Rus ordusu qurtarır

Rusiyada orduya əsgər tapılmır

Rusiya Federasiyası Ordusunun Baş Qərargah rəisi Nikolay Makarov sensasion bəyanat verib. O, bu bəyanatı prezident yanında Ictimai Palatanın yığıncağında səsləndirib.
Makarov bildirib ki, onlar rus ordusuna əsgər tapmaqda çətinlik çəkirlər. Ordu generalı eyni zamanda, bildirib ki, rus ordusu Qərb ölkələrinin ordularına nisbətən pis silahlanıb: “Məsələn, haqqında çox yazılan T-90 tanklarımızı götürək. Onlar Israil istehsalı olan ”Merkava”lardan geridə qalır. Eyni zamanda, yüksək dəqiqlikli artilleriya sahəsində də Qərb bizdən qabaqdadır”.
General şikayətlənib ki, Qərb ölkələrinin kosmik peyklərinin işləmə müddəti 15 ildir, Rusiyanın 6-8 milyard rubla hazırlanan peyklərinin ömrü isə cəmi 3 ildir. Makarov dünya standartlarına cavab verən ən müasir silahlar alınmasını vacib saydığını bildirib. Rus iqtisadçılar hesab edirlər ki, Rusiya ordusuna büdcədən ayrılan vəsait “qara quyu”ya düşür, bir çox mərhələlər üzrə məxfiləşdirilən büdcə istiqamətlərinə nəzarət etmək mümkün deyil.
Ekspertlər bildiriblər ki, Makarov bu çıxışında hərbi sirrin üstünü açıb. O, məlumat verib ki, rus ordusunun səfərbərlik imkanları cəmi 700 min nəfər və ya 100 briqadadır. General etiraf edib ki, Rusiyada çağırış yaşına çatanların yalnız 11,7 faizini əsgərliyə çağırmaq mümkün olur, qalanları isə xəstəlik və ya digər səbəblərə görə hərbi xidmətdən yayına bilirlər.
Xatırladaq ki, büdcə problemləri üzündən rus ordusunun idarəetmə aparatının həcmi də 51 min nəfərdən 13,4 min nəfərə qədər ixtisar edilib.

Informasiya şöbəsi