O, aldatmadığını deyir, zərərçəkənlər isə onun 90 mənzili 250 nəfərə satdığını…
“Şərur” MTK-nın sədri Isfəndiyar Axundov redaksiyamıza məktub göndərib. Qəzetdə haqqında yazılan materiallara iradını bildirən MTK sədrinin söylədiklərini təqdim edirik:
“Qəzetinizin 04.11.2011- ci il sayında sədri olduğum ”Şərur” MTK-nın fəaliyyəti barədə böhtan, şantaj, təhqir xarakterli məqalə çap olunub. Məqalədə mənim “Kamran B.Ə” MMC-dən altı milyon manat pul mənimsədiyim göstərilib. Mənim “Kamran” MMC ilə heç bir əlaqəm yoxdur. Mən həmin cəmiyyətin təsisçisi və işçisi deyiləm. Bunu dəqiqləşdirmək üçün Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə sorğu göndərə bilərsiniz. Bugünlərdə “Kamran” MMC tikinti şirkəti tərəfindən aldadılan payçılar və əməkdaşınız da qəzetinizə mənim barəmdə böhtan xarakterli məlumat verib. Əməkdaşınızın adını göstərdiyi “Kamran” MMC-nin payçıları aldadan təsisçisi Ələkbər Babayev, direktoru German Hüseynov, tikinti nəzarətçisi və satış üzrə menecer Süleyman Əliyev, qanuni təmsilçi Rauf Nağıyev barəsində Baş Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi qaldırılıb, barələrində həbs-qətimkan tədbiri seçilib.
Qəzetinizin barəmdə yaydığı böhtan, təhqir xarakterli məlumatlar işgüzar nüfuzuma xələl gətirib, şərəf-ləyaqətimi alçaltmış, 2000-ci ildən yeganə sədri olduğum “Şərur” MTK-nın reytinqinə təsir edib. Xahiş edirəm ki, qəzetinizin növbəti sayında yaydığınız yalan məlumatlar barədə təkzib verəsiniz. Əks təqdirdə məhkəməyə müraciət edəcəm”.
“Azadlıq”dan: Sözügedən məktubda yazılanlarla bağlı hüquqşünas Ələkbər Məmmədovun məsələyə münasibətini öyrənməyi vacib bildik. Ələkbər bəyin açıqlamasına görə, qəzetin yazdığı faktlar deyil, MTK sədrinin özünün söylədikləri yalandır. Belə ki, bu faktların arxasında aldadılan şəxslər dayanır və onlar “Şərur” MTK sədri tərəfindən aldadıldıqlarını təsdiqləyə bilər. Həmin sakinlərin şikayəti əsasında da yazılar hazırlanaraq dərc edilib: “Sakinləri aldadan MTK-nın törəmə şirkətlərinin fəaliyyəti barədə danılmaz faktlar var. Onların araşdırmasına görə ”Orxan”, “Şərur”, “Şaiq” şirkəti dolayısıyla I.Axundova bağlanır. Yəni şirkətləri onun qohumları işlədir. Istənilən vaxt sakinlər I.Axundovun üzünə dura bilər. Həmin firmalar birbaşa olmasa da, dolayısıyla I.Axundova aiddir. Aldadılan vətəndaşların fakt-sübutunu necə danmaq olar?”.
Biz hüququ tapdanan şəxslərlə də əlaqə yaradaraq I.Axundovun sözügedən məqalədəki yalan, böhtan məsələsinə aydınlıq gətirdik. Həmsöhbət olduğumuz insanlar I.Axundov tərəfindən aldadıqlarını söyləyərək məzil hüququndan məhrum olduqlarını dedilər. Məsələnin ən maraqlı tərəfi isə, sakinlərin qeyd etdiyi kimi, az bir vaxtda 90 mənzilin 250 nəfərə satılmasıdır. Bu, I.Axundovun əməllərindən biridir ki, yəqin onu danmaq da MTK sədrinin məktubunda yazdığı kimi çətin olmaz.
Sosial şöbə