovun başqa bir köməkçisi.
“Frikopedia”dan götürülmüş bu adları və onların kimliklərini bildikdən sonra Rasim Əliquliyevin BIA-sı haqqında nə düşündünüz? Sizdən soruşuram: Professor Əliquliyevin bu qurumun həqiqi üzvü olması ona şöhrət gətirir, yoxsa?..

Elmimizin Rafiq Əliyev zirvəsi və…

Rasim Əliquliyevin də imzaladığı “məşhur” məktubda Rafiq Əliyev haqqında belə deyilir: “O, elmdə özünə yolu talantı ilə yox, daha çox küt başı ilə açıb”. (Rusca variantda belədir: “On, skoree, mednım lbom, çem talantom probival sebe doroqu v nauke” – 1news.az, 12.10.2011). (Bu sözləri dilimə gətirdiyimə görə Rafiq müəllimdən dönə-dönə üzr istəyirəm). Düşündüm ki, Ilahi, belə şey də olarmı? Axı Rafiq Əliyev sıradan bir alim deyil. Dünya elmində xüsusi yeri və çəkisi olan alimdir. Əgər Lütfi Zadə kimi nəhəng Rafiq müəllimin istedadından, onun sanbalından danışırsa, deməli, o, ən azı bizim ölkəmizdə “kalibrinə” görə çox böyük alimdir…

Akademik Cəlal Allahverdiyev ağlayırdı…

Bəli, o, sözün həqiqi mənasında ağlayırdı. Yəqin ki, bunu “Azadlıq” radiosunun dinləyiciləri açıq-aydın hiss etdilər. O, ağladıqca insanın ürəyi sızıldayırdı. Bəs görkəmli alimimizi göynədən nə idi ki, o ağlayırdı? – Təbii ki, elmimizin, təhsilimizin bugünkü acınacaqlı durumu, cəmiyyətdə mizan-tərəzinin pozulması, böyüyən nəslin gələcəyinin sual atına düşmək təhlükəsi və s. Bir gün öncə o, mətbuata bildirmişdi ki, “ləyaqəti olan adam Rafiq Əliyevi müdafiə etməlidir”…
Bu arada isə saytlarda akademik Fikrət Əliyevin akademik Cəlal Allahverdiyev və professor Cəmil Həsənlidən “üstünlüyünü” əks etdirən “məşhur” cədvəli yayıldı. “Cədvəli” görəndən sonra mənə elə gəldi ki, Cəlal müəllim həmin verilişdə daha çox Fikrət Əliyev kimilərin gününə ağlayırdı…

Ramin DEKO