İctimai Palata Əliyevi günahkar elan etdi

Mülkiyyət hüquqlarının müdafiəsinə həsr olunan dinləmədə hakimiyyətə ağır ittihamlar

Əli Kərimli mülkiyyəti əlindən alınanlara, evi sökülənlərə təminat verdi: Xalq hakimiyyəti mülkiyyətinizin əvəzini sizə qaytaracaq!

Ictimai Palatanın dünənki toplantısı son illər hakimiyyətin sıravi vətəndaşların mülkiyyətinə qarşı total hücumuyla bağlı problemin müzakirəsinə həsr olundu. Toplantıda əsas məruzəçi isə illərdir bu problemə qarşı vuruşan, özünün də mülkiyyəti zorakılıqla əlindən alınan Sülh və Demokratiya Institutunun rdirektoru Leyla Yunus idi. Amma tədbirdə moderator Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli idi.
Hökumət nümayəndələrinin insanların mülkiyyətini zorla əllərindən aldığını deyən Əli Kərimlinin sözlərinə görə, hətta elə hallar olur ki, həbsxanada olanlara sənədləri məcburi imzalatdırıb, əmlaklarını ələ keçirirlər. Zülfüqarlı qardaşlarının başına gətirilənlər mətbuat vasitəsilə ictimaiyyət xəbər tutandan sonra hamıya aydın oldu ki, Azərbaycanda iş adamlarının da mülkiyyətinin əllərindən zorla alınması prosesi hansı dəhşətli səviyyəyə çatıb.

“Eurovision” yarışmasına hazırlıqlarla bağlı Bakıda aparılan tikinti işlərinin acısını sadə vətəndaşlarla yanaşı sahibkarların da çəkdiyini vurğulayan AXCP sədri deyir ki, onlarda olan məlumata görə, indi ölkədən kənardakı iş adamlarından da tikinti üçün pullar toplanır: “Deməli, sahibkarların da mülkiyyət hüququna təzyiq və təhdidlər var, amma ən çox təzyiq altında olan sadə vətəndaşlardır”.
Əli Kərimli onu da qeyd etdi ki, əvəzi ödənilmədən insanların əmlakı əllərindən alınır, uçurulur, hakimiyyət onlara ağıllarına gələn məbləğdə pul və öz şirkətlərinin tikdiyi keyfiyyətsiz mənzilləri təklif edir: “Mülkiyyət hüquqlarının qorunması həm iqtisadiyyatımız, həm də sadə insanların həyat şəraitinin pozulmasının qarşısını almaq üçün vacibdir. 400 min ailəyə mənzillərini sənədləşdirməyə imkan yaradılmır. Faktiki, onların da mülkiyyət hüququ pozulur, hər an evlərinin başlarına uçurulması təhlükəsi var”.

“Ölkədə qanunlara məhəl qoymayan cinayətkar komanda var”

Leyla Yunus məruzəsində toplantı iştirakçılarına məlumat verdi ki, Strasburqa, Brüsselə səfərləri zamanı beynəlxalq təşkilatların nümayəndələrinə Azərbaycanda mülkiyyət hüququnun dövlət səviyyəsində pozulduğunu çatdırıb. O, bütün görüşlərdə Azərbaycandakı rejimi “avtoritar” yox, “korrupsioner-klançı rejim” adlandırıb: “Çünki avtoritar rejimlərdə pis də olsa qanun olur, lakin klan rejimində heç bir qanun olmur. ”Qış bulvarı”nın salınması adıyla vətəndaşların mülkiyyətinin zorla əllərindən alınıb dağıdılması Azərbaycanda mafioz hökumətin mövcudluğunu bir daha sübut etdi. Azərbaycanda qanunlar var. Eyni zamanda, qanunlara məhəl qoymayan, ölkəni mafiya qaydalarıyla idarə edən cinayətkar komanda mövcuddur. Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov mənim ofisimi, o cümlədən yüzlərlə vətəndaşın mənzilini qanuni qiymətləndirmə aparmadan əlimizdən alıb dağıtdı. Qanun vətəndaşın mülkiyyətini özünün razılığı olmadan, dəyəri ödənilmədən əlindən almağı qadağan edir. Lakin adlarını çəkdiyim məmurlar və onların sifarişini həyata keçirən əlaltıları vətəndaşlara qarşı cinayətə yol verdilər. Hacıbala Abutalıbovun nümayəndəsi Zülfəli Ismayılov, Kərəm Həsənovun dayısı oğlu Yusif Qəmbərov bu cinayəti həyata keçirmək üçün görəvləndirilən adamlardır. Hacıbala Abutalıbov, Kərəm Həsənov, Zülfəli Ismayıov və Yusif Qəmbərov həbsxanada oturmalıdırlar, vəzifədə yox”.

Dövlət orqanları heç bir şikayətə baxmır

Leyla Yunus qeyd etdi ki, park və yol inşası adı ilə vətəndaşların mülkiyyətinin zorla əllərindən alınması və dağıdılması eyni zamanda, misli görünəmiş dərəcədə korrupsiya əməliyyatıdır: “Vətəndaşları məcbur edirlər ki, dövlət büdcəsindən mənzillərinin əvəzi üçün verilən pulla ancaq Kərəm Həsənovun qardaşına məxsus ”AZINKO” şirkətindən və “Meridian R” şirkətlər qrupundan mənzil alsınlar”.
L.Yunus şəxsən öz mülkiyyətinin zorla əlindən alınmasıyla bağlı prokurorluğa, məhkəməyə müraciət etdiyini, lakin heç bir nəticəsi olmadığını bəyan etdi. Hüquq müdafiəçisinin fikrincə, vətəndaşların yeganı yolu hüquqlarının Avropa Məhkəməsi müstəvisində müdafiəsinə nail olmaqdır.

Mülkiyyətin sənədləşdirilməməsi təzyiq vasitəsidir

Iqtisadçı Ilham Hüseynli isə qeyd etdi ki, Azərbaycanda mülkiyyət hüququnun pozulması üç istiqamətdə həyata keçirilir: “Azərbaycanda insanların bütün hüquqları hər an pozulur. Mülkiyyət hüququnun pozulması isə son vaxtlar daha geniş miqyas alıb. Mülkiyyət hüquqları 3 istiqamətdə pozulur. Mənzillər, sahibkarlıq obyektləri dağıdılır, dəyəri ödənilmədən zorla insanların əllərindən alınır. Mülkiyyətə sənəd verilməməsi yolu ilə də vətəndaşın mülkiyyət hüququnu pozurlar. Sənəd verilməyən mülkiyyətin dağıdılması dəhşətli hal alıb. Bakı və Bakıətrafı ərazilərdə son illər tikilən evlərin 85 faizinə sənəd verilməyib. Hakimiyyətin məqsədi vətəndaşları daim təzyiq, qorxu altında saxlamaqdır”.

Siyasi məhbus ailəsinin mülkiyyətinə qəsd


Müsavat partiyasının Gənclər Təşkilatının sədri, siyasi məhbus Tural Abbaslının anası Başxanım Abbasova onları evdən çıxarmaq üçün indiyə qədər binalarında 11 dəfə yanğın törədilməsindən danışdı: “Ailəm 9 nəfərdən ibarətdir. Mənzilimin dəyəri ödənilmir. Məcburi qaydada bizi evimizdən çıxarmağa çalışırlar. ”AZINKO” şirkətindən ev təklif edilsə də, həmin evin hansı rayonda yerləşdiyi, evin ünvanı, nömrəsi haqqında bizə heç bir məlumat verilməyib. Mənimlə  qonşuluqda yaşayan sakinlərə söküləcək evlərin müqabildə kompensasiya təklif edilsə də, mənə belə bir təklif olmayıb. Iki gün əvvəl bütün sakinlərə zəng vuraraq pulların verildiyini bildiriblər, mənə isə belə bir zəng olunmayıb. Onların məqsədi budur ki, qonşular getsin, məni də təkləsinlər və tək qaldığımı görüb məcbur olub evi tərk edim”.

“Halal evimi kriminal hökumətə vermək istəmirəm”


Ictimai Palatanın üzvü Əlirza Muxtar isə bəyan etdi ki, evindən çıxmaq niyyətində deyil: “Mən anamın ibadət etdiyi, uşaqlarımın böyüdüyü halal evimi quldur və kriminal hökumətə satmaq istəmirəm. Bizdən əl çəksinlər”.

“Abutalıbova dedim ki, sən bu xalqın düşmənisən”

Şirinbacı Rzayeva adlı ağbirçək qadın isə şəhərin mərkəzindəki mənzilindən zorla çıxarılmasına cəhd edildiyini dedi: “Evimizin sökülməsinə Hacıbala Abutalıbov sərəncam verib. Mən getdim, bir zülmlə onun qəbululuna düşdüm. Ona dedim ki, sən bu xalqın düşmənisən. O elə vəziyyətdə düşmüşdü ki, yazığım gəldi, xəstə adama oxşayır. Üzünə qarğış etdim. Dedi nə edirsiniz edin, mənzilin əvəzinə ayrılan pul artırılmayacaq”.

Günahkar Ilham Əliyevdir!

Ictimai Palatanın üzvü Imamverdi Cəfərov isə bildirdi ki, vətəndaşların hüquqlarını millət vəkilləri müdafiə etməlidir. Azərbaycanda isə xalqın seçdiyi parlament olmadığından vətəndaşlar deputat sarıdan sahibsizdilər: “Biz hədəf kimi yeni parlament seçkilərinin keçirilməsini və demokratik parlamentin formalaşmasını qarşıya qoymalıyıq. Xalqın seçdiyi şəxslər deputat olsalar, mülkiyyəti hüququ pozulan vətəndaşları millət vəkilləri müdafiə edər”.
Mülkiyyət hüququ pozulan Mehman Kərimli isə bəyan etdi ki, o, əsas günahkar kimi hakimiyyətin başında dayanan Ilham Əliyevi görür.
Qarabağ müharibəsi əlili Pərviz Əmrahov isə mənzilinin əlindən alınaraq dağıdıldığını və iki övladı ilə birlikdə çöldə qaldığını bildirdi. O qeyd etdi ki, prezident Ilham Əliyevə bu barədə 20 məktub ünvanlayıb. Lakin hələ cavab yoxdur.

Ictimai Palata üzvlərindən təkliflər

Müsavat Məclisinin katibi Arifə Hüseynli də vətəndaşların mülkiyyət hüququnun pozulduğunu təsdiqləyən faktları açıqladı. AXCP funksioneri Elmira Muradəliyeva isə bildirdi ki, Azərbaycan vətəndaşları təlaş içində yaşayır. Insanlarda hər an evlərinin söküləcəyi qorxusu hökm sürür.
Hüquqşünas Fəxrəddin Mehdiyev, iqtisadçı Məhəmməd Talıblı təklif etdi ki, mülkiyyət hüquqlarının pozulması hallarının araşdırılması və məsələnin ictimailəşdirilməsi üçün işçi qrup yaradılmalıdır.
Hüquq müdafiəçisi Lətafət Məlikoava isə Kürdəmir rayonunda sahibkarların mağazalarının zorla əllərindən alınması, yerinin isə “Bazar” MMC-yə birləşdirilməsindən danışdı.  Mənsur Cəbrayılov, Fəzli Əliyev və iqtisadçı Nemət Əliyev isə Müdafiə Komitəsi yaratmağı təklif etdilər.

Evyıxmanın əsas məsuliyyəti dövlət başçısının üzərindədir

Müdafiə Komitəsinin yaradılmasının tərəfdarı olan Müsavat başqanı Isa Qəmbər mülkiyyət hüququnun fundamental hüquq olduğunu xatırladaraq bildirdi ki, hakimiyyətin vətəndaşları bu hüquqdan məhrum etməsi insanların kasıb yaşamasına, asılı vəziyyətdə qalmasına yönəlik siyasətdir: “Hakimiyyət insanların yaxşı yaşamasını istəmir. Bu evyıxma prosesi həm də korrupsiya, cəzalandırmaq məqsədi güdür. Ölkədə idarəetmənin bərbad olması da bu vəziyyətin ortaya çıxmasının səbəblərindən biridir. Ölkədə bu vəziyyətin yaranmasının əsas məsuliyyəti Ilham Əliyevin üzərinə düşür. Bu hakimiyyət elə vəziyyət yaradıb ki, BMT-də Qarabağ məsələsi müzakirə olunmaq əvəzinə Leyla Yunusun ofisinin dağıdılması mövzusu müzakirəyə çıxır. Hesab edirəm ki, mülkiyyət hüququnun pozulması ilə bağlı Müdafiə Komitəsi yaradılmalı, bütün cəmiyyət mübarizəyə qalxmalıdır”.

Hakimiyyət əhalinin varlanmasını istəmir


Müzakirələrə yekun vuran Əli Kərimli dedi ki, sadalanan bütün problemlərin bir ortaq mənbəyi var, bu da ölkədə olan yarıtmaz idarəetmə, Əliyevçi rejimdir. AXCP sədri bildirdi ki, tikinti sektorunda monopoliya yaranmamışdan əvvəl ayrı-ayrı sahibkarlar əhaliyə normal kompensasiya verir, bu pulla insanlar özlərinə ev alır, normal şərait qura bilirdilər. Amma indi vəziyyət tamamilə başqadır: “Tikinti şirkətlərinin hamısını məhv etdilər, bu sahədə monopoliya yaradıb bildirdilər ki, hə, indi biz özümüz müəyyənləşdirəcəyik sizə nə qədər pul verilməlidir. Bu, sistem məsələsidir, rejim məsələsidir. Hakimiyyət əhalinin varlanmasını, sıravi vətəndaşlarda pul olmasını istəmir”.

Problemlərin kökü birdir, onlarla mübarizədə də bir olmalıyıq!

AXCP sədri təkliflərini də tədbir iştirakçılarına çatdırdı. O bildirdi ki, mülkiyyət hüququ pozulan hər kəs hüquqi müstəvidə mübarizə aparmalıdır. Buna görə də o, cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyətini vacib saydı. Əli Kərimli dedi ki, bu yaxınlara qədər ziyalılarda, hüquq müdafiəçilərində və başqa vətəndaş qurumlarında belə bir illüziya vardı ki, problemlərini fərdi şəkildə, ayrı-ayrılıqda həll edə bilərlər. Lakin zaman göstərdi ki, bu düşüncə yanlışdır, bu cəhdlər iflasla nəticələndi: “Bizim problemlərin hamısının mənbəyi birdir, bir səbəbdən asılıdır. Ona görə də hamılıqla, birgə mübarizə aparmalıyıq. Azərbaycanda mülkiyyət hüququları, o cümlədən bütün hüquqlar o zaman tam bərqərar olacaq ki, bu ölkədə demokratik hakimiyyət qurulacaq. Bunun üçünsə, xalq hamılıqla mübarizəyə qalxmalıdır”.
Əli Kərimli mülkiyyəti əlindən alınanlara, evi sökülənlərə təminat da verdi. Bildirdi ki, demokratik qüvvələrin quracağı Xalq hakimiyyəti hüququ pozulanların mülkiyyətinin əvəzini onlara qaytaracaq.

Vəkillərin peşəkarlığına ehtiyac var

Əli Kərimli təklif etdi ki, mülkiyyət hüquqlarının pozulması probleminin yaşanacağı ehtimal olunan məhəllələrdə icmalar yaradılsın və bu icmalar əhali ilə sistematik iş aparsın. AXCP sədri mülkiyyət problemlərinin həllində vəkillərin də görəcəyi mühüm işlər olduğunu bildirdi və bir statistik məlumatı toplantı iştirakçılarının nəzərinə çatdırdı. Onun sözlərinə görə, Azərbaycandan Avropa Məhkəməsinə göndərilən böyük şikayətlərin 90 faizi düzgün tərtib edilmədiyindən geri qaytarılır. Qəbul olunan 10 faiz işin də 90 faizini hökumət uduzur. “Bu fakt onu göstərir ki Avropa Məhkəməsinə mükəmməl qaydada, lazım olan bütün sənədlərlə müraciət olunsa, qələbələrin sayı artar” deyən Əli Kərimli bu məqsədlə hüquqşünaslarla birgə seminarların keçirilməsini vacib saydı.

Natiq Güləhmədoğlu