Bu dünyada humanizm də var axı…

ABŞ-ın keçmiş prezidenti D.Eyzenhauerin maraqlı fikri vardı: “Solçu və kommunistlərə qarşı mübarizə apararaq ölkəni sağçıların diktaturasına çevirə bilmərik!”
O, müəyyən mənada haqlı idi… Indi dünyada baş verən prosesləri seyr edəndə tez-tez yadıma bu fikir düşür. Liberal düşüncəli bir insan kimi təbii, liberal dəyərlərin daha geniş miqyasda təsdiqi, bu dəyərlərin daha dərin tətbiqi və onlara getdikcə daha artıq ölkənin üz tutması məni sevindirməyə bilməz. Bu sözsüz ki, təqdirəlayiq hadisədir. Amma bizim baxışlarımız da dövrdən, elə zamandan da asılı olaraq dəyişir. Bəli, varlılar bütün ölkələrin əhalisinin çox kiçik hissəsini təşkil edir, əhalinin daha böyük hissəsi orta təbəqəyə aiddir.
Sonuncuların maraqlarını nəzərə almamaq qeyri-mümkündür. O gün bizim deputatlardan biri deyir ki, gəlin, dövlət ali təhsil müəssisələrini özəlləşdirək və bu yolla professor-müəllim heyətinin maaşlarını artıraq. Hə, ilk baxışda liberal düşüncəli insan bunun əleyhinə çıxa bilməz. Amma pulsuz təhsil də insanların böyük çətinliklə qazandığı sosial haqlardan biridir. Xarici ölkələr elə sosial sistem, şəbəkə yaradıblar ki, təhsil haqlarını ödəmək elə də problem yaratmır. Azərbaycanda bu sistem varmı? Yoxdur.
Digər tərəfdən, indi bizdə hər profil üzrə bir dövlət təhsil müəssisəsi qalıb. Onları özəlləşdirməyin elə bir mənası varmı? Axı pulsuz təhsil müəssisələri də qalmalıdır! Bəli, elə bir təəssürat yaranır ki, həmin deputat liberal, mən isə solçuyam. Amma zahiri detallar sizi çaşdırmasın. Nobel mükafatı laureatı X.Alven deyirdi ki, heç bir ideyanı absurda çatdırmaq lazım deyil. Onsuz da bu ölkənin insanları elə bir hüquqa malik deyillər. Indi onları son imkanlardan da məhrum etməyə dəyərmi və bunu məqbul saymaq olarmı? Təbii ki, yox. Başqa vaxt biz özümüzün sərvətimizlə və imkanlarımızla qürrələnirik. Hərçənd, qürrələnməli bir şey yoxdur, çünki bir neçə on milyard dollar elə də böyük məbləğ deyil. Amma lazımi və zəruri xərclərdən söhbət düşəndə bir anın içində kasıblaşırıq.
Mən ümid edirəm ki, ABŞ liberalları, eləcə də digər ölkələrin insaflı demokratları vəziyyətdən daha optimal çıxış yolunu tapacaqlar. Mən burada qəsdən “insaf” sözünü yazdım. Çünki dünyada bir çox şey insanların insafına qalıb. Az qala humanizm tamam yadımızdan çıxıb: kimin imkanı var, yaşasın, kimin imkanı var, müalicə olunsun və kimin imkanı var, təhsil alsın! Budurmu XXI əsr?..
Qəbələ RLS-i bizə lazımdırmı?
Arxaik şeyləri yaşatmaqda mahirik. Mən Qəbələ RLS-nə relikt və ya arxaik məsələ kimi baxıram. Maraqlısı bilirsiniz, nədir? Bunlar müstəqillikdən dəm vurur, ölkəni müstəqil etdiklərini iddia edirlər. Lakin bir Qəbələ RLS-nin məsələsini həll edə bilmirlər!.. Obyektin icarəsindən Azərbaycana gələn pul qəpik-quruşdur. Belə olan təqdirdə, ona ehtiyac varmı? Təbii, bunlar yalnız özlərini düşünürlər, Rusiya ilə münasibət saxlamağa cəhd edirlər. Ölkəni bir günün içində neytral elan etdilər. Neytral ölkədə başqa bir ölkənin bazasını saxlamaq nə qədər məntiqə uyğundur? Burada öz sözüm yadıma düşdü: bu ölkədə məntiq axtarmağa dəyərmi?
Növbəti hesabata qədər
Məntiq dedim, daha bir məsələ yadıma düşdü. Bu yaxınlarda yeni hesabat açıqlandı. Söhbət insan haqları və demokratiyanın vəziyyətindən gedir. Lakin hesabatın mürəkkəbi qurumamış bizim hökumət onu “qeyri-obyektiv və qərəzli” adlandırdı. Bu məsələdə də bunların öz “məntiqi” var. “Məntiq” budur ki, niyə Ermənistanda seçkilərin saxtalaşdırılmasına, insanların təqib edilməsinə, döyülməsinə və incidilməsinə göz yumurlar, lakin bizə gələndə bunu etmirlər?! Mən həmin beynəlxalq təşkilatlardan soruşmaq istərdim ki, nədən imkan vermirsiniz ki, bunlar öz vətəndaşlarını ürəkləri istəyən qədər döysünlər, təqib etsinlər, incitsinlər?! Axı onlar bunu bizi, öz vətəndaşlarını, “istədiklərindən” belə edirlər!
Inanmırsınız? Düz edirsiniz! Çalışın bizləri bu hakimiyyətlə tək buraxmayın! Əks təqdirdə, növbəti hesabata qədər sözün əsl mənasında axırımıza çıxarlar! Növbəti hesabata qədər xoş arzularla!