Salyanda üsyan (FOTOLAR)

Qərabağlılar kəndinin sakinləri Salyan-Şirvan yolunu bağlayıb

 

Salyan rayonunun ən böyük kəndlərindən biri olan Qarabağlının sakinləri Salyan-Şirvan yolunu bağlayaraq aksiya keçiriblər. Bu barədə qəzetimizə informasiyanı aksiya iştirakçılarından biri verib. Onun sözlərinə görə, təxminən saat 11.00-da başlayan aksiya nəticəsində yol bir neçə saatlıq bağlanıb. Avtomobillərin qarşısı kəsilib və Salyan-Şirvan yolunda böyük tıxac əmələ gəlib.
Əhalinin etirazına səbəb isə son günlər kəndin işıq və qazının kəsilməsidir. İki yüzdən artıq aksiya iştirakçısını əraziyə polis qüvvələrinin cəlb olunması ilə yoldan uzaqlaşdırmaq mümkün olub. Aksiya iştirakçılarına qarşı zorakılıq edilib, lakin saxlanılanlar barədə məlumat yoxdur. Prosesləri rayon rəhbərliyindən Qarabağlılar bələdiyyəsinin sədri Teyyub Həsənov, icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi İlham Muradov izləyir. Sakinlərə problemlərinin çözülməsi ilə bağlı heç bir inofrmasiya verilmir.
Qəzetimizə məlumat verən mənbənin sözlərinə görə, təbii qazın verilməsi yalnız sadə vətəndaşlar üçün dayandırılıb. Hazırda kənddə icra başçısına yaxın olan şəxslərin çörək bişirmə sexləri, istixanaları problemsiz qazla təmin olunur. Qazpulunu vaxtı-vaxtında ödədiklərini və heç bir borclarının olmadıqlarını deyən aksiya iştirakçısı icra başçısı Tahir Kərimovun bilinməyən səbəblərdən Qarabağlılardan qisas aldığını bildirib.

 

İnformasiya şöbəsi