Ərdoğan Bəşər Əsədi “məhv elədi”

«Öz xalqına qarşı döyüşmək qəhrəmanlıq deyil, qorxaqlıqdır»

«Xalqına qarşı ölənə qədər döyüşən birini görmək istəyirsənsə, faşist Hitlerə, Mussoliniyə, Çauşeskuya bax»

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Suriya diktatoru Bəşər Əsədin ünvanına sərt ifadələr işlədib. Partiyasının parlamentdəki üzvləri qarşısında çıxış edən baş nazir Suriya diktatoruna mesaj ünvanlayıb: “Daha çox qan tökmədən, daha çox zülm etmədən, xalqının, ölkənin və bölgənin sabitliyi üçün oturduğun kürsüdən əl çək!
Bəşər Əsəd meydana çıxıb “ölənə qədər döyüşərəm” deyir. Allah xatirinə, sən kiminlə döyüşürsən? Öz xalqına qarşı ölənə qədər döyüşmək qəhrəmanlıq deyil, qorxaqlıqdır. Öz xalqına qarşı ölənə qədər döyüşən birini görmək istəyirsənsə, faşist Almaniyasına bax, Hitlerə bax, Mussoliniyə bax, Rumıniyanın Çauşeskusuna bax. Əgər bunlardan dərs almamısansa, öz xalqına silah çevirən və daha 32 gün öncə eynilə sənin istifadə etdiyin ifadələri işlədən və öldürülən Liviya diktatoruna bax. Bəşər Əsəd, torpaqlarına müdaxilə qarşılığında ölənə qədər döyüşməkdən danışırsansa, onda Israilin işğal etdiyi Qolan təpələri üçün niyə savaşmadın?”.
Ingiltərədə səfərdə olan Türkiyə prezidenti Abdulla Gül də bu ölkənin aparıcı qəzetlərinə müsahibəsində Suriya hadisələrinə münasibət bildirib. Gül Türkiyənin Suriya xalqının ehtiyaclarına biganə qalmayacağını söyləyib. Türkiyə rəhbəri bildirib ki, Ankara üçüncü ölkələrin Suriyanın daxili işlərinə qarışmasını dəstəkləməyəcək və özü də bu addımı atmayacaq.
Türkiyə prezidentinin sözlərinə görə, Ankara Bəşər Əsəd rejiminə olan inamını itirib: “Bizim dövrümüzdə Bəşər Əsəd rejimi kimi avtoritar rejimlər qəbuledilməzdir. Suriyadakı vəziyyət arzuolunmaz istiqamətdə inkişaf etsə də, Türkiyə münaqişəyə müdaxilə etməyəcək. Biz Suriyanın daxili işlərinə qarışmayacağıq. Amma biganə də qala bilmərik. Əgər Türkiyənin maraqları təhlükə altında qalsa, biz özümüzü müdafiə etməli olacağıq”.