Qəzzafinin məhvində kəşfiyyatın rolu

Uilyam Hoque:“Liviyada rejimin devrilməsində kəşfiyyat sistemi rol oynayıb”

İngiltərənin xarici işlər naziri Uilyam Hoque Liviyada 42 illik Müəmmər Qəzzafi rejiminin devrilməsi, əldə olunan hərbi və diplomatik uğurlarda kəşfiyyat sisteminin mühüm rol oynadığını bildirib. Nazir İngiltərənin “MI 6” kəşfiyyat xidməti başda olmaqla, digər ölkələrin xüsusi xidmət orqanlarının qlobal imkanlarından istifadə edərək Qəzzafiyə bağlı qüvvələrin uğurlarını öncədən öyərndiyini və planlaşdırılan terror aktlarının qarşısını aldığını söyləyib.

Hoque Breqa, Misrata və son olaraq paytaxt Tripoli ilə əlaqənin kəsilməməsində, orada baş verənlər haqda məlumatların öyrənilməsində casus şəbəkəsinin əhəmiyyətli rol oynadığını da vurğulayıb. İngilis nazir casusların əhəmiyyətli siyasi fiqurların müəyyənləşdirilməsi, müxaliflərlə təmas qurulmasında və hərbi-siyasi kəşfiyyatın təmin edilməsində çalışdıqlarını bildirib. Nazir “MI 6”nın Qəzzafiyə tabe olan silahlıların Liviya Milli Keçid Şurası liderlərini və Qərb diplomatlarını hədəf alan hücumlarını öncədən ortaya çıxardığını və bunların qarşısının alındığını qeyd edib.