«Tibb Universitetinin adının dəyişib Əhliman adına özəl universitet qoymaq lazımdır»
Yusif Hidayətov: «Əhliman Əmiraslanov mənə dedi ki, Heydər Əliyev kimdir ki, onu qarşılamağa gedirsən»
Bu günlərdə ömrünün 41 ilini Azərbaycan Tibb Universitetinin “Tibbi Biologiya və genetika” kafedrasında çalışan, biologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Hidayətov redaksiyamıza müraciət edərək, yaxın vaxtlaradək çalışdığı universitetdəki problemlərdən danışmaq istədiyini söylədi. Y.Hidayətovla söhbətə də elə işdən təqaüdə çıxarılmasına aydınlıq gətirməklə başladıq.
– Təqaüdə göndərilmək universitetinin bir qrup əməkdaşına şamil edilir, bir qrupuna yox. Kim rektora sərf edirsə, onunla əmək müqaviləsi bağlayır, kim sərf etmirsə, müqavilə bağlamır. 88-89 yaşı olan, yeriyə, danışa bilməyənlərlə müqavilə bağlanılır. Çünki qanunlar Tibb Universitetinə şamil edilmir. Canbaxış Nəcəfov işlədiyim kafedraya müdir təyin olunandan sonra orada özbaşnalıq, rüşvətxorluq tüğyan etməyə başladı. Burada müəllimlərin heç bir günahı yoxdur, günahkar yalnız kafedra müdiri və onun əməllərinə göz yumanlardır. Mən belə hallara etiraz etdiyimə görə mənimlə müqavilə bağlamadılar. Buna çox sevinirəm. Çünki Canbaxış kimi rüşvətxorun rəhbərlik etdiyi bir kafedrada işləməyi özüm üçün bir təhqir sayıram. Universitetdə xüsusilə Canbaxış müəllimin rəhbərlik etdiyi kafedrada dərəbəylik hökm sürdüyü üçün mənim təklifim budur ki, universitetin adı dəyişdirilərək Əhliman adına özəl Tibb Universiteti, kafedranın adı isə Canbaxış adına özəl “Tibbi Biologiya və genetika” kafedrası adlandırılsa, daha yaxşı olardı.
– Bu fikrinizə bir az aydınlıq gətirsəydiniz, daha yaxşı olardı.
– Əhliman Əmiraslanov rektor təyin ediləndə, buna çoxlu universitet əməkdaşları, o cümlədən mən də etiraz əlaməti olaraq piket keçirdik. Çünki bir qrup müəllim, o cümlədən mən Əhliman müəllimin xarakteri haqqında məlumatlı idik. H.Əliyev Naxçıvandan Bakıya gələndə mühazirə oxuduğum patokda məni dinləyən 150 nəfər tələbə ilə birlikdə onu qarşılamaq üçün Milli Məclisin qarşısına toplaşdıq. Lakin o həmin gün gəlmədi. Əhliman Əmiraslanov isə məni çağıraraq dedi ki, o kimdir ki, siz onu qarşılamağa gedirsiniz, ona görə də sənə şifahi töhmət verirəm. Maraqlısı nədir? Heydər Əliyev hakimiyyətə gələndən sonra Əhliman Əmiraslanov onu tərifləməyə Xalq Cəbhəsini isə pisləməyə başladı. Heydər Əliyev onun belə hərəkətlərindən yəqin ki, xəbərdar idi. Yadınızdadırsa, Əhliman 50 illik yubileyini qeyd edəndə bir qrup vəzifəli şəxslər o cümlədən baş nazirin müavinini də mərasimə dəvət etmişdi. Həmin hadisəyə mənfi reaksiya verməsi televiziyadada göstərildi. Nazir müavininə dedi ki, o kimdir ki, siz onun yubileyinə toplaşmısınız. Deməli, Əhliman xarakteri haqqında məlumatlı və onu hətta vəzifədən uzaqlaşdırmaq istəyirdi. Dəqiq yadımda deyil, sonralar onu ya Süleyman Dəmirəl, ya da Insan Doğramaçı H.Əliyevdən xahiş etdi və o, fikrindən yayındı.
Kafedra müdirinin pul mənbəyi
– Tibb Universitetinin adının dəyişdirilərək Əhliman adına özəl Tibb Universiteti qoymaq fikrinizi başa düşdük, bəs sizin işlədiyiniz kafedranın adı dəyişdirilib Canbaxış adına özəl “Tibbi Biologiya və genetika” kafedrası adlandırılmasını nə ilə izah edə bilərsiniz?
– Mənim işlədiyim kafedra universitetin ən hörmətli, seçilən kafedrasından biri sayılırdı. Lakin Canbaxış Nəcəfov kafedra müdiri təyin olunandan sonra vəziyyət tamam dəyişdi. O ilk dəfə patokda mühazirə oxuyanda mən bir qrup müəllimlə birlikdə onu dinləmək üçün orada iştirak etdik. Məqsəd də o idi ki, görək onun danışığında hansı yeniliklər var. O isə 45 dəqiqi ərzində yalnız öz həyat fəaliyyətindən danışdı, özünü tərifləməyə başladı. Ikinci 45 dəqiqədə isə biz mühazirəyə gedəsi olmadıq. Belə şeylərə mən dözə bilmədiyim üçün öz iddiallarımı ona bildirdim və işlətdiyim cümlələr də şübhəsiz ona sərf etmədi. Kafedra onun əlində rüşvət mənbəyinə çevrilib. Hətta hər ay bütün kollektivdən 5 manat pul toplayır. Adını da qoyur ehtiyat fond. Lakin həmin pullar hara xərclənir, heç kimə məlum deyil. Baxın, əlimdə rəsmi sənədlər var. Bəzi müəllimlər 1 və 2 qrupa dərs deyir. Bu isə illik dərs yükünün 100 və 200 saatını təşkil edir. Lakin jurnalda illik dərs yükü kimi 500 saat doldururlar. Göstərilən artıq saatları həmin qruplarda ya loborantlar dərs deməklə ödəyir, yaxud da başqa müəllimlər öz qurpları ilə birləşdirərək dərs keçirlər. Həmin müəllimlər əmək haqlarını normal alsalar da, onun 60-80 faizini kafedra müdirinə verirlər. Başqa bir misal, Vasif adlı müəllim uzun müddət idi ki, kafedrada dosent kimi işləyirdi. Səhhətində problemlər olduğuna görə son zamanlar işə çıxmırdı. Canbaxış müəllim demişdi ki, bülleten götürmə, maaşını al, yarı bölək. O da belə etdi, lakin axırda bu haqsızlığa dözə bilmədi, özü ərizə yazıb işdən çıxdı. Bu dediklərim hələ müəllimlərin hesabına kafedra müdirinin mənimsdiyi pullardır.
Dörd müəllim stressdən dünyadan köçüb
– Bəs imtahanlar necə keçirilir?
– Imtahandan xeyli əvvəl qrup nümayəndələrini yanına çağırır və onlara deyir ki, imtahanla əlaqədar nə sözünüz olsa, mənim yanıma gəlin, hər şeyi həll edərik. Bu isə tələbələri arxayın edir, bir qrup tələbə dərs oxumur, imtahan ərəfəsində isə o qədər yüksək məbləğ deyir ki, bu da tələbələri pis vəziyyətdə qoyur. Imtahan ərəfəsində kafedra müdirinin otağı qarşısında növbə düzülür. Kafedra müdirinin bu rüşvtxor hərəkətlərinə bir qrup müəllim dözə bilmədi. Onlar həmişə deyirdilər ki, bu nə oyundur, bizim başımıza gəlir. Mən də dedim ki, çıxın etiraz edin, sözünüzü üzünə deyin, buna cavabda isə deyirdilər k, əşi, nə xeyri var. Belə hal onlarda əsəb gərginliyinə səbəb oldu, son nəticədə isə 1.5 il ərzində 4 nəfər- 2 dosent, 2 baş müəllim gözlənilmədən vəfat etdi. Heç bir kafedrada belə hal baş verməyib. Mən kafedra müdirinin bu hərəkətlərinə dözməyərək, hətta başqa müəllimlərin qarşısında ona dedim ki, siz harada işləmisinizsə, rüşvətxor hərəkətlərinizə görə sizi işdən qovublar, indi isə Tibb Universitetində at oynadırsınız, ayıbdır, utanın. Ona dedim ki, bəzi tələbə oxumur pul verərək yüksək qiymət alır, bu, başa düşüləndir, bəs yaxşı oxuyan tələbəyə aşağı və ya qeyri-kafi yazmaq ayıb deyil.
O isə cavabında barmaqlarını bir-birinə sürtərək, əsas bu lazımdır (yəni pul) dedi. Həm də dedi ki, mən bura elə-belə gəlməmişəm axı, 125 min xərcim çıxıb. Onu çıxarmalıyam ya yox? Bu da onun cavabı. O qısa müddət ərzində bahalı maşın, bağ evi, qızı üçün ev aldı. Bunların hamısı da topladığı rüşvət pulların hesabına. Bir məsələni də xatırladım. Imtahan vaxtı mən koridor ilə gedərkən gördüm ki, dərs dediyim 436-cı qrupdan olan ən yaxşı oxuyan 2 nəfər tələbə ağlayır. Onlara yaxınlaşıb soruşdum ki, nə olub, niyə ağlayırsınız? Cavabında dedilər ki, biz suallara yaxşı cavab verdik, amma bizə “2″ qiyməti yazdılar. Mən imtahan otağına girdim və dedim ki, oxumayan tələbə yüksək qiymət alır, yaxşı oxuyan tələbə isə ”2″ alır, ayıbdır axı, belə şey etməzlər. Düzdür, bütün tələbələrin, müəllimlərin qarşısında mən belə etməməliydim. Ancaq mən belə haqsızlığa dözə bilmədiyim üçün belə hərəkətlər etdim.
– Dediyinizdən belə çıxır ki, Tibb Universitetində tələbə rüşvət verməsə, qiymət ala bilməz. Bu, nə dərəcədə doğrudur?
– Mənim səsləndirdiyim fikirlər bütün kafedralara şamil edilmir. Universitetdə haqqın, ədalətin tərəfdarı olan kafedralar çoxdur. Heç uzağa getməyək. Mənim işlədiyim kafedra “insan anatomiyası” və “Histologiya, embriologiya” kafedraları eyni binada yerləşir. Həmin kafedralarda tədrisin keyfiyyəti yüksək olmaqla yanaşı tələbələr də imtahanlarda obyektiv qiymət alırlar. Yəni Universitetdə yaxşı kafedra da var, pisi də var.
Imtahanlardan kəsilmək üçün yeni “kəşf”
– Sizin işlədyiniz kafedrada tələbələrin çətin duruma düşməsinin səbəbini nə ilə izah edə bilərsiniz?
– Burada səbəblər çoxdur, onların bəziləri haqqında demişəm. Bir məsələni də nəzərinizə çatdırım ki, proqramda olmayan mövzular imtahan bülletenlərinə salınır ki, tələbə də onlara cavab verə bilmir. Baxın bunlar imtahan suallarıdır:
– Hüceyrələrin miqrasiyası
– Hüceyrələrin çeşidlənməsi
– Hüceyrələrin ölümü və ya diferensiyası.
Bu mövzular sonradan “Histologiya və embriologiya” kafedralarında tədris olunacaq. Tələbələr yalnız yuxarı kurslarda oxuyarkən o haqda məlumatlanırlar. Burada əsas məqsəd odur ki, tələbə imtahan suallarına cavab verə bilməsin, rüşvət vermək məcburiyyətində qalsın. Mən belə hallara dəfələrlə etiraz etsəm də, heç bir faydası olmadı.
Universitetdə kitab biznesi
Başqa bir məsələyə də toxunmaq daha yaxşı olardı. Işlədiyim kafedrada praktik məşğələ aparmaq üçün 828, 332, 270 və sair üst-üstə 1650 səhifəlik kitabları çap olunub. Onların da qiyməti üst-üstə 100 manat edir. Kafedra müdiri qruplara gedərək həmin kitabları tələbələrə göstərərək, deyir ki, bu kitabların hamısını alıb oxumalısınız.
Əks halda, imtahan zamanı qiymət ala bilməyəcəksiniz. Növbəti ildə yeni qəbul olunmuş tələbələrdə əgər həmin kitablar varsa, onları oxumaq qadağan olunur. Mütləq yenisini almalıdırlar. Məqsəd isə pul toplamaqdır.
– Belə çıxır ki, təhsilin səviyyəsini yaxşılaşdırmaq mümkün deyil?
– Mümkündür, bu şərtlə ki, həmin məsələyə rektorluq bilavsitə nəzarət etsin. Çox təəssüf ki, bu sıfır dərəcəsindədir. Görürsünüz, televiziyalarda tez-tez səsləndirilir ki, filankəs müalicə və cərrahiyyə əməliyyatı üçün Irana, Türkiyə, Rusiyaya və digər Avropa ölkələrinə getmək məcburiyyətində qalıb. Bəs imkansızlar neyləsin?
Elə isə Əhliman Əmiraslanovdan soruşmaq lazımdır ki, bəs Tibb Universiteti nəyə görə fəaliyyət göstərir, onu bağlamaq daha yaxşı olardı.
Kafedra müdirinin təklifini rədd etdim
– Siz dediniz ki, kafedrada tələbələrə məcburən kitab satılır, bəs müəllifi siz olan əsas dərslik kitablarının satışı nəyə görə qadağandır?
– Mən çoxlu miqdarda kitablarımı Universitetin kitabxanasına hədiyyə etmişəm. Tələbələr də lazım olanda oradan götürüb, oxuyurlar. Lakin Canbaxış müəllim kafedraya müdir təyin olunandan sonra mənə dedi ki, onun adı birinci olmaq şərti ilə nəşr etdirək satışı isə onun boynuna, burada xeyli pul qazanmaq olar. Mən buna razılıq vermədim, çünki mən onun kimi pul düşkünü deyildim. Əvəzində isə o, qruplara girərək tələbələrə deyirdi ki, bu kitablardan istifadə etməyin. Mənim 70-dən çox elmi əsərim çapdan çıxıb ki, onların da beşi monoqrafiyadır. 1994-cü ildə nəşr olunan “Biosferin çirklənməsi və onun insan orqanizminə təsiri” adlı kitabıma görə 1996-cı ildə medal, diplom və pul mükafatı almışam.
Kür suyunu nəinki içmək, onunla çimmək də zərərdir
– Həmin kitabınız nədən bəhs edir?
– Kitabda yazılanlar ətraf mühütün, yəni havanın, suyun, torpağın çiçklndirilməsi və onun insan orqanizminə göstərdiyi mənfi təsirdən bəhs edir. Özünüz görürsünüz ki, ağacları necə kəsib məhv edirlər. Bir ədəd orta gövdəli ağac bir gündə orta hesabla 64 adamın nəfəs alması üçün oksigenl verir. Neçə illərdir ki, yanğın nəticəsində meşələr külə dönür. Təkcə 2011-ci ilin isti yay günlərində dünyada 100 minlərlə hektar meşə sahəsi yanaraq küllə döndü. Bu isə 100 milyonlarla insanın nəfəs alması üçün oksigendən məhrum olması deməkdir. Belə hallar sonrakı illərdə daha da sürətlənəcək. Oksigen çatışmamazlığı müxtəlif xəstəliklərin yaranmasına, insanın psixoloji durumunun pozulmasına səbəb olur. Ermənistanda atom elektrik stansiysı fəaliyyət göstərir. Oradakı zəhərli tulantılar Oxçu çayı vasitəsilə Araza axıdılır. O da Kür çayı ilə birləşməsindən sonra biz də ondan içməli su kimi istifadə edirik. Amerikan alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum oldu ki, Kür-Araz çaylarından axan suyun 97 faizi hətta insanın çinməsi üçün ziyandır. Amma biz ondan içmək üçün istifadə edirik. Bu və başqa fəsadları nəzərə alaraq mən həmin kitabımda bir qrupp insanları vəhşi heyvan adlandırmışam.
Bu fikir isə narazılığa səbəb oldu, son nəticədə məni Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəvət etdilər. Mən öz çıxışımdan insanın ətraf mühitə vurduğu ziyanı və bunun hansı fəlakətlərə səbəb olacağını iştirakçıların nəzərinə çatdırdım və bundan sonra zalda alqışlar səsləndi və beləlikl bir qrup insanı vəhşi heyvan adlandırmağım öz təsdiqini tapdı və buna görə də mən mükafatlandırıldım.
Hikmət