Lənkəran məhkəməsi “Xural” qəzetinin əməkdaşı, tanınmış jurnalist Aydın Canıyevi 3 il müddətinə azadlıqdan məhrum edib. Modern.az bildirir ki, məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 221.2.2 maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) üzrə təqsirli bilib. Bir saat əvvəl bitən məhkəmə A.Canıyevin vəsatətlərini rədd edib.
Məhkəmə prosesində prokuror 4 il iş tələb etsə də, hakim 3 il azadlıqdan məhrumetmə cəzası kəsib. Aydın Canıyev vəkildən imitna edib və özü özünü müdafiə edib.
Xatırladaq ki, A.Canıyev sentyabr ayında saxlanılıb. O, vətəndaş Zemfira Xəlilovanı təhqir etmək, Lənkəranın Sərpəkəran kəndinin məscidində xuliqanlıq törətməkdə ittiham olunaraq inzibati həbs cəzası almışdı. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi qaldırılıb və Lənkəran Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.
Aydın Canıyevin cinayət məsuliyyətinə cəlb olunması məsələsini Lənkəran Dövlət Universitetinin pedaqoji heyəti də qaldırıb. Onların şikayətinə jurnalistin “Xural” qəzetində getmiş məqaləsindəki bəzi ifadələr səbəb olub.
Jurnalist Lənkəran Rayon Polis Şöbəsinin təcridxanasında saxlanır.