Bayıl bazarı “ölümə məhkum edilib”

Yeni yol çəkilişi yüzlərlə insanın iş yerini itirməsinə səbəb olacaq

Bayıl bazarı söküləcək. Belə bir xəbər bir neçə gündür ki, mətbuatda yayılıb. Söküntü ərazidə aparılan yolun genişləndirilməsilə əlaqələndirilir. Dünən biz bazara baş çəkib, yayılan xəbəri aydınlaşdırmağa çalışdıq.
Bayraq meydanının hədəfə aldığı daha bir obyekt olan Bayıl bazarı eyni adlı dairədən aşağıdakı magistral yolun kənarındadır. Əvvəllər bura “3 nömrəli kolxoz bazarı” adlanıb, indi özəl mülkiyyətdədir. Bazarın ön hissəsində yol həqiqətən genişləndirilir. Artıq çəkiləcək yolun üzərindəki obyektlər uçurulub. Bu yol Bayraq meydanına tərəf gedəcək.
Bayıl bazarı bizim təsəvvür etdiyimiz klassik bazar anlamını çoxdan itirib, burada açıq piştaxta üzərində pərakəndə satış yox sayılacaq həddə azdır. Bazar daha çox yol kənarına düzülən mağazalar şəbəkəsindən ibarətdir.

Od olmasa, tüstü çıxmaz

Söhbətləşdiyimiz satıcılar bazarın söküləcəyi barədə onlara rəsmi və ya qeyri-rəsmi xəbərdarlıq olunduğunu, bildiriş verildiyini təsdiqləmirlər. Amma onlar deyir ki, belə söhbətləri uzun müddətdir eşidirlər.
“Elin sözü yalan olmaz, yanlış olar. Hamı sökülmədən danışırsa, demək belə də olacaq” deyir, özünü Məzahir kimi təqdim edən satıcı.

Onun fikrincə, bazarın yaxınlıqdakı “Akapen” adlı yerə köçürüləcəyi barədə də deyilənlər həqiqətə oxşamır. “Akapen”in adı bu məsələdə ona görə hallanıb ki, hazırda onun mazutlu relyefi kənardan daşınan torpaqla düzəldilir. “Amma bu iş bazar üçün yox, yeni elektrik stansiyasının tikintisinə görədir”, – deyir həmsöhbətimiz.

Hasarlama təhlükəsi

Yeni çəkilən yol isə bazardakılarda doğrudan da narahatlıq yaradırmış. Söhbət yol çəkilişinin yaratdığı səs-küy, palçıq torpaqdan da getmir. Ticarətçilər deyir ki, onlara yeni yol çəkiləndən sonra onun hər iki tərəfinə hasar çəkiləcəyi xəbəri çatıb. Bunu isə onlar ölümə bərabər sayır. Satıcılardan biri deyir: “Tısbağanı ya öldür, ya da arxası üstə çevir – eyni şeydir. Bu bazarın kənarından hasar çəkəndən sonra kimdir bura gələn? Bizim müştərilərin 90 faizi yoldan maşınla keçənlər olur, hasar olandan sonra deməli, onları itirəcəyik”.

“Bazarkom bankrotdur”

Aldığımız dəqiq məlumatda isə bildirilir ki, Bayıl bazarının sahibi Tariyel adlı şəxsdir. O, ərazisi 15 sot olan bazarı bir ilə yaxındır ki, 400 min manata satışa çıxarıb. Lakin bu müddətdə bazar hələ də özünə müştəri tapa bilmir. Bildirilir ki, sahibkarın banklardan birinə böyük məbləğdə kredit borcu var.

Natiq